Strateji tərəfdaşlığa yüksələn münasibətlər: Azərbaycan-İtaliya TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir"

Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. Xüsusilə də, möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfəri həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

AZƏRBAYCAN-İTALİYA ARASINDA İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN İNKİŞAFINDA DÖVLƏT BAŞÇILARININ QARŞILIQLI SƏFƏRLƏRİ...

Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malik olmaqla yanaşı, həm də bu səfərlər əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Ümumiyyətlə, Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən növbəti amildir. Ulu öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşüb. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Ulu Öndərin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir. Qeyd olunmalıdır ki, İtaliyanın dövlət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi olaraq səfərlər həyata keçirirlər.

AZƏRBAYCAN-İTALİYA NÜMUNƏSİ: YAXŞI DOST DAR GÜNDƏ TANINAR

İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib.

Azərbaycana yaxın dost olan İtaliya işğal altındakı torpaqlarımızın azad olunması əməliyyatları dövründə müxtəlif səviyyələrdə rəsmi Bakının mövqeyini dəstəklədiyini, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bəyan edərək haqlının tərəfində dayandığını dünyaya nümayiş etdirdi. Həmçinin, Azərbaycan xalqı 44 günlük Vətən savaşında İtaliya mediasının haqq işimizə, Qarabağ müharibəsinə obyektiv yanaşmasının şahidi oldu.

Prezident İlham Əliyev hər zaman çıxışlarında işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycanın dost ölkələri təmsil edən şirkətlərlə əməkdaşlıq edəcəyini bəyan edib. İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Ölkələrimiz arasında bütün istiqamətlər üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Təsadüfi deyil ki, 2020-ci il İtaliyada Azərbaycan ili kimi qeyd olundu. Azərbaycan və İtaliya arasında dostluq münasibətləri 44 günlük Vətən müharibəsi dövründə də rəsmi Roma tərəfindən açıq şəkildə bəyan olundu. İtaliyanın ayrı-ayrı rəsmi orqanlarında müxtəlif səviyyələrdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul olundu. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter almışdı. Bir sözlə, hər zaman münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqe bir çox ölkələr üçün əsl örnək idi.

Həmçinin, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın gələcək inkişafı üçün geniş potensial var. Xüsusilə, İtaliya şirkətlərinin qeyri-neft sektorunda fəallığı hər iki ölkənin maraqlarına tam cavab verir. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak ediblər. Ticarət dövriyyəsi üzrə də İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır və ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Təsadüfi deyil ki, hələ 2018-ci il iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilən polipropilen zavodunun açılışında ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella şəxsən iştirak etmişdi. Bu, İtaliyanın bu sahədə Azərbaycanla əməkdaşlığa ən yüksək səviyyədə verdiyi önəmin göstəricisi idi.

İTALİYA-AZƏRBAYCAN UNİVERSİTETİNİN TƏMƏLQOYMA MƏRASİMİ…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, ölkələrimiz arasında çox güclü siyasi əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir: "2014-cü və 2020-ci illərdə biz strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı iradənin mövcud olduğunu göstərir və biz artıq yaxın dostuq".

Prezident İlham Əliyev onu da bildirmişdir ki, Azərbaycan və İtaliya arasında humanitar sahədə bir sıra layihələrin planlaşdırılmasına nümunə olan Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi olmaqla, həm də İtaliya ilə Azərbaycan arasında dostluğun yaxşı göstəricisi olacaq universitet sənaye sahələrini idarə edə bilən, iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmli rol oynayacaq: "Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaqdır və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir. Beləliklə, qeyd etdiyim kimi, gündəlik genişdir və genişlənir. Mən çox şadam ki, bu, bizim əməkdaşlığımızın yaxşı nəticəsidir".

Qeyd edək ki, Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı söyləyib ki, biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq: "Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb...Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız olmalıdır".

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, İtaliya da Azərbaycana dost ölkələrdəndir və strateji tərəfdaşımızdır. Bu isə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı və strateji partnyor kimi tanınmasını nümayiş etdirməklə, iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə