“Azərbaycan kifayət qədər sürətli şəkildə müdafiə sənayesini inkişaf etdirir“ - EKSPERT ŞƏRH ETDİ

“Azərbaycan Vətən müharibəsində əldə etdiyi döyüş təcrübəsindən irəli gələrək bu dəfə "ADEX 2024" Beynəlxalq Müdafiə sərgisində kifayət qədər çox sayda müxtəlif silah və silah sistemlərini ictimaiyyətə təqdim etdi. Bunların arasında zirehli vasitə üzərinə quraşdırılan lazer silahını, snayper tüfəngini, pulemyotları, suüstü dronları, zirehli personal daşıyıcılarını, zirehli sanitar maşınları, pilotsuz vasitəsiləri və bir digər avadanlıq, vasitələri nümunə olaraq göstərmək olar”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, hazırda silah bazarında mövcud olan qıtlığı aradan qaldırmaq üçün Azərbaycan kifayət qədər sürətli şəkildə müdafiə sənayesini inkişaf etdirir: “Təqdim olunan silahlara bir çox xarici nümayəndələr tərəfindən ciddi maraq göstərilir. Bir neçə müxtəlif şirkətlər Azərbaycanın həm ilk dəfə, həm də daha əvvəl təqdim etdiyi vasitələrlə maraqlanırlar.

Digər tərəfdən isə Azərbaycan müdafiə sənayesi sahəsində özəl şirkətlərin iştirakı üçün kifayət qədər münbit şərait yaranıb. Silahların böyük bir hissəsi məhz özəl şirkətlərə aiddir. Sərgi çərçivəsində bir çox xüsusi texnikaların alınması ilə bağlı müqavilələrin imzalanması mərasimi baş tutdu. Azərbaycan hazırda Türkiyə ilə birgə istehsal sahəsində kifayət qədər ciddi addımlar atır. Dünyanın ilk 100-nə daxil olan silah bazarının nəhəng şirkətləri Azərbaycanla bu sahədə yaxından əməkdaşlıq edirlər.

Ümumilikdə sərgi kifayət qədər silah assortimentinə malik idi və burada ən geniş təmsil olunan isə qardaş Türkiyənin şirkətləri idi. Sərginin Azərbaycanın silah ixrac potensialına kifayət qədər müsbət təsir etməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə