Yüksək səviyyəli siyasi təmaslar

“Prezident İlham Əliyev İtaliyaya səfəri çərçivəsində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında vacib məsələlərdən bəhs edib. Azərbaycan və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyətində 10 il öncə əldə edilən Birgə Bəyannamənin mahiyyətinə istinad olunub. Hazırda iki ölkə arasında əməkdaşlığın bir çox sahələri əhatə etdiyi bildirilib. Azərbaycanla İtaliya arasında yüksək səviyyəli siyasi təmasların mahiyyəti önə çəkilib. Prezident çıxışında Azərbaycanın İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısı olduğunu bildirib. Eyni zamanda İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğu vurğulanıb”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib.

O, qeyd edib ki, milli təhlükəsizliyin ayrılmaz parçası olan enerji təhlükəsizliyi məsələsində hər iki ölkə sıx əməkdaşlığa malikdir: “Dövlətimizin başçısı Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini bildirib. Bu, bir reallıqdır ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Məhz bu kontekstdə Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Sözsüz ki, Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə iş aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Bu amil əməkdaşlığın şaxələndirilməsinin bariz nümunəsidir. Eyni zamanda İtaliyanın beş aparıcı universiteti Azərbaycandan olan tərəf müqabilləri ilə müştərək əməkdaşlıq edir ki, bu da gələcək addımlar üçün mühüm əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulub. Prezident qeyd edib ki, bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir. Cənab İlham Əliyev çıxışında, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini də diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam edirdi. ATƏT-in Minsk Qrupu isə 28 il ərzində bu məsələdə heç bir addım atmağa nail olmayıb. Əslində bu reallıq ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüququn kifayət etmədiyini bir daha təsdiq edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi dövlətimizin başçısı tərəfindən Forum iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd edildi ki, bununla da Azərbaycanın suveren ərazisində separatizmə birdəfəlik son qoyuldu. Azərbaycanın hazırda regionda daimi sülhün əsas təşviqedici faktoru kimi çıxış etdiyi də Forumda önə çəkilib. Prezident bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədlərin delimitasiya prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyası özü belə düzgün istiqamətdə atılan addımdır”.

Sevinc Hüseynova bildirib ki, COP29 kimi mötəbər beynəlxalq tədbirə Azərbaycanın ev sahibliyi etməsinin önəmi İtaliyadakı Forumda bir daha diqqətə çatdırılıb: “Ölkəmizdə bu mötəbər tədbirin digər tədbirlər kimi yüksək səviyyədə təşkili ilə bağlı ardıcıl proqram xarakterli işlər uğurla davam edir. 200-yə yaxın ölkənin iştirak edəcəyi COP29 beynəlxalq tədbiri Azərbaycanın qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulmasında önəmini artırmış olur. Azərbaycanın COP29 tədbirlərini də ən yüksək təşkilatçılıq və təhlükəsiz şəraitdə keçirəcəyinə əminlik mövcuddur. Bundan öncə, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik edib. Bu təsisata ölkəmizin sədrliyi dövründə olduqca mühüm nəticələr əldə edilib. Bütün bunlarla yanaşı, Azərbaycan hər zaman sülh və əməkdaşlıq tərəfdarıdır. Bu xüsusda ölkəmiz hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin başa çatmasında da özünün sülh təşəbbüslərini ortaya qoymağa hazır olduğunu bəyan edib. Sözsüz ki, Azərbaycan dünyada aparıcı beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara uyğun olaraq əməkdaşlıq edir. Azərbaycan 2001-ci ildə üzv olduğu Avropa Şurası ilə ötən dövrdə normal təmaslar qurub. Sözsüz ki, zaman-zaman Azərbaycana qarşı Avropa Şurası Parlament Assambleyasının qərəzli və birtərəfli yanaşmaları da olub. Dövlətimizin başçısı Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan özünün suverenliyini tam şəkildə bərpa etdikdən bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası ölkəmizin nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Prezident açıq şəkildə bəyan edib ki, bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi: “Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq”. Azərbaycanla münasibətləri yenidən bərpa etmək üçün ölkəmizin nümayəndə heyətinin Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyətinin bərpa edilməli olduğu qeyd olunub”. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə