Paris Olimpiadasında siyasi qalmaqallar- Rusiya məsələsi TƏHLİL

Paris Olimpiadasında siyasi qalmaqallar- Rusiya məsələsi TƏHLİL

Olimpiada Rusiyada televiziyada göstərilmir, bəzi siyasətçilər və media Parisdə yarışan idmançıları, hətta satqın kimi qələmə verirlər. Belə ki, Paris Olimpiadasının açılış mərasimində iştirakına qadağa qoyulan 15 rusiyalı idmançı, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı olaraq builki oyunlarda “Tərəfsiz idmançılar” statusu ilə yarışır. Bəzilərinin fikrinə görə olimpiadada rusiyalı idmançıların, tərəfsiz olsalar belə iştirak etməməlidirlər. Rusiyada isə ictimai rəy bu məsələdə ikiyə bölünür.

20 yaşlı tennisçi Diana Şnayder, öz müsahibəsində "Biz bura özümüz üçün mübarizə aparmaq üçün gəlmişik", - deyib. Bu, onun ilk Olimpiada təcrübəsi olduğunu deyən Diana olimpiadada yarışmanın "inanılmaz" olduğunu deyib. Şnayder və Mirra Andreeva bazar günü gümüş medal qazanaraq Paris Olimpiadasında medal qazanan ilk rusiyalı idmançı olublar. Beləliklə, Şnayder və Andreevanın tennisdə gümüş medal qazanması Rusiya idmançıları üçün bir ilk olub. Yaşıl-ağ idman kostyumları ilə yarışa çıxan idmançılar üzərində AIN yazılmış yaşıl bayrağı qaldırıblar ki, bu da fransızca Fərdi Neytral Atletin abbreviaturasıdır.

Onu da qeyd edək ki, Ukrayna hökuməti və Olimpiya Komitəsi rusiyalı idmançıların bütün beynəlxalq idman növlərindən kənarlaşdırılmasını tələb etmiş, lakin müsbət cavab almamışdır. Beləliklə, Ukrayna bir müddət Olimpiada seçmə mərhələsi yarışlarını boykot etdi, lakin Olimpiadada ümumiyyətlə təmsil olunmamaq riski ilə üzləşdikdə öz siyasətini dəyişdirdi.

Ukrayna İdman Nazirliyinin məlumatına görə, Rusiyaya qarşı müharibədə 3000-dən çox ukraynalı idmançı və məşqçi ön cəbhədə vuruşub və onlardan 500-ə yaxını həyatını itirib. Bu səbəbdən Parisdə keçiriləcək Olimpiya Oyunlarında Ukraynadan cəmi 140 idmançı iştirak edəcək. Bu da ölkə tarixində ən kiçik Olimpiya heyəti deməkdir.

Digər tərəfdən Olimpiadadan əvvəl rusiyalı idmançıların sosial media hesablarından məlumat toplayaraq onların müharibəni dəstəklədiyini iddia edənlər də olub. Bazar günü finalda uduzduqdan sonra jurnalistlərin “müharibəni dəstəkləyən paylaşımları niyə bəyənmisiniz?” sualına, Şnayder belə cavab verib "Mən burada siyasətlə bağlı heç nəyə cavab verməyəcəyəm."

Ukraynalı qızıl medalçı Yaroslava Mahuçiç isə rusiyalı idmançılar haqqında danışaraq, "Terrorçuya sülhlə bağlı yarışda iştirak etməyə necə icazə vermək olar?" sualını səsləndirib. Ukraynalı idmançı Olimpiya oyunlarının sülh üçün olduğunu xatırladaraq bu oyunlar zamanı Ukrayna şəhərlərinə böyük hücumların olduğunu deyib.

Onu da qeyd edək ki, “Tərəfsizlər” yalnızca rusiyalı idmançılardan ibarət deyil. Parisdəki 32 "neytral" idmançıdan 17-si Belarus, 15-i isə Rusiya idmançısıdır. Tokioda keçirilən əvvəlki Yay Olimpiya Oyunlarında isə 300-dən çox rusiyalı iştirak edib.

Gimnastika və ağırlıqqaldırmada Rusiya idmançıları tərəfsiz statusunda yarışmağa məcbur edilməsinə və sosial media yoxlamalarına etiraz etmək üçün Olimpiadanı boykot ediblər. Bəzi idmançılar isə hətta Olimpiya dəvətlərini qəbul etdikləri halda, oyunların başlamasına həftələr qalmış geri çəkiliblər. Bu səbəbdən komitə 10 rus və bir belaruslu idmançını qara siyahıya salıb. Bu şəxslərin öz ölkələrindəki təzyiqlərə görə geri çəkilməyə qərar verib-vermədiyi bəlli deyil.

Builki Olimpiadaya aid olan başqa bir statistik məlumata görə, yarışmada iştirak edən idmançılardan, tərəfsiz statuslu idmançılar da daxil olmaqla 82-si Rusiya əsillidir. Beləliklə, digər ölkələr üçün yarışan 60-dan çox idmançının bəziləri illərdir Rusiyadan kənarda yaşayıb və ya uşaq ikən xaricə köçüblər, digərləri isə Rusiyanın Ukraynaya təcavüzündən sonra vətəndaşlıqlarını dəyişdirərək başqa ölkələri təmsil ediblər.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə