İngiltərədə vətəndaş müharibəsi. Xalq faşistlərə qarşı. TƏHLİL

İngiltərədə minlərlə insan ifrat sağçı ekstremistlərin zorakı hərəkətlərinə qarşı küçələrə çıxıb. Keçən həftə İngiltərənin şimal-qərbindəki “Southport” qəsəbəsində bıçaqlı hücumda 3 qızın ölümündən sonra ifrat sağçı qrupların başlatdığı şiddətli aksiyalardan sonra onlara müxalif qruplar da küçələrə axışıb. Çərşənbə günü axşam minlərlə insan ifrat sağçıların 30-a yaxın bölgədə 100-dən çox etiraz aksiyası planlaşdırdığı barədə yayılan xəbərlərdən sonra irqçiliyə qarşı nümayişlər keçirib. Belə ki, paytaxt Londonun şimalı, Bristol və Nyukasl da daxil olmaqla, radikal sağçıların etiraz aksiyası keçirəcəyi gözlənilən yerlərdə olan irqçilik əlehydarlarının mitinqi dinc xarakter daşıyıb. Kütlələr arasında qarşıdurma baş verə biləcəyindən ehtiyyat edən polis 100-ə yaxın bölgədə hazırlıqlar görüb görüb.
Bununla belə, ötən gecə keçirilən etiraz aksiyaları zamanı çoxsaylı həbslər olub. 400-dən çox adam həbs edilib, 140-dan çox insan ekstremist zorakılıq hərəkətlərinə görə ittiham olunub. Londonda keçirilən etiraz aksiyasında “Küçələr bizimdir”, “Qaçqınlar xoş gəlmisiniz” kimi şüarlar səsləndirilərkən, “Radikal sağa yox” yazılan plakatlar da daşınıb. Eyni vaxtda Bristolda 1500-ə yaxın ifrat sağ əleyhdarı fəal nümayiş keçirib. Beləliklə şəhər küçələri solçular, antifaşistlər və etnik azlıq icmaların üzvləri ilə dolub.

“Brighton” şəhərində isə ifrat sağçılar miqrasiya üzrə vəkil ofislərinin yerləşdiyi binanın qarşısına toplaşıb. İfrat sağçı ekstremistlər mindən çox ifrat sağ əleyhdarı tərəfindən mühasirəyə alınıb və polis mühafizəsi olan binaya sığınmalı olublar. Nyukasl şəhərində əksəriyyəti müsəlman olan 500-ə yaxın aktivist radikal sağçılara lazımi cavabı verib. Sauthempton şəhərində də 300-400 nəfərə yaxın aktivist "Ölkəmizdə irqçiliyə yer yoxdur" kimi şüarlar səsləndiriblər.
Tamvortda isə miqrantların qaldığı otelə hücum olub. Bu və digər bölgələrdə polisə hücum edən və irqçi fikirlər səsləndirən nümayişçilər 2-3 il arası həbs edilib. İmmiqrantlarla işləyən vəkillərin adlarını və ünvanlarını göstərən siyahının sosial media platformalarında yayılmasından sonra vəziyyət daha da qəlizləşib. İlk olaraq “Telegram” tətbiqində “immiqrasiya yox olsun” mesajı ilə paylaşılan bu siyahı indi digər platformalarda da paylaşılır. Daha sonra polis hüquqşünaslara evdən işləməyi, ofis pəncərələrini bağlamağı tövsiyə edib.

Gələn həftədən etibarən İngiltərə və Şimali İrlandiyada həbsxanalarda 500-dən çox əlavə yerin açılacağı bildirilir. Həbsxanaların genişləndirilməsi planları davam edərkən, səlahiyyətlilər deyirlər ki, bu planlar etirazların yaratdığı böhranla mübarizə üçün daha da sürətləndirilib. Ədliyyə naziri Şabana Mahmud açıqlamasında zorakılıqda iştirak edənlərə xəbərdarlıq edərək, "polis, məhkəmələr və həbsxanalar hazırdır və bu dəhşətli əməllərin nəticələrini siz çəkəcəksiniz" deyib. Baş nazirin sözçüsü bildirib ki, “iğtişaşlarda iştirak edən hər kəsi həbs etmək” üçün lazımi gücümüz var.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə