"Ermənistanın müharibə edəcək qədər cəsarəti yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın müharibə edəcək qədər cəsarəti yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın müharibə edəcək qədər cəsarəti yoxdur. Eyni zamanda imkanları da yoxdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan və siyasi komandası yaxşı başa düşür: "Həm də Ermənistanın arxasından qızışdırıcılıqla məşğul olan dövlətlər də başda Fransa olmaqla bunu yaxşı anlayır. Bu baxımdan biz düşünməyək ki, Ermənistan sülh müqaviləsindən məhz müharibə etmək istəyi ilə imtina edir. Belə vəziyyət yoxdur. Sadəcə Ermənistan hələ rus mirasından tam xilas ola bilməyib. Ona görə bu müqavilənin imzalanmasını uzadaraq rusların, ümumiyyətlə, Ermənistandan çıxarılmasına nail olmaq istəyir. Yaxud da, prosesdən tam kənarlaşdırılmasına nail olmaq istəyir. Ondan sonra Azərbaycanın şərtlərinə uyğun olaraq sülh müqaviləsi bağlanacaq.

Bilirsiniz ki, İrəvanda, hava limanında ruslar, rus sərhədçiləri nəzarət edirdilər. Bir müddət əvvəl artıq onlar oradan çıxarıldılar. Hər şey Ermənistana təhvil verildi. İndi isə oradan çıxarılan sərhədçilər Zəngəzura yerləşdirilib. Yəni Ermənistan istəyir ki, ümumiyyətlə, Zəngəzurdan da onlar çıxsınlar və bütövlükdə rus ordusu Ermənistanı tərk etsin. Ondan sonra Ermənistan Rusiyanın müdaxilə edə bilməyəcəyi şəraitdə Azərbaycanla razılığa gələ bilsin. Azərbaycan da mümkün olan güzəştlərə gedir, çalışır ki, Ermənistan da pis vəziyyətə düşməsin. Paşinyan hakimiyyəti xalqın reaksiyasını dəf etməyə məcburdur. Bu işdə Azərbaycan dövləti ona yardımçı olmağa çalışır. O baxımdan sülh müqaviləsi gecikir. Yoxsa, Ermənistanın sülh müqaviləsini imzalamaq istəməmək kimi istəyi yoxdur. Şəxsən belə düşünürəm. Sadəcə olaraq şərtlərlə bağlı müəyyən narazılıq, narahatlıq var. Bunları da başa düşürəm. Çünki Ermənistanın daxili-ictimai rəyi də nəzərə alınmalıdır. Başqa yolu yoxdur. Çünki Ermənistan hakimiyyəti ictimai rəylə hesablaşmadan addımlar ata bilməz. Amma ümumilikdə götürdükdə rus faktoru aradan qalxarsa, Ermənistan çox qısa müddətdə sülh müqaviləsini imzalamağa tam hazırdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə