PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında qardaşlıq münasibətlərindən xəbər verir"
Danılmaz həqiqətdir ki, Azərbaycan bu gün Prezident İlham Əliyein müdrik və uzaqgörən siyasəti sayəsində türk dövlətləri sırasında nüfuz və söz sahibinə, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Bu, dövlət başçımızın 20 il ərzində bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Eyni zamanda, ölkəmiz beynəlxalq aləmdə yüksək etimada və nüfuza malikdir. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olunur.Aqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə bildirib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
PREZİDENT İLHAM ƏLİYEVİN BEYNƏLXALQ TƏŞKİLATLARIN TƏDBİRLƏRİNƏ FƏXRİ QONAQ KİMİ DƏVƏT OLUNMASI ÖLKƏ BAŞÇIMIZIN GÜCLÜ SİYASƏTÇİ, AZƏRBAYCAN DÖVLƏTİNİN DÜNYADA BÖYÜK NÜFUZA SAHİB OLMASININ SÜBUTUDUR
Bəli, Azərbaycan bu gün dünyada müstəqil siyasət həyata keçirən, iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan, söz sahibinə malik bir ölkə kimi qəbul olunur. Bir çox dövlətlər Azərbaycanı özlərinə dost və etibarlı tərəfdaş ölkə hesab edirlər. Ümumiyyətlə, son illər ölkəmizin çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə, Zirvə toplantılarına dəvət olunması mütəmadi hal alıb. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin şəxsiyyətinə olan inamın, onun yürütdüyü uzaqgörən siyasətin, Azərbaycanın coğrafi mövqeyinin və regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin nəticəsidir.
Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycanın isə gələcək üçün xarici siyasətində prioriteti məlumdur – Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Təbii ki, Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir.
PREZİDENT İLHAM ƏLİYEVİN ARDICIL SƏFƏRLƏRİ VƏ HƏMİN DÖVLƏTLƏRİN BAŞÇILARININ AZƏRBAYCANA SƏFƏRLƏRİ ƏLAQƏLƏRİMİZİN GENİŞLƏNMƏSİNİN, STRATEJİ XARAKTER ALMASININ VƏ ETİBARLI MÜNASİBƏTLƏRİN GÖSTƏRİCİSİDİR
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu gün Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əlaqələri yüksələn xəttlə inkişaf edir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Təsadüfi deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.
Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edən Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunub. Son 2 ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etdiyini, həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarının Azərbaycana ümumilikdə 15 dəfə səfərə gəldiklərini vurğulayan dövlətimizin başçısının fikirlərinə əsasən deyə bilərik ki, məhz bu səfərlər zamanı imzalanan sənədlər də ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.Xüsusilə, son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, "Avropa siyasi birliyi" Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Sülh, əminamanlıq, rifah halında yaşamalarına xidmət edən siyasətdir.
"BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR"
Azərbaycan Prezidenti İlham Əliyev 7 fevralda keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində söylədiyi "Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik" fikirlərinin davamı olaraq bu günlərdə 2-ci Şuşa Qlobal Media Forumunda bir daha vurğuladı ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə baxışlarım burada tamamilə aydındır. Bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır: "Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali – bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq… Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur".
Prezident İlhaim Əliyev Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə vurğulayıb ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərinin təzahürlərindən biridir: "Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm".Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi "Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.
QARŞILIQLI FƏALİYYƏTİN MÜHÜM İSTİQAMƏTLƏRİNDƏN BİRİ DƏ NƏQLİYYAT-TRANZİT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQDIR
Dövlətimizin başçısı həmçinin bildirib ki, qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır: "Bakı-Tiflis-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Qazaxıstan, Qırğızıstan və Özbəkistanla fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən "Rəqəmsal İpək Yolu" layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.
AZƏRBAYCAN COP29-A SƏDRLİYİ ÇƏRÇİVƏSİNDƏ REGİONDA İQLİM DƏYİŞMƏLƏRİ İLƏ BAĞLI PROBLEMLƏRİN HƏLLİ ÜÇÜN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ BİRGƏ TƏŞƏBBÜSLƏRİ DƏSTƏKLƏMƏYƏ HAZIRDIR
Prezident İlham Əliyev çıxışı zamanı onu da xatırladıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır: "Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram"."Qazaxıstan Mərkəzi Asiyada ticarətin və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır".Bunu isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib. Onun fikrincə, birgə infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsi 5 Mərkəzi Asiya ölkəsinin iqtisadiyyatının daha da inkişafına töhfə verəcək: "Regionun tranzit və nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, eləcə də Mərkəzi Asiyanın nəqliyyat sisteminin inkişafı üzrə kompleks strategiyanın qəbulu böyük əhəmiyyət kəsb edir".
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcəkdir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə