“Parlament nümayəndələrinin fəaliyyət mexanizmləri bir qədər də genişlənməlidir” - ŞƏRH OLUNDU

“Cənab Prezident İlham Əliyev VII çağırış Milli Məclisin açılış iclasında çox mühüm məsələlərə toxundu və proqramla xarakterli çıxışı ilə yadda qaldı. Xüsusilə diqqət çəkən məsələ ölkəmizin təhlükəsizliyinə diqqətin ayrılması və təhlükəsizlik, müdafiə xərclərinə bundan sonrakı illərdə də artımın müşahidə olunması idi. Hələ ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi yoxdur. Ermənistan sülhdən boyun qaçırır, sülh istiqamətində vahid mövqe formalaşdırmır, Azərbaycanın tələbləri yerinə yetirilmir. Bu xüsusda daim Azərbaycan öz milli maraqlarına, təhlükəsizlik sisteminin gücləndirilməsinə diqqət ayıracaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, yeni geosiyasi reallıqlar şəraitində həm keçmiş məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz doğma yurdlarına qayıdışının təmin olunması, həm bölgədə aparılan quruculuq işləri, həm də ordunun daha da gücləndirilməsi önəmlidir: “Ötən ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli anti-terror tədbirləri ilə ölkəmizin suverenliyi təmin olundu və ölkəmizin bütün ərazilərində ilk dəfə idi ki, Prezident və parlament seçkiləri keçirilirdi. Bu baxımdan yeni parlament qarşısında da mühüm məsələlər dayanır. Parlament nümayəndələrinin fəaliyyət mexanizmləri bir qədər də genişlənməlidir.

Cənab Prezident tezis şəklində bir sıra mühüm məsələləri qeyd etmişdir. Bu xüsusda ideoloji sahədə olan qarşıdurma, ölkəmiz əleyhinə olan təhdidlər geniş xarakter daşıyır. Burada gənclərin üzərinə böyük vəzifə düşür və ideoloji təhlükəsizliyin təmin edilməsində gənclər yad təsirlərin altına düşməməlidirlər. Sərhədlərimizin qorunması, möhkəmlənmə də mühüm əhəmiyyət kəsb edir. Çünki təxribat ehtimalları da var, Ermənistan havadarlarının dəstəyi ilə silahlanır. Bu baxımdan Azərbaycan üçün bölgədə sülh, təhlükəsizliyin qorunması çox vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə