23 saat 43 dəqiqəyə məhv edilən erməni separatizmi

23 saat 43 dəqiqəyə məhv edilən erməni separatizmi

Azərbaycan xalqının daha bir şanlı qəhrəmanlıq salnaməsinin ildönümünü qeyd edəcəyik. Yəqin hər kəs gözəl xatırlayır bu dəyərli tarixi: 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.

Cəmi bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir. Sirr deyil ki, qarşımızda peşəkar hərbçilərdən və muzdlu döyüşçülərdən ibarət, təcrübəli şəxsi heyət dayanırdı və irəliyə addım atmaq üçün yarmalı olduğumuz illərlə möhkəmlənmiş müdafiə mövqeləri var idi. Üstəlik, hərbi mövqelər qəsdən yaşayış məskənləri arasına, iaşə obyektlərinin yaxınlığında yerləşdirilmişdi ki, hər hansı hərbi əməliyyat çərçivəsində mülki əhalidən sipər kimi istifadə edilsin. Habelə siyasi situasiya da kifayət qədər mürəkkəb idi və aralarında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də olmaqla separatçılara açıq formada dəstək verilirdi. Belə mürəkkəb hərbi-geosiyasi şəraitdə mümkün ehtimallardan daha qısa zaman kəsiyində düşmənin diz çökdürülməsi dünya hərb tarixinin qızıl səhifələrindən biridir.
Qələbədən sonra, zəfərin memarı Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına müraciətində isə yeni geosiyasi situasiyada bölgədə sonrakı tendensiyaların yol xəritəsi ortaya qoyuldu. İlk növbədə, Azərbaycan rəhbəri Qarabağda yaşayan erməniəsilli insanlara ali səviyyədə siyasi təminat verdiyini bir daha bəyan etdi. Həmçinin dövlətimizin başçısının özünün də ifadə etdiyi kimi, Azərbaycan qanunvericiliyinin, Azərbaycan Konstitusiyasının digər vətəndaşlara münasibətdə müəyyən etdiyi bütün hüquqi təminatlar, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağa da, təbii ki, şamil edilir və erməniəsilli sakinlər əminliklə bu ölkənin tam hüquqlu vətəndaşı kimi bütün sosial-iqtisadi, həmçinin hüquqi təminatlardan istifadə edə bilərlər.
Bundan başqa, Azərbaycan Prezidentinin çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bu müdaxilənin birgəyaşayış, bölgədə davamlı, dayanıqlı sülh və sabitlik üçün təhdid olması ilə bağlı idi. Azərbaycanın niyyəti çox aydındır. Azərbaycan bölgə dövlətləri ilə sağlam, sülh və əmin-amanlıq şəraitində yaşamaq, tərəqqiyə, inkişafa nail olmaq niyyətindədir. Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda son 3 il ərzində həyata keçirdiyi tədbirlərlə inkişaf və tərəqqidə özü bir nümunə yaradıb. Bəli, bu gün azad etdiyi əraziləri sürətlə dirçəldən və inkişaf edən, bölgənin əsas söz sahibi sayılan Azərbaycan var. Yenidən baş qaldırmaq, bölgədə qan tökmək üçün sino gedənlərin də heç vaxt unuda bilməyəcəkləri bir xatirə var – DƏMİR YUMRUQ! Cəmi 44 günə və 23 saata əzdiyimiz başları yenə və bu dəfə daha tez əzəcəyik. Çünki dəmir yumruq yerindədir!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə