“Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır” - DEPUTAT DANIŞDI

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rolunu qoruyub saxlamaqla yanaşı, həm ənənəvi, həm də bərpa olunan enerji təchizatı sahəsindəki mövqelərini daha da gücləndirir.
Ölkəmiz uzun illər ərzində bütün digər sahələrdə olduğu kimi, enerji sektorunda da etibarlı tərəfdaş kimi çıxış edib.
Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırır. Prezident İlham Əliyevin iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxıında qeyd olunduğu kimi bu, çox böyük məsuliyyətdir. Bu yanaşma eyni zamanda, Azərbaycanın öz öhdəliklərinə sadiqliyini nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, hazırda məlum olduğu kimi Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür: “Qənaətimə görə, təkcə bu göstərici Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyindəki sabitləşdirici mövqeyinin vacibliyini vurğulamaq üçün yetərlidir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın danışıqlardan imtina etməsinə gəldikdə isə, təkcə bu fakt rəsmi İrəvanın Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olmadığını, regiondankənar qüvvələrin maraqlarının ifadəçisi missiyasını yerinə yetridiyini təsdiqləyir.
Bu fakt həm də sübuta yetirir ki, Ermənistan sülh müqaviləsinə maneə yaradan hüquqi problemləri aradan qaldırmaq, Azərbaycana qarşı konstyitusiya səviyyəsində ərazi iddialarına son qoymaq niyyətində deyil. Burada şübhəsiz ki, həm daxili, həm də xarici faktorlar rol oynayır. Amma xarici amil ön sıradandır və istisna etmirəm ki, Avropa İttifaqından kənar bir ölkədə - Böyük Britaniyada sülh danışıqlarının davam etdirilməsində maraqlı olmayan qüvvələr var”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə