"Seçkilər Gürcüstan dövlətinin taleyi üçün olduqca ciddi əhəmiyyət daşıyır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Gürcüstandakı seçkilər Gürcüstan dövlətinin taleyinə ciddi təsir edəcək əsas siyasi hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, gələn ayın 26-da keçiriləcək bu seçkidə faktiki olaraq ölkənin gələcəyi müəyyən ediləcək: "Ölkənin hazırkı kursu davametdirmə xətti dəstəklənəcək, yoxsa daha qərbpərəst qüvvələrin hakimiyyətə gəlməsi real olacaq? Hal-hazırda hakimiyyətdə olan "Gürcü arzusu" koalisiyası daha çox müstəqil siyasət yürütməklə Rusiya ilə olan münasibətləri də bərpa etməyə çalışır. Bu da Qərbdə müəyyən əsəbi vəziyyət yaradır.
Məhz bu baxımdan son bir ildə Gürcüstan hakimiyyəti ilə Qərb arasında münasibətlərdə ciddi şəkildə zədələnmə var. Bu ziddiyyətlərin kökü Rusiya-Ukrayna savaşının başlandığı dövrə təsadüf edir. O zaman Qərb tərəfdən Gürcüstana təlqin olunurdu ki, onların vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açılsın, Gürcüstan hökuməti buna getmədiyi üçün Qərblə münasibətlərdə müəyyən gərginliklər yaşanmağa başladı. Hal-hazırda da bu davam etməkdədir. Bu baxımdan gələn ay keçiriləcək seçkilər Gürcüstan dövlətinin taleyi üçün olduqca ciddi əhəmiyyət daşıyır. Bu seçkilər Gürcüstan dövlətinin gələcəkdə hansı siyasi vektora yönələcəyini müəyyən edəcək seçkilər kimi yadda qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə