"Seçkilər yeni dövrün başlanğıcında start rolunu oynayır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Seçkilər həmişə yeni dövrün başlanğıcına özünəməxsus start rolunu oynayır. Çünki istər-istəməz zaman keçdikcə, dövr dəyişdikcə çağırışlar, problemlər, bir çox məsələlər artıq yeni tərzdə cəmiyyət qarşısında öz mahiyyətini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, buna görə də həmişə yenilənməyə böyük ehtiyac var: "İlk növbədə biz Azərbaycan olaraq orta gücü tərənnüm edən məmləkətik. Bizim bütün platformalarda fəaliyyət göstərdiyimiz proseslərin hamısında dəst-xəttimiz, iştirakımız yüksək faydalılıq əmsalı ilə nəticələnir. Bunu tək biz demirik, bunu bizim tərəfdaşlar, tərəf müqabillərimiz, hətta rəqiblərimiz də bildirirlər. Bu da ondan irəli gəlir ki, Azərbaycan dövləti özünəməxsus inkişaf edir. Əgər söhbət seçkilərdən gedirsə qanunvericilik, orqan yenilənməsi ilk növbədə yeni baxışların, yeni tələblərin gündəmə gətirilməsi ilə nəticələnir. Deyirlər ki, dünya gör-götür dünyasıdır. Bu belədir. Təsadüfi deyil ki, konstitusiya sahəsində olan islahatlar, qanunvericilikdə olan yeniliklər hamısı dünyada müntəzəm şəkildə aramsız baş verir. İstər-istəməz hər bir qüvvə, tərəf, iştirakçı ətrafa nəzər salır, görür ki, rəqiblər necə hərəkət edirlər, dostlar hansı modellərdən istifadə edirlər. Burada təəccüblü bir şey yoxdur. Amma götürməklə həm də öz yeni baxışlarını əlavə etdikdə prinsipial cəhətdən tam yeni modullar, modellər, mexanizmlər ərsəyə gəlir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan dövlətində və Azərbaycan xalqında, həqiqətən də, böyük potensial cəmləşib. Bu potensialın da üstün cəhətlərindən biri odur ki, bizim xalqımız yaradıcı tərzdə hərəkət edir. Heçnədən yeni şeylər icad etmək qabiliyyətinə malikdir. Bu məharət də həmişə təqdir olunur.

Mənə elə gəlir ki, parlamentimizin, qanunverici orqanımızın yeni heyəti müəyyən mənada yenilənəcək. Təzə adamların gəlməsi artıq yeni anonslar deməkdir, yeni vədlər, baxışlar deməkdir. Hesab edirəm ki, qanunvericilik sahəsində bu, yaradıcı bir platformadır. Orada həm cavanlar, həm orta nəsli təmsil edən mütəxəssislərimiz, eləcə də yaşlı deputatlarımız birgə səylərlə millətimizin, xalqımızın, dövlətimizin mövqelərini gücləndirməyə müvəffəq olacaqlar. Hər halda onlarla bağlı gözlənti bundan ibarətdir. Elə bilirəm ki, biz yanılmayacağıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə