Son günlərdə gündəmdə sevindirici xəbərlərdən biri də Azərbaycan və İranla münasibətlərin yaxşılaşmağa doğru getməsidir. Belə ki, Azərbaycan və İran arasında aparılan danışıqlar nəticəsində Azərbaycanın İrandakı səfirliyini yeni ünvana köçürülərək öz fəaliyyətini bərpa etməkdədir. İran Vyana Konvensiyası çərçivəsində akkreditasiya ölkəsi kimi səfirliyin yeni binasının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görüb. Bu addım İranın diplomatik münasibətləri normallaşdırmaq istəyini əks etdirir. Hazırda İrandakı səfirlik binasında konsulluq xidmətlərinin təşkili istiqamətində işlər davam etdirilir və yaxın vaxtlarda konsulluq xidmətlərinin bərpası ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.
Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında irəliləməsinin ilkin şərtidir. Belə ki, bu addım münasibətlərin inkişafına, əldə olunmuş razılaşmaların həyata keçirilməsinə və ehtiyac duyulan məsələlərin həllinə mühüm töhfə verəcək. Onu da qeyd edək ki, Tehrandakı Azərbaycan səfirliyinə edilən hücum münasibətlərin zəifləməsinə əsas səbəb olub. Bu hadisədən sonra Azərbaycan tərəfi İrandan səfirliyin fəaliyyətini bərpa etmək və günahkarların cəzalandırılması üçün addımlar atacağını gözləyirdi. Görünən odur ki, gözləntilər özünü doğruldur. İran tərəfinin Azərbaycan səfirliyin təhlükəsizliyinə görə məsuliyyət daşıması İranın qarşılıqlı normallaşma prosesinə önəm verdiyinin göstəricisi hesab olunur.
Eyni zamanda səfirlik binasının yeni olması və mərkəzdə yerləşməsi İranın Azərbaycanla münasibətlərə verdiyi önəmi və əlaqələrin yaxşılaşdırılmada olan səylərini əks etdirir. Bütün bu düşünülmüş addımların nəticəsində səfirliyin yaxın vaxtlarda konsulluq xidmətlərinə başlayacağı gözlənilir. Bütün bu yaxşılığa doğru gedən irəliləmələr heç də təsadüf deyil. Belə ki, Cənab Prezident İlham Əliyev İranla dostluq münasibətlərinə həmişə böyük önəm verib. Eyni zamanda, Azərbaycan dövləti münasibətlər pozulandan bəri provokasiyalardan yayınaraq adekvat və xoşməramlı olub. Bütün bunların nəticəsində Azərbaycan İrana qarşı düşmən münasibət sərgiləməyib, anti-İran siyasətinə qoşulmayıb və həmişə İranın suverenliyinə hörmətlə yanaşıb.
Digər tərəfdən deyə bilərik ki, İranın son zamanlar Azərbaycanla münasibətlərdə verdiyi müsbət mesajlar İranın artıq Azərbaycanın yeni reallıqları ilə razılaşdığını göstərir. Belə ki, yeni seçilən Pezeşkian administrasiyası iki ölkə arasında münasibətləri inkişaf etdirmək və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı artırmaq əzmini açıq şəkildə göstərir. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası da İranın yeni prezidenti ilə münasibətlərin yaxşılaşması ilə üst-üstə düşür. Bu vəziyyəti Bakı administrasiyasının İranla münasibətləri normallaşdırmaq, birgə layihələr həyata keçirmək səylərinin nəticəsi kimi qiymətləndirmək olar.
Nəticə olaraq Məsud Pezeşkianın prezident seçilməsi ilə Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılmasını mühüm dönüş nöqtəsi saymaq olar. Yalnız iş bununla bitmir. Azərbaycan tərəfi həm də gözləyir ki, Pezeşkiyan və komandası İranda müxtəlif qüvvələrin Azərbaycana qarşı təxribat xarakterli bəyanatlarının və fəaliyyətinin dayandırılmasında mühüm rol oynayacaq. Digər tərəfdən İran artıq nəzərə alır ki, Azərbaycanla münasibətlərin yenidən pisləşməsi onun beynəlxalq blokadasını daha da dərinləşdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə