ABŞ tərəfindən REVANŞİZMİN MALİYYƏLƏŞDİRİLMƏSİ - TƏHLİL

ABŞ tərəfindən REVANŞİZMİN MALİYYƏLƏŞDİRİLMƏSİ - TƏHLİL

Amerika Birləşmiş Ştatlarının hələ də işğalçını dəstəkləməsi, separatizmə maliyyə yardımı etməsi niyyəti həm təəccüb, həm də təəssüf doğurur. ABŞ boyda bir ölkənin hansısa bir işğalçı dövlətə maliyyə yardımı etmək fikrinin belə nə üçün yarandığını da ümumiyyətlə, başa düşmək çətindir. Amma başa düşmək nə qədər çətin olsa belə, ABŞ Senatının Təsisatlar Komitəsinin Ermənistana 65 milyon dollar yardımı nəzərdə tutan 2025-ci maliyyə ili üçün Xarici Əməliyyatlar haqqında qanun layihəsini təsdiqlənməsi növbəti ədalətsizlik kimi şəksiz olaraq qəbul edilir. Eyni zamanda bunun, məhz revanşizmin maliyyələşməsindən başqa bir niyyətə xidmət etmədiyi zərrə qədər də şübhə doğurmur.

ABŞ Senatının hərhansı bir komitəsinin vəsait ayırması niyyəti bəlli məsələdir

Diqqətə çatdıraq ki, Amerika Erməni Assambleyası da öz sevincini gizlətmir və təsdiqlənən qanun layihəsini bərk alqışladığını da bildirir. “Biz Senatın Təxsisatlar Komitəsindən erməni xalqına olan dəstəyi alqışlayırıq”, deyə Assambleyanın Konqreslə Əlaqələr üzrə direktoru Mariam Haloyan açıq şəkildə öz fikirlərini ifadə edib. O, hətta Ermənistanın maliyyə yardımına, özü də məhz 65 milyon dollar yardıma ehtiyac duyduğunu da söyləyib və bunu hələ bir utanmadan yalanlarla əsaslandırıb da. Haloyanın sözlərinə görə, guya 44 günlük müharibədən sonra 100 mindən çox erməni əsilli insan, özü də guya vətənlərindən didərgin düşüb və hələ də böyük çətinliklər qarşısında qalıb. Amerika Erməni Assambleyasının Konqreslə Əlaqələr üzrə direktorunun dediklərinə görə, guya indi həmin insanlar çox böyük çətinliklərlə mübarizə aparırlar və onların da məhz göstərilən məbləğə “bərk ehtiyacları” var imiş. Mariam Haloyanın dediklərindən fərqli olaraq, əsl həqiqət ondan ibarətdir ki, əvvəla, erməni əsillilər öz vətənlərindən didərgin düşməyiblər, onlar Azərbaycan tərəfinin vətəndaşlıq təklifindən, bu təkliflə razılaşdırları halda, ərazilərimizdə yaşamağa davam etmək təklifindən imtina edərək, öz xoşları ilə və eləcə də Ermənistan hakimiyyətinin, həmçinin qondarma rejimin təkidi ilə yaşadıqları əraziləri tərk ediblər. Digər tərəfdən də axı ərazilərimizi tərk edənlərin sayı onun dediyi kimi, 100 mindən artıq deyil və onların sayı bu rəqəmin heç üçdə birindən də çox ola bilməz. Həm də Amerika Erməni Assambleyasının Konqreslə Əlaqələr üzrə direktoru haradan bilir və nəyə əsasən belə bir qənaətdədir ki, onların məhz 65 milyona ehtiyacları var? Kim bu rəqəmi onun üçün hesablayıb və bunun doğruluğunu sübut edəcək bircə dənə də olsa arqumenti varmı? Əlbəttə, yoxdur və o çox yaxşı bilir ki, Azərbaycan ərazilərində onillər boyu məskunlaşan və sonra da məskunlaşdıqları əraziləri rəsmi Bakının təkliflərini düzgün dəyərləndirmədən tərk edən ermənilərin sayı onun iddia etdiyindən az olduğu kimi, göstərdiyi rəqəm də qondarmadır. Məsələ burasındadır ki, bütün bunların fonunda ABŞ Senatının Təxsisatlar Komitəsi həmin məbləği nə üçün ayırmaq istədiyini başa düşürük və həmin vəsaitlərin ayrılması niyyəti də, qərarı da nəticədə revanşizmi maliyyələşdirmək deməkdir. Onillər ərzində dünyaya sırımaq istədikləri qondarma qurumun, qonradma rejimin ABŞ tərəfindən tanınmaması fonunda yardım da şərti idi.

Nəzərdə tutulan əsassız yardım ancaq revanşizmin həvəsləndirilməsi, maliyyələşdirilməsi niyyəti güdə bilər

Nəzərə çatdıraq ki, məhz ABŞ kimi bir dövlətin uydurma “Artsax” adlı qondarma qurumu tanımadığını Haloyan qətiyyən dilə gətirmir və belə bir niyyətinin olmadığı da göz önündədir. Bunun fonunda Mariam Haloyandan məhz eşitdiklərimizdən qeyri nə gözləmək olardı? Yəni, doğrudanmı o bilirmi ki, onların onillər ərzində dünyaya sırımaq istədiyi qondarma qurumu ABŞ tanımayıb. Onu da bilmirmi ki, ABŞ həmin qondarma qurumu tanimadığı halda onun öz ölkəsi Ermənistan, rəsmi İrəvan, şəxsən erməni baş nazir Nikol Paşinyan dəfələrlə Azərbaycanın nəinki ərazi bütövlüyünü, hətta Qarabağ regionunu və anklavlarını da tanıyıb? Bunu ABŞ kimi bir ölkənin Senatının Təsisatlar Komitəsi də bilmir? Bilir. Hətta onu da bilir ki, Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının bütün erməni qanunsuz silahlı birləşmələrinin Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələbini əks etdirən qətnamələrinə də Ermənistan tərəfi, rəsmi İrəvan qətiyyən məhəl qoymayıb. Bəs işğalçı ölkənin sözügedən qətnamələrə məhəl qoymamasına niyə belə “mötəbər” beynəlxalq qurumlar susublar? Sadalananları bilə-bilə Vaşinqtonun özünü bilməməzliyə vurması, həmçinin, bilib susması fonunda hələ də yardım haqqında düşünülürsə, artıq buna başqa don belə geyindirilə bilməz. Bütün sadalananları göz önünə alaraq, yenidən Ermənistana yardım haqqında düşünmək belə ağıla, məntiqə sığmadığı halda, göstərilən və ya nəzərdə tutulan vəsaitin adını nə qoymaq fikirləri var amerikalıların? İşğalçı ölkənin BMT qətnamələrinə məhəl qoymamasına susqunluğun ardınca nəzərdə tutulan əsassız yardım ancaq revanşizmin həvəsləndirilməsi, maliyyələşdirilməsi niyyəti güdə bilər və elə adını da belə qoysaq daha doğru olar.

Revanşizmin alovlandırılması üçün maliyyə dəstəyi edən amerikalıların mənasız ciddi cəhdləri

Soruşmaq ayıb olmasın, vəsait indi daha çox kimə lazımdır, başqalarının ərazisinə soxulub, işğal edib, sonra da həmin əraziləri viranə qoyanlara, yoxsa həmin ərazilərdə əllərindən gələni əsirgəməyənlərə? Əraziləri dağıdanlara vəsait ayırarlar, yoxsa, həmin ərazilərdə bərpa-quruculuq işləri aparanlara? Qonşu ölkələrdə başqalarına məxsus əlvan metal, filiz yataqlarını qarət edənlərə maliyyə yardımı edilməlidir, yoxsa dağıdılmış infrastrukturu bərpa edənlərə? Bəlkə, yardım haqqında düşünən ABŞ, rəsmi Bakının quruculuq işlərinə nə qədər vəsait xərclədiyini də bilmir? Bilir, hətta tam xırdalıqlarına qədər bilir. Və nəhayət, torpaqları minalayanlara, mina basdıranlara, xəritəsini də verməyənlərə maliyyə yardımı ayrılmalıdır, yoxsa torpağı minalardan təmizləyənlərə? Sözsüz ki, torpağı minadan, partlamamış silah-sursatdan təmizləyənlərə vəsait ayrılmalıdır. Çünki öz ərazilərini, öz dədə-baba yurdlarını istifadəyə yararlı hala salmaq, torpaqları minalardan, partlayıcı sursatlardan təmizləmək üçün vəsait gərəkir və bunu da qarşılayan qalib ölkə olan Azərbaycandır, Ermənistan yox. Elə isə nəyə görə Ermənistana yardımlar haqqında düşünülür. Doğrudur, ölkəmizin yardıma qətiyyən ehtiyacı yoxdur və müharibədə qələbəni də özümüz əldə etmişik. Bizim heç müharibə dönəmində belə hansısa yardımlara ehtiyacımız olmayıb və dövlətimizin daxili imkanları hesabına qələbəni ən qısa zamanda gerçəkləşdirdiyini də bütün dünya, eləcə də amerikalılar yaxşı görüblər. Görüblər deyə bilirlər ki, indi ermənilərə, Ermənistana maliyyə dəstəyi etmək niyyətinə düşməklə, revanşizmi alovlandıra bilərlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə