“Azərbaycan-Rusiya əlaqələri hazırda bütün sahələr üzrə sürətlə inkişaf edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan-Rusiya əlaqələri hazırda bütün sahələr üzrə sürətlə inkişaf edir. Münasibətlərimiz əslində müstəqillik illərində daha böyük inkişaf yoluna qədəm qoyub. Bu inkişafda Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi xüsusilə qeyd edilməlidir. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli əlaqələrdə siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.
O bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər münasibətləri daha da yaxşılaşdırıb: “Azərbaycan-Rusiya dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə sürətli inkişafdadır.
Yeni dövrdə iki ölkə arasında münasibətlərin əsasını 2022-ci ilin fevral ayının 22-də imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə təşkil edir və bu sənədin müddəaları bu gün də uğurla yerinə yetirilməkdədir. Bəyannamənin müddəalarından birində qeyd edildiyi kimi, Azərbaycan-Rusiya əlaqələrinin əsasında dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri dayanır. Bir sözlə, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” imzalanan Bəyannamə Azərbaycanın suverenliyinin təminatıdır. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki Bəyannamə bu məqsədə xidmət edir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana cari ilin 18-19 avqust tarixlərixindəki iki günlük dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Rusiya dövlət başçısının Prezident İlham Əliyevlə görüşü, mətbuata birgə bəyanatlar, qəbul edilən sənədlər iki ölkə arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.
Vladimir Putinlə Prezident cənab İlham Əliyevin Bakı görüşü iki ölkə arasında yüksək etimadın və əməkdaşlığın daha da inkişaf etdirilməsində qarşılıqlı maraqların mövcudluğunu bir daha təsdiqlədi. Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti onun qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığının inkişafını zəruri edir. Azərbaycanla tarixən sıx iqtisadi-ticari, siyasi, humanitar əlaqələrə malik Rusiya regionun və dünyanın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bununla belə, olduqca mürəkkəb geosiyasi vəziyyət Putinin Bakıya gəlişi səfərin siyasi təhlilini həyata keçirmək zərurətini ortaya çıxarır. İlk növbədə, qeyd olunmalıdır ki, hazırda Rusiya və Azərbaycanı birləşdirən ümumi maraqlar spektri əvvəlki dönəmlərlə müqayisədə daha genişdir. Bu gün Qərbin sanksiyaları səbəbindən ticari, logistik və enerji ixracı imkanları məhdudlaşan Rusiyanın İkinci Qarabağ müharibəsi, hərbi və antiterror əməliyyatları ilə regionda yeni geosiyasi reallıq yaradaraq strateji dəyərini birəbeş artıran rəsmi Bakının imkanlarına bel bağlaması, əslində, təəccüb doğurmamalıdır. Burada Prezident İlham Əliyevin də vurğuladığı kimi, dövlətlərarası münasibətlər üçün müstəsna əhəmiyyətə malik “Şimal-Cənub” layihəsinin artan strateji dəyərini xüsusilə qeyd etmək lazımdır. Bu dəhliz Rusiyanın Qlobal Cənuba, Yaxın və Orta Şərqə çıxışını təmin etməklə yanaşı, ölkəmizin tranzit əhəmiyyətini və iqtisadi imkanlarını dəfələrlə artıracaq.
Azərbaycan və Rusiyanın regionla bağlı digər ortaq marağı isə bəzi dövlətlərin Ermənistandan plasdarm kimi istifadə edərək Cənubi Qafqazda destruktiv siyasət yürütməsini əngəlləməkdir. Bu baxımdan həm Rusiya, həm də Azərbaycan Ermənistanın Fransa və digər dövlətlər tərəfindən intensiv şəkildə silahlandırılmasını regional sülhə və sabitliyə təhdid kimi qiymətləndirir. Məhz bu səbəbdən beynəlxalq ictimaiyyət regional təhlükəsizliyin açarı Azərbaycan tərəfindən təklif edilmiş 3+3 platformasında görür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Putinin Bakıya dövlət səfəri zamanı hər iki dövlət başçısının səsləndirdiyi bəyanatlardan Azərbaycan-Rusiya əlaqələrində mövcud geosiyasi konfiqurasiya və ümumi maraqlar fonunda yeni üfüqlər yarandığını sezmək mümkündür. Həm Qərblə, həm Şərqlə, həm ABŞ və Avropa, həm də Rusiya ilə münasibətlərini qoruyan Azərbaycanın çoxvektorlu xarici siyasəti onun öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığın inkişaf etdirilməsi zərurətini yaradır.
Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, bir-birinə dəstək və məqsədyönlülük kimi möhkəm təməllərə əsaslanır. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi prioritet vəzifələrdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB