“Laçındakı quruculuq işləri böyük sürətlə davam edir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Laçındakı quruculuq işləri böyük sürətlə davam edir” - MÜNASİBƏT BİLDİRİLDİ

“2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın müzəffər ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər. Həmin il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsrafil Kərimov deyib.

O bildirib ki, ötən vaxt ərzində burada çox böyük işlər həyata keçirilib: “İndi Laçın böyük bir tikinti meydançasını xatırladır. Bu gün Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin tikintisi aparılır. Ötən il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına qayıdıblar. Bu günə kimi Laçın şəhəri 552 ailəyə qucaq açıb və 2031 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Qazanılan zəfərdən keçən dörd ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.

Ötən il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.

Prezident İlham Əliyevin son dörd ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə