Paralment seçkiləri üçün lazımi ictimai-siyasi mühit var - ŞƏRH EDİLDİ
“Məlumdur ki, cari ilin iyun ayının 28-də Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 1 sentyabr 2024-cü il tarixində ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkiləri keçiriləcəkdir. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.
O bildirib ki, növbədənkənar Parlament seçkilərinin azad, demokratik, şəffaf və ədalətli şəkildə baş tutması üçün ölkə rəhbərliyi və aidiyyəti strukturlar tərəfindən bütün lazımi şərait yaradılıb. Azərbaycanda növbədənkənar VII çağırış Milli Məclisə seçkilərin keçirilməsinə artıq az vaxt qalıb qalıb. Bu proses ümummilli seçkilər kateqoriyasına aid edildiyindən onun hər bir mərhələsi və nəticəsi ölkə üçün sosial-siyasi baxımdan xüsusi önəm kəsb edir. Çünki parlament seçkilərinin nəticəsi və onun keçirilmə səviyyəsi siyasi sistemi təkmilləşdirən fundamental faktor kimi çıxış edir. Yəni, demokratik şəkildə baş tutan seçkilər siyasi sistemin elementlərinin təkmilləşməsinə, vətəndaşların siyasi iştirak və sosiallaşması səviyyəsinin artmasına, onların öz aktiv və passiv seçki hüquqlarından (seçmək və seçilmək hüququ) sərbəst şəkildə istifadə etməsinə, nəhayət, qanunverici orqanın fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artmasına real zəmin yaradır.
Bütün bunlar isə kompleks şəkildə ölkənin siyasi sisteminin demokratikləşdirilməsi prosesinə mühüm töhfələr verməklə yanaşı, siyasi subyektlərin sağlam rəqabətini də əsaslı müstəvidə təmin etmiş olur. Qısacası, parlament seçkiləri mahiyyətinə görə siyasi fəallığı və iştirakçılığı artıran, siyasi sistemin rəqabətlilik qabiliyyəti və demokratiklik səviyyəsini yüksəldən, siyasi mədəniyyət və davranışa yeni keyfiyyət çalarları əlavə edən və siyasi sistemin komponentlərini təkmilləşdirən ümummilli aksiya önəmi kəsb edir.
Məhz buna görə də, siyasi sistemin və reallığın tələblərinə, qanunauyğunluqlarına müvafiq surətdə demokratiya yolunda addımlayan ölkələr, o cümlədən, Azərbaycan üçün bu seçkilərin legitim və demokratik şəkildə keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Əlbəttə ki, parlament seçkilərinin demokratik şəkildə keçirilməsinə bir neçə amil təsir edir. Bunlara siyasi sistemin demokratiklik səviyyəsi, təkmil seçki məcəlləsinin mövcudluğu, siyasi subyektlərin legitim fəaliyyət imkanı və ölkədə hökm sürən sosial-siyasi sabitliyin səviyyəsi aiddir. Bundan əlavə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi nrəhbərliyi ilə ölkəmizin əldə etdiyi tarixi Zəfərlər bu amillərin əsas maddəsini təşkil edir. Bütün bunlar kompleks xarakter daşıdığından hər birinin təmin olunması xüsusi önəm kəsb edir.
Seçkiqabağı sosial-siyasi şəraiti müşahidə etdikdə aydın olur ki, yuxarıda sadalanan fundamental faktorlar ölkəmizdə yüksək səviyyədə təmin olunub. Yəni, Azərbaycan növbəti parlament seçkilərinə də təkmil Seçki Məcəlləsi və zəngin qanunvericilik bazası ilə gedir, eləcə də, siyasi sistemin demokratiklik səviyyəsi olduqca yüksək şəkildə təmin olunub. Bütün bunlar isə siyasi subyektlərin legitim fəaliyyətinə xüsusi stimulverici zəmin yaratmış olur. Ən əsası isə odur ki, seçkiqabağı siyasi sabitlik ənənəvi qaydada-hər zaman olduğu kimi, ən yüksək səviyyədə təmin edilib. Bu faktorun özü Milli Məclisə keçiriləcək seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasının əsas təminatçılarından biri qismində çıxış edir.
Beləliklə, Azərbaycanda seçkiqabağı siyasi sabitliyi göstərən bir neçə faktı diqqətə çatdırmaq xüsusi önəm kəsb edir. Birincisi, hakimiyyətin müstəsna xidmətləri sayəsində seçkilərdə iştirak edəcək bütün subyektlərə öz platformalarını təbliğ etmək üçün tam ədalətli və demokratik şərait yaradılıb. Bütün aidiyyəti strukturlar mümkün resurslardan istifadə edərək bərabər rəqabət şəraiti yaratmaqla seçkiöncəsi şəraitin demokratiklik və sabitlik səviyyəsini daha da gücləndirib. İkincisi, ümummilli aksiya önəmi kəsb edən parlament seçkilərinin demokratiklik səviyyəsinə kölgə sala biləcək dağıdıcı hallara və faktorlara qarşı öncədən lazımi tədbirlər görülüb. Bu, inzibati qaydada bütün demokratik ölkələrin üzərinə düşən ali vəzifə xarakteri kəsb etdiyindən Azərbaycan üçün də vətəndaşları qarşısında mövcud olan fundamental missiya önəmi kəsb edir. Dövlətimiz isə bu missiyanın uğurla reallaşdırılması yönündə məxsusi fəaliyyət göstərməkdədir.
Digər tərəfdən, hakimiyyətin uğurlu daxili siyasəti seçkiöncəsi mərəhələdə də sosial-siyasi sabitliyi təmin edən başlıca mexanizm qismində çıxış edir. Qısacası, hakimiyyət parlament seçkiləri öncəsi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməklə sahib olduğu resurslardan maksimum səviyyədə istifadə edərək sosial-siyasi sabitliyi yüksək şəkildə təmin etməyə çalışır. Və buna da nail olur. Bu isə öz növbəsində ölkəmizin demokratik seçki keçirmək ənənəsinin uğurla davam etdirilməsinə şərait yaradır.
Seçkiöncəsi mərhələdə yaradılmış demokratik şəraitin və əsaslı sosial-siyasi sabitliyin əsasında, əlbəttə ki, güclü siyasi iradə durur. Bu siyasi iradə isə ölkə rəhbərliyinin parlament seçkilərinə və demokratikləşmənin daha da sürətlənməsinə verdiyi önəmin bariz təzahürünü təşkil edir. Başqa sözlə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu günPrezident cənab İlham Əliyevin rəhbərliyi ilə mütəmadi surətdə prinsipiallıqla davam etdirilən demokratikləşmə siyasəti Milli Məclisə keçiriləcək seçkilərdə də özünü ən yüksək səviyyədə təcəssüm etdirir. Belə ki, seçkilərin demokratik, azad, şəffaf və ədalətli şəkildə keçirilməsinin vacibliyini və əhəmiyyətini xüsusi şəkildə önə çəkən hakimiyyətin səmərəli fəaliyyəti və yüksək siyasi iradəsi bu məsələdə təməl mexanizm və faktor kimi çıxış edir. Prezident cənab İlham Əliyevin timsalında ən yüksək səviyyədə dəfələrlə bəyan edilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin mütləq surətdə bərqərar olması və hüquqi dövlətin elementlərinin formalaşdırılması üçün bütün zəruri tədbirlər görülməkdədir.
Qeyd olunan məsələlər onu deməyə əsas verir ki, dövlət başçısının güclü və qəti siyasi iradəsi ölkəmizin demokratiya yolunda irəliləməsini təmin edən fundamental mexanizmdir. Bu gün isə bu iradə Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində özünü ən yüksək səviyyədə göstərir. Buradan da belə bir nəticə çıxarmaq olur ki, ölkə rəhbərliyinin güclü siyasi iradəsi sayəsində Azərbaycan perspektivdə də demokratiyanı təkmilləşdirən avanqard ölkələr sırasında özünün məxsusi yerini tutur.
Bir məsələni də diqqətə çatıraq ki, Parlament seçkilərinin ədalətli, demokratik, şəffaf və azad şəkildə keçirilməsi üçün ölkə rəhbərliyi və aidiyyəti strukturlar öz üzərlərinə düşən bütün öhdəlikləri uğurla, yüksək səviyyədə yerinə yetirdikləri halda, bəzi siyasi subyektlər növbəti dəfə dağıdıcı-destruktiv fəaliyyət göstərməkdən çəkinmirlər. Belə ki, stereotipləşmiş siyasi ideologiya və təfəkkürlə mübarizə meydanına atılan sözügedən qüvvələr öz mövqeləri ilə demokratik seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Başqa sözlə, siyasi savadsızlıq, köhnə-qəlibləşmiş ideoloji təfəkkür, aşağı səviyyəli siyasi mədəniyyət sözügedən müxalif qrupların başlıca xüsusiyyətlərini təşkil etməkdədir. Onların fəaliyyətləri vətəndaşların ictimai şüurunu manipulyasiya etmək, böhtan, şantaj, qara piar kimi vasitələrdən istifadə etməklə mövcudluqlarını qoruyub saxlamaq kimi primitiv metodları özündə ehtiva edir. Məhz buna görə də, Azərbaycan xalqı bu cür qüvvələrə birmənalı şəkildə etimadsızlıq göstərərək “yox” deyir və onların tutduqları “mövqe”yi tənqid edir.
Heç şübhə yoxdur ki, bu il keçiriləcək növbədənkənarseçkilərdən sonra da formalaşacaq Milli Məclis ölkəmizin hər tərəfli, ümumi inkişafına öz layiqli töhfəsini verəcəkdir. Bütün mütərəqqi tərəfləri ilə yanaşı, növbədənkənar parlament seçkiləri yeni dövrün reallığı olmaqla yanaşı ölkəmizdə demokratiyanın növbəti təntənəsi kimi də Zəfər tariximizdə öz layiqli yerini tutacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB