"27 sentyabr hərb tarixində öyrəniləcək bir səhifə olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"27 sentyabr tarixi Azərbaycanın şanlı tarixidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, illər ötəcək, əsrlər keçəcək, Azərbaycanın bu tarixi hər zaman qürurla təkcə Azərbaycanda deyil, bütün türk dünyasında qeyd ediləcək: "Ona görə ki, 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisində separatizmə son qoymaq üçün hərəkətə keçdi. Azərbaycanın igid və qəhrəman oğulları ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün düşmən təxribatına qarşı hərəkətə keçdilər. Beləliklə biz 27 sentyabrı hər il böyük hörmətlə xatırlayırıq və anırıq. Əlbəttə, 44 günlük Zəfər tariximizin başlanğıcı olan 27 sentyabr bizim üçün müqəddəs şəhidlərimizin canını qurban verdiyi tarix kimi yadda qalacaq. Onların canı və qanı hesabına biz düşməni ərazilərimizdən uzaqlaşdırdıq. Düşmənə havadarlıq edən həm keçmiş SSRİ məkanında olan ölkələr, konkret olaraq Rusiya Federasiyası, o cümlədən Qərb dövlətləri üçün də çox böyük gözlənilməz addım oldu. Amma nə olur-olsun biz bu gün 27 sentyabrı böyük qürurla anırıq. Çünki 30 ilə yaxın müddətdə bəzi dövlətlər ərazimizin bütövlüyünü təmin etmək üçün danışıqlar yolu ilə nə qədər işlər görürdülər. Əslində onlar vaxt uzatmaqla məşğul idilər. Məsələ həll olunandan sonra da bəzi dövlətlər hələ də özlərini qeyri-səmimi aparırlar, Ermənistanı silahlandırırlar, Ermənistanı revanşist hisslərə sövq edirlər. Amma bunların hamısı əbəs işlərdir və mənasızdır".

"Düşünürəm ki, bundan sonra heç vaxt Azərbaycan ərazisində hər hansı bir separatizm və parçalanma meyllərinə düşmək istəyən qüvvələr olmayacaq. Olsa, onlar dərhal məğlubiyyətə uğrayacaqlar. 27 sentyabr çox dövlətlər üçün hərb tarixində öyrəniləcək bir səhifə olacaq. Bunu belə dəyərləndirib qiymətləndirirəm. Bundan sonra da ordumuzu, silahlı qüvvələrimizi gücləndirməliyik. Ən zəruri olan müasir texnika, silah-sursatı almalıyıq. Bu dəqiqələrdə Bakıda keçən 2024 Hərbi-texniki sərgidə də ən müasir, yeni silah-sursatlar nümayiş olunur. Azərbaycanın öz və birgə istehsalı olan hərbi təyinatlı məhsullar da nümayiş olunur. Əlbəttə ki, bütün bunlar bizə qürurla deməyə əsas verir ki, bundan sonra silahlı qüvvələr və ordumuz istənilən düşmənin, təxribatının qarşısını almağa hər zaman hazır olacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə