"Forum gündəlikdə duran məsələnin aktuallığı baxımından əhəmiyyətli oldu" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Forum gündəlikdə duran məsələnin aktuallığı baxımından əhəmiyyətli oldu" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Əvvəla onu qeyd edim ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 80-dən artıq media qurumunun qatıldığı Forum gündəlikdə duran məsələnin aktuallığı baxımından kifayət qədər əhəmiyyətli oldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, xüsusilə də, Prezident İlham Əliyevin çıxışında qaldırılan məsələlər həqiqətlərin dünyaya çatdırılması və ölkəmizlə bağlı dezinformasiyanın ifşası baxımından daha çox diqqət çəkdi: "Ölkə başçısının çıxışında səsləndirdiyi fikirlərə dünyanın müxtəlif aparıcı media qurumlarının geniş yer verməsi də bunun bariz sübutudur. Məlumdur ki, ölkə başçısının çıxışları hər zaman özündə müxtəlif dairələrə ünvanlanmış mesajlarla zəngin olur. Bu dəfə də dövlət başçısının çıxışı özündə ikili standartlara əsaslanan siyasət həyata keçirən dövlət və qurumlara konkret mesajları ehtiva etmiş oldu. Prezident qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar əsasən Qərbdən qaynaqlanır və bu cür yanaşma artıq gündəlik həyatımıza çevrilir. Amma vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.

Prezident çıxışında ənənəvi olaraq 30 illik işğal və 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarına, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bütün ərazilərimizdə tam bərpa edilməsinə də toxundu. Prezident bir məqamı da xüsusi qeyd etdi ki, "insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi".

"Prezident çıxışında ölkəmizin əldə etdiyi iqtisadi uğurlara da geniş yer verdi. Ölkəmizin enerji sektorunda qazandığı uğurlardan, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanlardan danışan, eləcə də Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının əsas hədəflərimizdən olduğunu deyən ölkə başçısı 2027-ci ilin sonuna qədər Avropaya qaz ixracını 16 milyard kubmetrə çatdıracağımızın anonsunu verdi. Prezident qeyd etdi ki, bu resurslar da Avropaya əsasən mövcud nəqliyyat şəbəkəsi olan Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə ötürüləcək.

Ümumi olaraq qeyd edim ki, ölkəmizdə keçirilən hər bir beynəlxaq tədbir kimi 2-ci Şuşa Qlobal Media Forumu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm rol oynadı" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə