Müasir dövrdə Fransa daha qəddar müstəmləkə siyasəti həyata keçirir - DEPUTAT DANIŞDI
“Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz, Fransa tərəfindən törədilmişdir. Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Fransanın heç bir əsası olmayan iddiaları, neokolonializim və müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi ifşa olunmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, bu il iyulun 17-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultayın açılış mərasimi keçirilib. İki gün davam edən Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderland koloniyaları olan Bonayre və Sen-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edib.
Yeni Kaledoniyanın parlament üzvü Maria Saliqa bildirib ki, Fransa terrorçu dövlətdir. Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir və beynəlxalq səviyyədə müzakirə olunmalıdır. Makron Fransası bütün demokratiya qaydalarına üz çevirib. Fransız Polineziyasında bu ölkənin atom, nüvə testlərini yaxşı xatırlayırıq. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqı arasında bu gün də yaşanmaqdadır.
Qurultayda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru bildirib ki, Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs olunub. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qalıblar. Onlar arasında azyaşlı uşaqları olan qadınlar da var. Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan edir. Eyni zamanda, Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclərə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq imkanı verən tələbə-təhsil təqaüdü elan edib. Artıq bu ildən başlayaraq həmin ərazilərdən olan gənclər bu təqaüddən yararlana biləcəklər.
Deputat diqqətə catdırıb ki, bu gün Türkiyə və Azərbaycana qarşı ittihamlar irəli sürən Fransanın müharibə cinayətlərinin tarixi daha qədim, coğrafiyası isə olduqca genişdir. Separatçı erməniləri və işğalçı Ermənistanı dəstəkləyən fransız Senatı isə ilk növbədə, bu əməllərə siyasi qiymət verməlidir. XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın İkinci Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilər 13,5 milyon kvadratkilometr olub. Öz ərazisindən 20 dəfə böyük bir coğrafiyada talançılıq və qətllər törədən bu dövlətin imperiyanı bərpa etmək xəyalları isə hələ də qalır. Əsrlər boyu Afrikanın 20-dən artıq ölkəsində öz hakimiyyətini quran fransızların müstəmləkə siyasəti İkinci Dünya müharibəsindən sonra iflasa uğradı. Vyetnam, Laos, Hindistan, Kamboca, Nigeriya, Konqo və bir çox keçmiş müstəmləkə ölkələri İkinci Dünya müharibəsindən sonra müstəqillik əldə etdilər. Lakin bu, üçüncü dünya ölkələrinin əksəriyyətinin tabeçilik mövqeyini dəyişmədi və istismar yeni səviyyəyə keçdi. Müasir dövrdə Fransa daha qəddar müstəmləkə siyasəti həyata keçirir. Həmin dövlətlərə müstəqillik verməyə məcbur olan Fransa neokolonializm üsuli-idarəsini seçdi. Afrika ölkələrini əlindən buraxmaq istəməyən fransızlar yeni metodlara əl atdılar. Həmin dövlətlərin ərazilərində münaqişələr yaradaraq öz qoşunlarını da "sülhməramlı missiya" adı ilə orada yerləşdirdilər. Bu gün Fransa Ermənistanı silahla təchiz etməklə Cənubi Qafqaz regionunda da eyni təcrübəni tətbiq etməyə çalışır. Bu yanaşma sülhə xidmət etmir, əksinə, yeni münaqişənin alovlanmasına yönəlib.
K.Bayramov xüsusi olaraq vurğulayıb ki, Fransanın heç bir əsası olmayan iddiaları, neokolonializim və müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. Hesab edirəm ki, iki gün davam edən Qurultay, iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə, vahid platforma yaradaraq Fransa müstəmləkəçiliyinə qalib gəlmək üçün nəticəyönümlü fəaliyyətin əlaqələndirilməsinin yolları barədə müzakirələr apararaq ən səmərəli təcrübə və strategiyalar barədə fikirlərini bölüşəcəklər.
K.Bayramov əlavə edib ki, Qurultay koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan müstəmləkəçilik probleminə diqqət çəkməyə töhfə verəcək.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda konfransın iştirakçıları tərəfindən yaradılıb. Artıq bir ildir ki, Qrup müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, Bakı Təşəbbüs Qrupu tərəfindən artıq 15-dək beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri isə Bakıda keçirilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə