Dünyada keçirilən ən nüfuzlu beynəlxalq tədbirlərə Prezident İlham Əliyevin dəvət edilməsi, dünya liderlərinin prezidentimizin güclü siyasətçi, bacarıqlı diplomat olmasını sübuta yetirir. Prezident İlham Əliyev dövlətimizi, xalqımızı qalib etdiyinə görə də ona dünyanın siyasi elitası böyük hörmət və ehtiram göstərir. Ölkə başçımız ərazisi və əhali sayına görə dünyada elə də böyük olmayan Azərbaycanı dünya siyasəti və iqtisadiyatına güclü təsir edə biləcək bir dövlətə çevirdi. Prezident İlham Əliyevə olan bu cür yüksək dəyər həm də ondan irəli gəlir ki, Prezidentimiz hər zaman ədalətin yanında olub, beynəlxalq hüququn işləməsinin ən böyük tərəfdarı olub.
18 iyul tarixində Böyük Britaniyanın Oksford şəhərində "Avropa siyasi birliyi"nin 4-cü Zirvə toplantısına Prezident İlham Əliyevin dəvət edilməsi və bir çox Avropa ölkələrinin dövlət və hökumət başçılarının Prezidentimizlə görüşə təşəbbüs göstərmələri bu gün Azərbaycanın dünyada nüfuzlu və əhəmiyyətli bir ölkə olmasının sübutudur. Prezident İlham Əliyevin tədbirdəki çıxışı tədbir iştirakçıları ilə yanaşı dünya ictimaiyyəti tərəfindən də çox maraqla qarşılandı. Bu gün Azərbaycan Avropanın xilaskarı rolunda çıxış edir. Avropada baş verən gərgin geosiyasi vəziyyət bir çox Avropa dövlətlərini enerji böhranı ilə üz-üzə qoyub. Avropada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulur. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır.
Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum Avropa qaz təchizatçısı adlandırır. Bu günə qədər Azərbaycandan Avropaya ixrac edilən qaz təchizatında bir gün belə fasilə yaranmamışdır. Bu da Azərbaycanın etibarlı tərəfdaş ölkə olmaqla yanaşı məsuliyyətli bir dövlət olmasına sübutdur. Artıq 8 ölkəyə Azərbaycan qaz ixrac edir ki, onların da beşi Avropa İttifaqına üzv olan dövlətlərdir. Yaxın vaxtlarda bu coğrafiya daha da genişlənəcək. 2021-ci ildə Azərbaycandan Avropaya 8 milyard kub metr qaz ixrac edilirdisə artıq bu il 13 milyard kub metrə yaxın olacaq. 2027-ci ilə qədər isə Avropaya qaz ixracı 20 milyard kub metrə çatdırılacaq.
Azərbaycana düşmən siyasəti həyata keçirən bəzi dövlətlər iddia edirdilər ki, güya Azərbaycanda qaz ehtiyatları tükənməkdədir. Bu gün Azərbaycanda qazla zəngin kifayət qədər yataqlar mövcuddur və yeni yataqlar da istismara veriləcəkdir. Görülən işlər, icra edilən böyük layihələr bu cür qüvvələrə layiqli cavabdır. Yaxın vaxtlarda Azərbaycana düşmən siyasəti yürüdən dövlətlər Prezident İlham Əliyev qarşısında aciz olduqlarını anlayacaqlar. Çünki Prezidentimiz bəşəriyyətin gözəl gələcəyinə və dünya xalqlarının firavan yaşamasına xidmət edən siyasət həyata keçirir.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Bütün xəbərlər Facebook səhifəmizdə