"Hərbiçilərimizin hərbi əməliyyatlara başlaması böyük səs-küyə səbəb oldu" - MÜNASİBƏT BİLDİRİLDİ
"19-20 sentyabr 2023-cü ildə səhər saatlarında Qarabağda Azərbaycan ordusuna qarşı erməni silahlı birləşmələrinin təxribatının qarşısını almaq üçün əməliyyat başladı". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, Azərbaycan silahlı qüvvələri üzərlərinə düşən öhdəliyi qısa zamanda yerinə yetirmək üçün Ermənistandan gətirilmiş hərbiçilərə qarşı xeyli bilik və bacarıq nümayiş etdirərək qısa zamanda bu məsələni həll etdilər: "Xocavənddə baş verən mina partlayışı, Azərbaycan hərbiçilərinin orada hərbi əməliyyatlara başlaması çox böyük səs-küyə səbəb oldu. Amma bütün bunlara baxmayaraq Azərbaycan məcburiyyət qarşısında qalıb separatçıları ərazisindən təmizləmək üçün antiterror əməliyyatı keçirdi. Bir sutka ərzində baş verən antiterror əməliyyatları zamanı Azərbaycan ordusunda əsgər və zabitlərdən şəhid olanlar oldu. O cümlədən Daxili İşlər Nazirliyinin polis əməkdaşlarından da 9 nəfər antiterror əməliyyatını həyata keçirərkən həyatını itirdi. Bir sözlə, erməni təxribatının birdəfəlik qarşısını almaq, separatizmi Azərbaycan ərazisindən yığışdırmaq üçün biz bu addımı atmağa məcbur olduq. Baxmayaraq ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirilmişdi. Onlar üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirdilər. Bəzi hallarda separatçılara açıq şəkildə dəstək olurdular, onlara silah-sursat, mina daşıyırdılar. 2021-ci ildə Ermənistan istehsalı olan xeyli minaları biz ərazilərimizdə bu gün də təmizləməkdə davam edirik. Erməni qüvvələrinin say tərkibinə baxanda oradan təkcə Ermənistandan, yaxud da, keçmiş Dağlıq Qarabağdan deyil, o cümlədən kənardan gətirilən muzdlulara da rast gəlinirdi. Hətta həyatını itirənlər, əsr düşənlər arasında da başqa dövlətlərdən olan erməni millətindən olan şəxslər var idi".
"19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı tarixə düşüb. Bu, Qarabağda keçirilən döyüşlər içində ən yaddaqalanı, ən önəmlisidir. Bu toqquşma da Ermənistan ordusunun ağır məğlubiyyəti ilə nəticələndi. Bununla da Azərbaycan bütün ərazi boyu öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməyə nail oldu. Bu gün həmin ərazilərdə quruculuq işləri həyata keçirilir. Dünən Laçından olan ailələr öz doğma ata-baba yurdlarına köçdülər. Ondan bir həftə əvvəl Şuşadan olan soydaşlarımız davamlı şəkildə oraya köçürüldü. İl ərzində də insanlarımız həmin antiterror əməliyyatından sonra azad edilmiş ərazilərdə məskunlaşacaqlar və rahat, firavan həyatlarını yaşamağa davam edəcəklər" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə