Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləmək üçün ABŞ-ın istənilən formatda əməkdaşlığa hazır olduğunun Ağ Evin öz açıqlamasında vurğulanması heç də amerikalıların sülh naminə çalışdıqları təəssüratı bağışlamır. Tamamilə başqa niyyətlərin güdüldüyü qətiyyən şübhə doğurmur. Məhz elə istənilən formatda əməkdaşlığa hazır olduğunu rəsmi Vaşinqton bəyan etməklə, əslində, Minsk Qrupunun yenidən regional geopolitik müstəvidə fəaliyyətinin bərpasında maraqlı olduğunu ifşa edir. Ermənistana göndərilən təlimatlar, eləcə də İrəvanın da bununla bağlı müvafiq mövqeyi təsdiq edir ki, ortada sülhə əngəl olan siyasi riyakarlıqdan başqa bir şey yoxdur.
Bölgəyə burun soxmağa çalışan ABŞ çox çirkin niyyətlərə əl atmaqdan qətiyyən çəkinənə oxşamır
İndiyə qədər ABŞ, Fransa və Rusiya olmaqla, ATƏT-in Minsk Qrupunun üzvlərinin artıq keçmişdə qalan Qarabağ məsələsi ilə bağlı nə kimi işlər gördüyünü, daha doğrusu, heç bir iş görmədiyini bilməyən yoxdur. Bu qurumun məhz həmin məsələnin həlli ilə bağlı yaradıldığı bəlli olsa da, həmsədrlərin ölkəmizə, ərazilərimizə ancaq turist kimi səfərlər edərək, heç bir nəticə əldə edə bilmədikləri də təkzib edilə bilməz. Çünki bu qurum münaqişəni həll etmək əvəzinə onun otuz ilə yaxım müddətdə uzanmasının baiskarı hesab olunur və məlum münaqişənin əsrin üçdə birinə qədər uzanmasına da elə həmin qurum rəvac verib, şərait yaradıb. Belə görünür ki, son zamalar tamamilə diqqətdən, nəzərdən belə uzaq olan bu qurumu ABŞ yenidən gündəmə gətirmək, ortaya atmaq, canlandırmaq fikrinə düşüb və buna görə də istənilən formatda əməkdaşlığa hazır olmaq bəhanəsi altında Vaşinqton yenə də siyasi riyakarlığa əl atır. Cənubi Qafqazın “döyüş poliqonuna” çevrilməsi, müharibə və silahlı toqquşmalar meydanına çevrilməsi bahasına da olsa bölgəyə burun soxmağa çalışan ABŞ çox çirkin niyyətlərə əl atmaqdan qətiyyən çəkinənə oxşamır.
Hazırda guya sülhdən, barışıqdan dəm vuran amerikalılar, ümumiyyətlə, Qərb siyasi dairələri birmənalı şəkildə ermənipərəst mövqe nümayiş etdirənlərdir ki, onların Cənubi Qafqaz siyasətində onilliklər boyu mövcud olmuş prioritetlərinin hələ də dəyişməz olaraq qalması qətiyyən təkzib edilə bilməz. Əslində, bu, onların mövqelərində də açıq şəkildə özünü biruzə verir. Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, işğalçı ölkənin silahlı birləşmələrinin ərazilərimizdə soyqırımlar törətmələri fonunda işğalçı Ermənistana deyil, məhz Azərbaycana qarşı hərbi sanksiyaların tətbiqinə qərar verən ABŞ heç də sülh niyyətində görünmür. Azərbaycana silah satışını qadağan edən 907-ci düzəlişi ortaya atan və hələ də qüvvədə saxlayan Amerika indi özünü Cənubi Qafqazda sülhə maraqlı dövlət kimi göstərməyə çalışsa da, əslində, çox gülməli görünür. Yəqin ki, həmin ölkənin özünü sülhə maraqlı tərəf kimi göstərməsinə nəinki region ölkələrinin vətəndaşları, heç amerikalılar özləri də inana bilmirlər.
Qərbin, Amerikanın siyasi riyakarlığı təkrar olunmaqdadır
Avropa Birliyi, eləcə də Fransa kimi ABŞ da Ermənistanı hərtərəfli olaraq öz himayəsi altında saxlayırsa, həmin o işğalçı ölkəni silahlandırırsa, Cənubi Qafqazda növbəti dəfə silahlı toqquşmalara sövq edirsə, sülhə və sabitliyə hansı dəstəkdən söhbət gedə bilər? Sülhə və sabitliyə maraqlı olan tərəf silahlanma barədə heç düşünə bilməz axı. Eyni zamanda, dünyanın ən hegemon ölkəsi iddiasında olan ABŞ əgər sülh istəyirdisə, o zaman ədalətli yanaşma ortaya qoymalı idi və hələ zamanında işğalçını yox, işğala məruz qalanı müdafiə etməli, haqlı mövqedə olan Azərbaycanın tərəfində olmalı idi. Heç olmasa biz öz haqlı mövqeyimizi müdafiə etdikdən, torpaqlarımızı işğaldan azad etdikdən, BMT-nin məlum dörd qətnaməsinin icrasını özümüz, öz gücümüz hesabına reallaşdırdıqdan, qanunsuz silahlı erməni birləşmələrini ərazilərimizdən çıxardıqdan sonra da olsa ABŞ haqqın tərəfində, Azərbaycanın yanında olsa idi dərd yarı idi və bilərdik ki, Vaşinqtonun məlum açıqlaması sülh məqsədi daşıyır. Amma görünən odur ki, Qərbin, Amerikanın siyasi riyakarlığı təkrar olunmaqdadır.
Qafqazda sülhün dalana dirənməsi üçün Qərbin h ansı oyunlardan çıxdığını görmək, bilməz üçün dərin zəka sahibi olmaq lazım gəlmir. Bir halda ki, Cənubi Qafqazda sülh və sabitlik istiqamətində real fəaliyyət göstərən və yeganə geopolitik iradə sahibi olan Azərbaycandır, o zaman ABŞ-ın Ermənistana üz tutması özü də riyakarlıqdır. Dəfələrlə Ermənistana və onun beynəlxalq himayədarlarına yekun sülh sazişinin imzalanmasını təklifi ilə rəsmi Bakının çıxış etməsinə məhəl qoyulmursa, kimlər və hansı sülh danışıqlarında maraqlı olduqlarını iddia edə bilərlər axı? Nəinki rəsmi İrəvan, ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasını əngəlləməyə üstünlük verirlərsə, xüsusən də Qərb, ələlxüsus da Amerika Ermənistanı Qafqaz sülh masasından mümkün qədər uzaqlaşdırmağa çalışırsa, bununla yanaşı sülh barədə də danışırsa deməli, çox böyük riyakarlıq, hətta həyasızlıq edir. Həqiqətən də Qafqazda sülhün dalana dirənməsinin səbəbkarlarının sülh üçün çalışdıqları iddiaları siyasi riyakarlıqdır və bu riyakarlıq artıq təkrarlanaraq, davamlı xarakter alıb.
Riyakarlıq fonunda Ermənistanı sülh prosesindən uzaqlaşdırmaq niyyəti tamamilə başadüşüləndir və regional sülhə ən ciddi əngəl də anlaşılandır
Dünya ictimaiyyəti indi artıq çox yaxşı başa düşür Azərbaycanın vasitəçisiz sülh danışıqları təklifini. Yaxşı başa düşür ki, məhz davam etməkdə olan siyasi riyakarlıqlar fonunda ən doğru addım elə vasitəçisiz sülh danışıqlarıdır. Hər kəs anlayır ki, Cənubi Qafqaza regiondan kənar müdaxiləni bloklamaq üçün rəsmi Bakı belə bir təkliflə çıxış edib və bəlli olur ki, Azərbaycan Qərb siyasi dairələrinin regional sülh prosesində vasitəçilik etməsinə birmənalı şəkildə məlum səbəblərə görə, məhz siyasi riyakarlıqlarına görə qarşı çıxır. Bəli, Qərb dairələrini də, xüsusən ABŞ kimi bir fövqəl dövləti də qıcıqlandıran elə budur və bu hegemen dövlətin müdaxilələrə daha çox can atması da həmin səbəbdəndir.
Məsələ burasındadır ki, sülhdən dəm vuran həmin o Qərb dairələri, xüsusən də ABŞ Cənubi Qafqaza təsir mexanizmlərinin olması üçün əldən-ayaqdan gedirlər və həmin təsir mexanizmlərinin mövcudluğunda maraqlı olduqlarını da qətiyyən gizlətmirlər. Doğrudur, həqiqətən də belə mexanizmlər ABŞ və Qərb üçün regiona kobud müdaxilə imkanları deməkdir. Amma bununla yanaşı, unutmaq lazım deyil ki, özünü sülhün təmin edilməsində maraqlı kimi göstərən bir ölkə üçün bu, əsl riyakarlıqdır, özü də siyasi riyakarlıq. Belə bir riyakarlıq fonunda da Ermənistanın sülh prosesindən mümkün qədər uzaqlaşdırılmaq niyyəti tamamilə başadüşüləndir və regional sülhə ən ciddi əngəl də anlaşılandır.
Ermənistan tərəfi özü də ABŞ kimi hegemon dövlətin oyunlarına alət olaraq siyasi riyakarlıq edir
Rəsmi İrəvanın özünün də ATƏT-in Minsk Qrupundan imtina etmək istəmədiyi göz önündədir. Ermənistan tərəfi bu niyyətini heç gizlətmir də. Əslində, Ermənistan Xarici İşlər Nazirliyinin bu barədə açıqlamasında da sülh sazişinin müzakirə prosesində Minsk Qrupu ilə əməkdaşlığın mümkünlüyü vurğulanırsa, deməli, ermənilər hələ də həmin o yararsız qrupu yenə də meydana gətirmək fikrindədirlər. Daha dəqiq desək, 30 il ərzində münaqişənin həllinə bircə dənə də tohvə verməyən, əksinə, münaqişənin uzanmasına rəvac verən, Cənubi Qafqazda sülh və sabitlik şanslarını bloklayan bir qurumu yenə də regional proseslərə cəlb etmək niyyəti güdülür. Bu isə o deməkdir ki, əvvəla, Ermənistan sülh danışıqlarından maraqlı deyil və münaqişəni 30 ilə qədər uzadan tərəfin yenə də danışıqları uzadacağına ümid edir. Digər tərəfdən də bu onu göstərir ki, rəsmi İrəvanın belə bir niyyətinin, istəyinin arxasında ABŞ-Fransa cütlüyünün geopolitik maraqları dayanır. Deməli, Ermənistan tərəfi özü də ABŞ kimi hegemon dövlətin oyunlarına alət olaraq siyasi riyakarlıq edir. Belə çıxır ki, rəsmi İrəvan Ağ Evdən kifayət qədər təlimatlar alıb və Cənubi Qafqazda sülh prosesini bloklamaq, yaxud da əngəlləmək üçün Qərbin oyunlarını oynamaqdadır. Sözsüz ki, kimin hansı oyunu oynamasından, Ermənistanın hansı dövlətə alət olmasından asılı olmayaraq, Azərbaycan tərəfi hansısa riyakarlığın hesabına regionda çirkin niyyətlərin reallaşmasına imkan verən deyil. İstənilən halda müdaxilələrə rəsmi Bakı yol verməyəcək və sülhə əngəl olan siyasi riyakarlıq Qərbin də, Amerikanın da, elə Erənistanın da özünə qalacaq...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB