"Laçın şəhəri gününü indi daha ürəklə, qürurla qeyd edirik" - MÜNASİBƏT BİLDİRİLDİ

“26 avqust Laçın şəhəri günüdür. Bu gün Azərbaycan Prezidentinin 2023-cü ildə imzaladağı sərəncamla müəyyən edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-cü ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Əslində Laçın rayonu 2020-ci ilin dekabrın 1-də azad olunmuşdu. Həmin il 44 günlük Vətən müharibəsi ilə müzəffər Azərbaycan ordusunun qələbəsi ilə başa çamışdı. Azərbaycan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Şuşanı işğalçı Ermənistan ordusundan azad etmişdi. 10 noyabrda imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonları dinc şəkildə Azərbaycanın nəzarətinə qaytarılmalı idi”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Elman Cəfərli sözlərinə belə davam edib: “Bütün adıkeçən rayonlar qaytarılsa da, ermənilər Laçının Zabux və Sus kənlərində məskunlaşmışdı, Ermənistana gedən yol isə Laçın şəhərindən keçirdi. O üzdən Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi bir neçə il yubandı. Nəyahət, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri Azərbaycanın nəzarətinə keçdi. Bu gün Laçında yüzlərlə azərbaycanlı ailə məskunlaşıb. Onlar 30 ildən sonra bu torpaqların həqiqi sahibi kimi öz yurdlarına dönüblər. 26 avqust bütün azərbaycanlılar üçün qürur günüdür. Çünki 30 ildən sonra öz haqqımızı bərpa etdik, torpaqlarımızı işğaldan azad etdik. 2023-cü ilin 19 sentyabrda baş vermiş lokal anti-teror əməliyyatları nəticəsində ermənilərin yaratdığı qondarma rejim tarixin zibilliyinə atıldı. Xankəndi, Əsgəran, Xocavənd, Ağdərə, Xocalı Azərbaycanın nəzarətinə keçdi. Bu gün laçınlılar öz torpaqlarında dinc və təhlükəsiz şəraitdə yaşayır, yaradır, tikib-qururlar. Məlumdur ki, 30 illik işğal dövründə Ermənistan şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi viran etmiş, vandal hücumuna məruz qoymuş, mədəni irsimizə böyük zərbə vurmuşdu. Tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılmış, talan olunmuşdu.

Hazırda işğaldan azad edilmiş Qarabağ və Laçın rayonunun daxil olduğu Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Həyat yenidən azad Qarabağa, Zəngəzura qayıdır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Laçın şəhəri ilə yanaşı Zabux və Susda da yenidənqurma və bərpa işləri aparılır. Laçın şəhəri gününü indi daha ürəklə, qürurla qeyd edirik. Bu cür əlamətdar günlər dünyaya bir mesajdır. Erməni vandallarının 30 il işğalda saxladığı bu torpaqlar bizimdir. Minillər ərzində bu torpaqlarda tarixi, mədəni irs yaratmışıq. Azərbaycan xalqının izini bu torpaqlardan silmək mümkün deyil. Müzəffər ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qan tökərək torpaqlarımız işğaldan azad etmişik, əraziləri minalardan təmizləyirik. Böyük qayıdış başlanıb. Biz bu yurdlara dönəcək və bu torpaqları Azərbaycanın əl cənnət guşələrindən birinə çevirəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə