"Bu görüş Azərbaycan-Ermənistan arasındakı müsbət irəliləyişlərə paralel aparılır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş baş tutub". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, ilk növbədə bu görüşün əsas məqsədi Akyaka dəmir yolu sərhəd qapısının regional inkişafa uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunan texniki ehtiyacların qiymətləndirilməsidir: "Yaxın dövrdə bunun reallaşması, tədbirləri həyata keçirə bilmək üçün hazırlıq məqsədi daşıyır. Eyni zamanda heç bir ilkin şərt olmadan diplomatik pasporta sahib şəxslərin viza alma prosedurlarının asanlaşdırılması ilə bağlı müzakirələrin aparılmasıdır.

Sonuncu belə bir görüş 2022-ci ildə baş tutmuşdu. Artıq iki il idi ki, məhz Ermənistan və Türkiyə arasındakı normallaşmaya dair təyin edilmiş xüsusi şəxslər arasında görüş baş tutmurdu. Bu görüş çox maraqla qarşılandı. Xüsusilə də, 2024-cü ildə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh anlaşmasının imzalanmasına dair hazırlıqların xeyli irəliləməsini nəzərə alsaq, məhz bu görüşün də baş tutması Azərbaycan-Ermənistan münasibətlərindəki müsbət irəliləyişlərə paralel olaraq həyata keçirilir. Ancaq istənilən halda Ermənistan və Türkiyə arasında sərhədlərin bağlı olmasının əsas səbəbi Dağlıq Qarabağ probleminin olması, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi, bu işğala son verilməməsi ilə əlaqədar idi".

Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmasından sonra Azərbaycanın birbaşa istəyi ilə sülh prosesinin həyata keçirilməsi ilə əlaqədar müxtəlif platformalarda görüşlər baş tutdu: "Buna paralel olaraq Ermənistan-Türkiyə arasında da normallaşmaya dair xüsusi nümayəndələr təyin edildi. Hətta Ermənistanın baş naziri Türkiyəyə səfər etdi. Ermənistanın xarici işlər naziri Türkiyədəki Antalya diplomatik forumuna qatıldı. Bir sözlə, 2020-ci ildən başlayaraq həm Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşması, sülhün əldə edilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirildi. Buna paralel olaraq da Türkiyə-Ermənistan arasında da normallaşmanın əldə edilməsi və sərhədlərin açılacağı təqdirdə proseslərin necə irəliləməsinə dair müzakirələr aparıldı. Düşünürəm ki, məhz sonuncu belə görüşün baş tutması istənilən halda yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh əldə ediləcəyi təqdirdə Türkiyə-Ermənistan arasında da sərhədlərin açılması və mərhələli şəkildə münasibətlərin normallaşmasına hazırlıq kimi dəyərləndirilməlidir. Bütün bu proseslərin məntiqi nəticəsinin əldə edilməsi, həqiqətən də, real normallaşmaya nail ola bilməyimiz üçün ilk növbədə Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Mütləq referendum edərək öz konstitusiyasında dəyişiklik etməlidir. Xüsusilə də, Türkiyəyə qarşı soyqırımı iddialarından tamamilə əl çəkməli və münasibətlərin normallaşmasında səmimi olmalarını sübut etməlidirlər. Belə olacağı təqdirdə düşünürəm ki, biz ən yaxın zamanda sülhü əldə edə biləcəyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə