"Xarici təşkilatlar Ermənistanın sülh müqaviləsi bağlamasına əngəl törədir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan rəhbərliyi dəfələrlə bəyan edib ki, biz yaxın zamanda Azərbaycanla sülh müqaviləsi bağlamağa razıyıq. Ancaq buna mane olan həm qüvvələr var, həm də məsələlər var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, bunlardan ən birincisi, Azərbaycan Prezidenti ATƏT-in baş katibi H.M.Şmidlə görüşən zaman bildirdi ki, Ermənistan öz konstitusiyasında dəyişikliklər etməlidir, ondan sonra biz bu sülh müqaviləsini bağlayaq: "Çünki bildiyiniz kimi Ermənistanın konstitusiyasında onların qəbul etdiyi anti-Azərbaycan, anti-Türkiyə maddələr var. Konstitusiyanın birinci maddəsində göstərilir ki, Türkiyədə Şərqi Ermənistan, yəni 6 əyaləti özlərinə torpaq bilirlər, Azərbaycanın ərazi olan Qarabağı da öz əraziləri bilirlər. Buna görə də bu dəyişiklik onların qanununda olmalıdır, ondan sonra sülh müqaviləsi bağlana bilər. Ancaq digər tərəfdən də bir çox qeyri-hökumət, xarici təşkilatlar Ermənistanın daima sülh müqaviləsi bağlamasına əngəl törədir".

Onun sözlərinə görə, bu ilin aprelində Brüsseldə Ursula fon der Leyen, Entoni Blinken və Paşinyanın görüşündə Ermənistana yardımlar ayrıldı: "Bütün bunlar da Ermənistanın Rusiyadan qoparılması üçün addımlardır. Eyni zamanda da sözdə ABŞ desə ki, biz sülh müqaviləsinin tezliklə bağlanmasını istəyirik və buna dəstək oluruq, ancaq görünən odur ki, onların bir çox təşkilatları, o cümlədən Samanta Poverin rəhbərlik etdiyi təşkilat Ermənistana sülh müqaviləsinin bağlanmasına maneçilik törədir. Belə ki, o, Ermənistana tez-tez səfərlər edir. Bu yaxınlarda iyulun 9-10-da Ermənistanda oldu. Yenidən onlara yardım gətirdi. 2,4 milyon ABŞ dolları ayırdılar ki, Ermənistan vətəndaşlarının şəxsi məlumatlarının qorunması üçün xərclənsin. Eyni zamanda o, öz çıxışlarında bildirib ki, son 2 ildə bu təşkilat Ermənistana köməyini iki dəfədən çox artırıb. Bildirib ki, ABŞ Ermənistan iqtisadiyyatının artırılması üçün erməni biznesmenlərinə köməklik edir. 2020-ci ildə ABŞ-la Ermənistan arasında ticarət əlaqəsi cəmi 96 milyon idisə, artıq 2023-cü ildə bu rəqəm artaraq 321 milyon dollardan çox olub. Bu mənada onlar daha da Ermənistan iqtisadiyyatını inkişaf etdirmək üçün kömək edirlər. S.Pover öz çıxışlarında Azərbaycana qarşı hədyanlar səsləndirir. O cümlədən Qarabağdan çıxıb gedən ermənilərin Qarabağa qaytarılmasının mütləq olduğunu bildirir. Ancaq öz çıxışında bildirmir ki, Ermənistandan da zorla qovulub çıxarılan 250 mindən artıq azərbaycanlı öz dədə-baba torpaqlarına qaytarılsın. Yəni onun həmişə Ermənistana gəlməsi, oradan da qeyri-obyektiv fikirlər səsləndirməsi, demək olar ki, bir hal alıb. Anti-Azərbaycan isterikasından çıxış edir və Ermənistana daha çox yardım edəcəklərini, Ermənistanı gücləndirəcəklərini bildirirlər. Bu da, təbii ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına əngəl törədən ən böyük amillərdən biridir"

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə