“27 sentyabr milli yaddaşımızın təzələnməsi baxımından çox önəmli tarixdir” - ŞƏRH EDİLDİ

“27 sentyabr bizi tarixi zəfərə götürəcək 44 günlük müharibənin başlandığı gündür. Məhz 27 sentyabrdan başlayan müharibə Azərbaycan dövlətçilik və hərbi-siyasi tarixində son 200 illik güc balansını dəyişərək milli dövlətçiliyimizi tamamilə yeni bir inkişaf mərhələsinə çıxartdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqını 200 il davam edən məğlubiyyətlər silsiləsindən qurtararaq qalib xalq statusuna daxil etdi: “Azərbaycan xalqının milli qüruru, ləyaqətini özünə qaytardı. Şübhəsiz ki, bu tarixi mübarizəmizdə Azərbaycanın qəhrəman övladları şəhid, qazi oldular. Buna görə də Azərbaycan Prezidentinin sərəncamı 27 sentyabr məhz bütün şəhidlərimizin anım günü kimi müəyyənləşdirildi. Bu sadəcə təqvim günü deyil, yüz illər keçsə də 27 sentyabr tarixi Azərbaycanda anım günü kimi qeyd ediləcək. Həmçinin bu tarixdə Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında qalması daha sonra isə Azərbaycan ordusunun güclənməsi və keçdiyi zəfər yolunu hər zaman xatırlayacağıq. Buna görə də bu tarix milli yaddaşımızın təzələnməsi baxımından çox önəmli tarixdir.

Azərbaycan Prezidenti VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı qeyd etdi ki, Azərbaycana münasibətdə kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirməyin çox sadə formulası var. Bu bizim suverenliyimizə münasibətdə də bəlli olur. Azərbaycanın suverenliyini qəbul edən dostumuzdur. Bu baxımdan da 27 sentyabr tarixi və oradan başlanan, yazılan yeni tarix bizim üçün çox böyük əhəmiyyətə malikdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə