PREZİDENT İLHAM ƏLİYEV: "Biz özümüzü tam təmin edən ölkəyik"
"Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik". Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Prezident güclü ordu, iqtisadi inkişaf və cəmiyyətin vahid ideya ətrafında birləşməsini müstəqil xarici siyasəti təmin edən komponentlər kimi dəyərləndirir. Azərbaycan Prezidentinin söylədiyi fikirlər, xüsusilə də son 21 ildə ölkəmizin istər region, istər beynəlxalq səviyyədə etdiyi əməkdaşlıq, apardığı siyasət çox açıq şəkildə özünü göstərdi. Azərbaycan bütün dövrlərdə bu prinsipləri qoruyub və beynəlxalq birlik tərəfindən etibarlı tərəfdaşı kimi qəbul edilməsi də çox vacibdir.
"MƏN 20 İLDƏN ÇOXDUR Kİ, PREZİDENTƏM, BU GÜNƏ QƏDƏR HEÇ KİMDƏN HEÇ NƏ XAHİŞ ETMƏMİŞƏM, ÇÜNKİ BUNA EHTİYAC DA OLMAYIB"
Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib ki, biz heç kimdən heç nə xahiş etmirik: "Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb – bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik".
Bəli, bu gün son 21 ildə Azərbaycan Prezidenti İlham Əliyevin "güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".
"Əsl siyasət konkret, real iş görməkdir" – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. "Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır" – ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttidir.
"GÜCLÜ İQTİSADİYYAT ƏN ÖNƏMLİ ŞƏRTDİR"
Prezident İlham Əliyevin əsas tələbi, qarşıya qoyduğu vəzifə iqtisadi və sosial islahatların paralel aparılmasıdır. Son 21 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Bu, 21 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,7 milyard dollardır. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Cənab İlham Əliyev bildirir ki, əlbəttə, bu da yetərli deyil. Ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Statistikaya nəzər salaq. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılır. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.
BU UĞURLARIN TƏMƏLİNDƏ QƏTİYYƏT, PRİNSİPİALLIQ, MİLLİ MARAQLARA HESABLANMIŞ ARDICIL SİYASƏT, LİDERLİK YENİLMƏZLİYİ VƏ GÜCLÜ AZƏRBAYCAN AMİLİ DAYANIR
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, İkinci Qarabağ müharibəsində Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 4 şəhərin və 4 kəndin sakinlərinə qovuşması bunun bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.
Bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və güclü Azərbaycan amili dayanır. İqtisadi sistemin formalaşdırılması və təkmilləşdirilməsi, daim nəzarətdə olan maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həllinə yönəldilən diqqət sayəsində cəmiyyətdə sabitlik və təhlükəsizlik üçün münbit şərait yaranıb, Azərbaycan siyasi sabitlik adası kimi nüfuz qazanıb. Artıq dünyada sözünə imzası qədər dəyər verilən qalib, bütövləşən Azərbaycanla bütün sahələrdə hasablaşırlar. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev bütün çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.
Bax, budur müasir Azərbaycan həqiqətləri. Bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır.
Beləliklə, göstərilən rəqəmlər bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyevin çevik, qətiyyətli və düzgün qərarlar qəbul etməsinin məntiqi nəticəsidir ki, ölkəmiz artıq son 20 ildə hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir. Çünki hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadiyyatın yüksək olmasıdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə