“Prezidentin çıxışı gələcək fəaliyyət üçün mükəmməl yol proqramıdır” - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdəki çıxışını gələcək fəaliyyət üçün mükəmməl yol proqramı adlandırmaq olar. Çünki bu çıxış reallıqları əks etdirməklə bu günün və gələcəyin tələblərini özündə ehtiva edir. Cənab Prezidentin çıxışına müdafiə qüdrətimizin möhkəmlənməsindən başlaması təsadüfi deyil. Çünki otuz il işğal altında qalan torpaqlarımızın taleyi 44 günlük müharibədə qazandığımız tarixi qələbə, 23 saatlıq antiterror tədbirləri zamanı düşmənin başının əzilməsi və separatçıların Azərbaycan torpaqlarından ayağının kəsilməsi bu qənaətə gəlməyə imkan verir. Ölkə başçısı bir daha xatırlatdı ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bunun üçün büdcədən kifayət qədər maliyyə vəsaiti ayrılır, bundan sonra da sözügedən sahə daimi diqqət mərkəzində olmalıdır. Çünki güc olmadan, güclü ordu yaradılmadan, müdafiə təşkil edilmədən ölkənin suverenliyini qorumaq, müstəqilliyini təmin etmək mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, dövlət rəhbərinin gəldiyi qənaət odur ki, biz məhz müdafiə qüdrətini artırmaqla, birliyimizi təmin etməklə, güclü ordu yaratmaqla tarixi qələbəni təmin etmiş olduq: “Bu günün reallığıdır. Əlbəttə ki, otuz il işğal altında qalan torpaqlarda güclü istehkamlar yaratmış erməni faşistlərinə qalib gəlmək üçün mütləq güclü ordu lazım idi. Ölkə rəhbərinin uzun illər bu sahəyə yönəltdiyi qayğı və diqqət son nəticədə özünü aydın göstərdi. Dövlət başçısının müdafiə qüdrətinin möhkəmləndirilməsi ilə əlaqədar söylədiyi fikirlər və bundan sonra da bu sahəyə diqqətin ayrılması ilə əlaqədar verdiyi mesajlar dünyaya çağırışdır. Eyni zamanda Azərbaycana qarşı yönəldilmiş məkrli niyyətlərin qarşısının alınmasına cavabdır.

Dövlət başçısı öz çıxışında bildirdi ki, biz qalib olmağımıza baxmayaraq, hər zaman sülhün tərəfdarıyıq və Ermənistanla sülh müqaviləsinin bağlanmasının təşəbbüskarı məhz bizik. Ancaq təəssüflər olsun ki, Ermənistan çağırışlarımıza hələ də konkret cavab vermir. Onlar xarici havadarlarına arxalanaraq, Qərbdən, Avropa ölkələrindən silah almaqla özlərinin ordusunu yenidən qurmağa çalışır və sülhü ləngidirlər. Bu yolverilməzdir və Ermənistanı silahlandıranlar bir daha 44 günlük müharibənin, 23 saat davam edən antiterror tədbirlərinin nəticələrindən lazımi dərs almalıdırlar. Müharibə Azərbaycanın birliyini, xalqın mübarizliyini bir daha ortaya qoymuş oldu. Ölkə rəhbərliyi sayəsində qazanılmış tarixi qələbə dünyaya göstərdi ki, Azərbaycan xalqı mübariz xalqdır, ordumuz güclüdür, vətəndaşlarımız birdir və öz torpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır.
Cənab Prezident ordunun möhkəmlənməsində, inkişafımızın təmin edilməsində hər bir vətəndaşın roluna yüksək qiymət verərək bildirdi ki, biz Vətən üçün vətənpərvər, cəsarətli, mətin insanlar yetişdirməliyik. Hər bir şəxs bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır. Bu sözləri ölkə rəhbəri Qarabağ Universitetindəki çıxışında da bir neçə dəfə xatırlatmışdı. Dövlət başçısı bildirmişdi ki, biz milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar yetişdirməklə ölkəmizin inkişafını təmin etmiş olarıq. Bugünkü gənclər bizim qələbələrdən dərs çıxarmalı, onlar xarici təsirlərə uymamalıdırlar. Belə olan halda təbii ki, yeni uğurlara imza atmaq mümkün olar.

Prezidentimiz öz çıxışında iqtisadi inkişafa da diqqət yetirməklə bildirdi ki, Azərbaycan iqtisadiyyatı son illər özünün sürətli inkişaf yolundadır. Bütün sahələrdə yaxşı nəticələr əldə edilib. Əldə olunmuş nəticələr büdcə gəlirlərinin artırılması, istehsalın sürətinin təmin edilməsi bilavasitə sosial məsələlərin həllinə, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilib.

Bu gün qarşıda duran ən başlışaca vəzifələrdən biri də işğaldan azad olunmuş ərazilərdə təmir-bərpa işlərinin sürətləndirilməsidir. Ölkə rəhbəri əyani faktlara misal gətirərək bildirdi ki, son illər ərazilərdə bərpa-quruculuq işlərinə 19 milyard manatdan çox vəsait sərf edilib. Ancaq bundan sonra da görülən işlər sürətləndirilməlidir. Yeni yollar çəkilməli, tunellər qazılmalı, abadlıq və tikinti işləri sürətli formada həyata keçirilməlidir.

Ölkə rəhbəri Ermənistanın bugünkü vəziyyətinə də diqqəti cəlb etmiş, aydın mesajlar vermişdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistanı silahlandıranlar gələcək nəticələr üçün məsuliyyət daşıyırlar. Azərbaycan heç bir ölkənin təsirinə məruz qala bilməz. Ancaq bu gün Ermənistanın silahlandırılması, orada xarici ölkələrdən gətirilən insanların təlim keçmələri heç bir nəticə verməyəcək. Bu əslində sülhün bağlanmasına bir maneədir. Əlbəttə ki, bu maneəyə səbəb olanlar Ermənistanı silahlanmağa cəlb edənlər gələcəkdə bu məsələlər, törədilmiş faciələr haqqında mütləq cavab verməlidirlər.

Azərbaycan Prezidenti çıxışı zamanı nəinki deputatların, ölkənin inkişafı, gələcəyi üçün hər bir vətəndaşın qarşısında duran vəzifələrin aydın proqramını göstərmiş oldu. Bu çıxış və ölkə rəhbərinin fikirləri hər birimiz üçün fəaliyyət proqramı olmalıdır. Biz qürur duymalıyıq ki, ölkə rəhbərinin də dediyi kimi bu gün ölkənin tam suverenlik qazandığı gündə, bayramlarımızı sevinclə qeyd etdiyimiz vaxtda yaşayırıq. Sözsüz ki, gələcək uğurlarımızın təmin olunması hər bir vətəndaşın fəaliyyət, məsuliyyət, vətənpərvərliyi, öz işinə, torpağa, xalqa sədaqətindən asılıdır. Cənab Prezident İlham Əliyevin söylədikləri məhz ali məqsədlərə xidmət etmək, gələcək uğurlara daxil olmaq, Azərbaycanı ucaltmaq və tanıtmaqdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə