Azərbaycan-İtaliya dostluğu Avropa ölkələri üçün nümunədir - ŞƏRH

Azərbaycan-İtaliya dostluğu Avropa ölkələri üçün nümunədir - ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsindəbu ölkənin prezidenti Sercio Mattarella, Nazirlər Şurasının sədri Ciorcia Meloni, İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşləri dünyanın diqqətini hələ uzun müddət məşğul edəcək önəmli hadisələrdəndir. Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı Azərbaycan–İtaliya dövlətlərarası münasibətlərin müsbət mənzərəni xarakterizə etdi. Ən başlıcası isə Azərbaycanın dünya siyasətində yeri və rolu ilə bağlı fikirlərə söykənərək qətiyyətlə demək olar ki, ölkəmizin uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm amillərdir”. Bunu açıqlamasında VI çağırış Milli Məclisin deputatı, siyasi analitik Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan–İtaliya əməkdaşlığı digər Avropa ölkələri üçün nümunədir: “Məhz bu nümunəvilik hər iki ölkə üçün son dərəcə müstəsna dəyərdir. Azərbaycan Prezidentinin İtaliyada keçirdiyi görüşlərdə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çatdırılıb. Dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə İtaliya–Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi bildirilib. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub. Bu gün Azərbaycanın İtaliya ilə əməkdaşlığı qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir. Belə bir əməkdaşlığın təməlində isə təbii ki, Azərbaycanın dünya siyasətində tutduğu mövqe, eləcə də ölkəmizin qlobal siyasətdə aktora çevrilməsi amili həlledici rol oynayır”.

Bütün xəbərlər Facebook səhifəmizdə