Hər birimizin səsi Azərbaycanın gələcək uğurları üçün əhəmiyyətlidir - Vüqar Zifəroğlu

Hər birimizin səsi Azərbaycanın gələcək uğurları üçün əhəmiyyətlidir - Vüqar Zifəroğlu

“Qarşıdan gələn parlament seçkiləri Azərbaycanın inkişaf tarixində xüsusi bir mərhələni təşkil edir. Azərbaycan Vətən müharibəsində qazandığı böyük qələbə ilə öz torpaqlarını işğaldan azad edib, tarix yazıb və regionda yeni reallıqlar yaradıb. Bu qələbə həm də dövlətçiliyimizin möhkəmlənməsi və inkişaf yolunda yeni imkanların açılması üçün böyük stimul olub”. SİA xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu deyib.

O bildirib ki, Azərbaycan regionda sülhün və sabitliyin təminatçısı olaraq yeni bir mərhələyə start verib: “Bu mərhələdə dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biri də demokratik dəyərlərin gücləndirilməsi və xalqın iradəsinin təzahür etdiyi parlament institutunun inkişafıdır. Sentyabrın 1-də baş tutacaq seçkilər Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləri kimi xüsusi əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərdə yaşayan vətəndaşlarımız ilk dəfə olaraq bərpa edilmiş tarixi yurdlarında səsvermədə iştirak edəcək. Bu amil Azərbaycanın bütövlüyünün və xalqımızın birliyinin növbəti hüquqi təsdiqidir. İnanıram ki, xalqımız səsvermədə fəal iştirak edəcək”.

Vüqar Zifəroğlu bütün vətəndaşları qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə, ölkəmizin demokratik inkişafına dəstək olmağa çağırıb: “Unutmayaq ki, bu seçkilər ölkəmizin gələcəyini müəyyənləşdirəcək, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək mühüm bir prosesdir. Hər birimizin səsi, Azərbaycanın sabahkı uğurları üçün böyük əhəmiyyət daşıyır”.

Bütün xəbərlər Facebook səhifəmizdə