ABŞ-nin Ermənistanda birgə hərbi təlim keçirməsi birbaşa İrana qarşıdır - Yunus Oğuz

"Regionda yaranan yeni geopolitikada İranı tamamilə uzaqlaşdırmaq niyyəti var"

Dünyada baş verən siyasi proseslər Cənubi Qafqaza təsirsiz ötüşmür. Xüsusən, ABŞ-nin Ermənistanla birgə hərbi təlim keçirməsi müzakirə mövzusuna çevrilb. Sözügedən hərbi təlimlərin hansı məqsəd daşıdığı barədə fikirlər isə müxtəlifdir. Müsahibimiz yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuzdur.

-Yunuz bəy, ABŞ-nin Ermənistanla birgə hərbi təlim keçirməsinin Azərbaycana qarşı yönəldiyi barədə fikirlər mövcuddur. Sizin məsələyə münasibətiniz nədən ibarətdir?
-Hazırda Qafqazda yeni gəzişmələr müşahidə olunur. Əvvəllər dediyimiz kimi Ermənistan artıq üç qüvvə arasında bölünüb. Bu bölüşmə Amerika, Avropa Birliyinin timsalında Fransa və Rusiya arasında aparılıb. Sadalanan qüvvələr faktiki olaraq İranı vurub bu sıradan çıxarıblar. İran nə qədər sırımağa çalışsa da ki, Ermənistan dostumuzdur, qardaşımızdır, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda ABŞ və Ermənistan hərbi qüvvələrinin birgə təlimi keçirildi. Çoxları düşünürdü ki, bu təlimlərdə məqsəd Ermənistanı gücləndirərək Azərbaycanla yeni müharibənin başlanmasına təhrik etməkdir. Əslində isə Amerika Ermənistan-Azərbaycan arasında müharibənin olmasının marağında deyil. Amerikanın Ermənistanda oturuşması, birgə hərbi təlimlərin keçirilməsi İrana qarşı planın tərkib hissəsidir. Hətta bu təlimlər İrana qarşı mesaj yox, birbaşa ona qarşı hazırlanmış plastdarmdır. Azərbaycan bu niyyətin reallaşması üçün plastdarm vermədi, bu halda ABŞ öz niyyətini Ermənistan üzərindən həyata keçirməyə üstünlük verdi. Nəzərə almaq lazımdır ki, hazırda İranın çevrəsində təkcə Ermənistan "azad" qalıb. Digər dövlətlərdən Azərbaycan müstəqil xarici siyasət yürüdür, Türkiyə, Pakistan, Əfqanıstan, Körfəzdə ərəb dövlətləri də eləcə, qalır bircə Ermənistan. Amerika da düşündü ki, gələcəkdə İrana güclü zərbə endirmək üçün ən yaxşı nöqtə Ermənistandır. Çünki Türkiyə və Azərbaycan Amerikanın istəyini etmir, bunu ancaq Ermənistan edə bilər. Ermənistan da bundan sui-istifadə edərək şərtlər qoyur ki, ölkənin Rusiyadan uzaqlaşmasına kömək edin, silahla təmin edin, NATO sistemində hərbi təlimlər keçirilsin və sair. Ən əsası isə Paşinyanın istəyi ondan ibarətdir ki, "məni daxili müxalifətin və Rusiyanın hərbi qiyamından qoruyun". Bu isə o deməkdir ki, ABŞ-nin Ermənistanda birgə hərbi təlim keçirməsi daha çox İrana qarşıdır.

- ABŞ-Ermənistan yaxınlaşması sülh müqaviləsinin bağlanmasına hansı təsirini göstərə bilər?
-Əslində bu cür addımlar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına təsirsiz ötüşmür. Hələ fevral ayında demişdim ki, nəinki bir-iki ayda, heç yaxın vaxtlarda sülh müqaviləsinin bağlanması gözlənilən deyil. Bu, bir faktdır ki, NATO "Şərq tərəfdaşlıq proqramı" çərçivəsində Amerikanın timsalında Cənubi Qafqaza doğru irəliləyir.

-ABŞ-də keçirilən prezident seçkilərində Tramp qalib gəlsə, ölkənin Cənubi Qafqaz siyasətində hansı yeniliklər müşahidə oluna bilər?
-Əgər Tramp prezident seçilsə, onun hansı siyasət yürütməsinə baxmayaraq Azərbaycanın xeyrinə olacaq. Xatırlayırsınızsa, Tramp prezident olanda demişdi ki, "biz Ermənistan-Azərbaycan müharibəsini izləyirik". Bayden isə, qondarma erməni soyqırımının adını çəkdi. Əsas məsələ odur ki, regionda yaranan yeni geopolitikada İranı tamamilə uzaqlaşdırmaq niyyəti var. Ola bilər ki, bu siyasət İranda azərbaycanlının prezident seçilməsilə əlaqədar bir qədər yumuşalsın. Hesab olunur ki, İranın xarisi siyasətində yeni seçilmiş prezident Məsud Pezeşkian danışıqlar apara bilər. İran təkcə özünün xarici siyasəti ilə yox, Türkiyə və Azərbaycanın əli ilə möhkəmlənə bilər, vəziyyəti istədiyi həddə gətirib çıxara bilər. Ona görə imkan verildi ki, İranda azərbaycanlı prezident seçilsin. Hələlik isə yeni prezidentin andiçmə mərasimi olmadığından konkret nəsə demək olmaz. Əsas odur ki, İranın məsələsinə əl qoyulub. Ermənistan da burada aparıcı rol oynayacaq. Orada hərbi bazaların yerləşdirilməsi və oradan da İrana hücum ola bilər. Bu də sənin uzun illər qardaş dediyin Ermənistan. Sual olunur, İran niyə susur? Fransa Ermənistana silah göndərdi susdun, Avropa İttifaqı 200-dən artıq müşahidəçi göndərdi səsin çıxmadı, ABŞ hərbi təlm keçirir yenə susursan. Amma, Azərbaycan Ermənistanla sülh müqaviləsi barədə hər hansı təkliflə çıxış edən kimi dərhal ortalığa çıxırsan ki, "bizim qırmızı cizgimizdir". Əslində İran çox gözəl başa düşür ki, vəziyyət bu cür davam edə bilməz. Heç bir halda qapalı şəraitdə inkişaf ola bilməz. Ona görə də hazırda çalışırlar ki, İran azərbaycanlı prezidentin əli ilə dünyaya çıxa bilsin. Məhz azərbaycanlı olduğuna görə.

-Sizcə, İran Azərbaycan və Türkiyənin əli ilə dünyaya çıxış imkanı əldə edə bilər?
-İranın bir şansı var. İran adını dəyişib İran İslam Türk Respublikası qoymalıdır. Ardınca Türk Dövlətləri Təşkilatına daxil olmalıdır. Əslində proseslər ona doğru gedir. Yalnız bu halda İrana qarşı siyasət bir az yumşalacaq. Çünki, Türk Dövlətləri Təşkilatının hədəfləri çox böyükdür. Artıq türk dövlətləri arasında iqtisadi, siyasi əlaqələrin genişləndirilməsi istiqamətində ciddi addımlara start verilib. Qazaxıstanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbi kontingentlərinin iştirakı ilə "Birlestik-2024" komanda-qərargah təlimləri baş tutub. İyulun 8-dən 17-dək davam edən təlimdə hərbi kontingentlər silahlı münaqişənin qarşısını almaq üçün birgə əməliyyat həyata keçiriblər.
Ermənistanın da xilası Türk Dövlətləri Təşkilatındadır. Birdə gördün ki, ermənilər arxiv sənədləri çıxartdılar ki, biz qıpçaq türkləriyik və bizi Türk Dövlətləri Təşkilatına daxil edin. Vaxtı gələndə Rusiya da bu addımı atacaq. Deyəcək ki, ölkənin yarısı türkdür. Elə təkcə Moskvada 4 milyon tatar yaşayır. Türk Dövlətləri Təşkilatının beynəlxalq gücə çevrilmə ehtimalı olduğundan NATO kimi təşkilatlar qısqanır, bizim üstümüzə yeriyirlər.

- Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayının baş tutmasını necə dəyərləndirirsiniz?
-Ataların bir misalı var. "Nə tökərsən aşına, o da çıxar qaşığına". 20-ci əsrin əvvəllərində Fransa "gənc türkləri" qurultay keçirmək üçün Parisə yığırdı. 1909-cu ildə Sultan Əbdülhəmidi də onlar devirdilər. Bunların hamısını Fransa təşkil edirdi. Üstündən yüz il keçib, indi də Fransanın özünə qarşı tədbir keçirilir. Artıq Azərbaycan 90-cı illərin kiçik Azərbaycanı deyil. İndi ərazimiz balaca olsa da gücümüz böyükdür. Çindən tutmuş Pakistan, Türkiyə, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq, Rusiya ilə strateji müttəfiqlik Azərbaycanı çox güclü edib. Məhz bunun nəticəsidir ki, Azərbaycanın mərkəzində, paytaxt Bakıda Fransanın müstəmləkəçilik əleyhinə qarşı qurultay keçirilir. Qurultayda 15 siyasi partiyanın iştirakı elə də sadə məsələ deyil. Bu faktlar bir daha deyir ki, dünyada geosiyasət dəyişir. Təbii ki, yeni geosiyasətdə Avropa istəyir ki, Ermənistan Qafqazda geosiyasi gücə malik olsun. Amma bu mümkün olan şey deyil, Ermənistan heç daxili siyasətini müəyyən edə bilmir. Əsas məsələ odur ki, inkişaf gedir və daşlar artıq tam yerində oturub. Daşlar yerində oturmasaydı, Azərbaycanda bu qurultay da, COP29- da keçirilə bilməzdi. İndi o daşların üstünü cilalamaq lazımdır ki, hər şey yağ kimi getsin.

-Türk Dövlətləri Təşkilatını NATO-ya alternativ hesab etmək olar?
-Dünyanın idarə olunması niyə birqütblü olmalıdır? Avropanın heç bir iqtisadi resursu yoxdur, lakin hər şeyi sümürüb aparmaq istəyi var. Bizim isə əhali, iqtisadi, təbii ehtiyatlarla bağlı potensialımz var. Allaha şükür ki, onu idarə edə biləcək siyasi güclərimiz də var. Biz sadəcə özümüzün inkişafını istəyirik.
Odur ki, TDT-nı heç bir halda NATO-ya alternativ görmək lazım deyil. Sadəcə onlar Türk Dövlətləri Təşkilatının güclənməsindən çox narahatdırlar. Çünki, əhalinin say çoxluğu buradadır, onlarda ilbəil azalır. Onlarda pensiyaçıların sayı məşğul əhalidən çoxdur. Ona görə də miqrantların ölkəyə daxil olmasına imkan verirlər. Dünyanı isə Hindistan xilas etməyəcək, dünyanı ədalətə söykənən birlik qurtaracaq. Hazırda Avropa, Amerika, hətta Rusiya dünyanı xilas edə bilmir. Çünki hamısında sümürgəçilik, somurma var. Məqsəd ondan ibarətdir ki, iqtisadi potensiala malik ölkələri somursunlar, özlərini isə başıqapazlı edib oturtsunlar.

Alim Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə