PREZİDENT İLHAM ƏLİYEV: "Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq"
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyi edəcək. 1995-ci ildən etibarən hər il keçirilən konfransda dünyanın iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirilir. COP29-un bu ilin noyabr ayında Bakıda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun günbəgün artdığını sübut edir.Hazırda 180-dən çox ölkəni birləşdirən bu konfranslar ilk illər böyük diqqət cəlb etməsə də XXI əsrdə ən vacib siyasi hadisələrindən birinə çevrilib. Zaman-zaman fərqli ölkələr konfransa ev sahibliyi etmək uğrunda yarışırlar: bu, həm ekoloji məqsədlərə sadiqlik, həm də qlobal ekoloji gündəmi özünəməxsus şəkildə korrektə etmək imkanı kimi dəyərləndirlir. Adətən konfransa ev sahibliyi edən tərəf tədbirin gedişinə təsir imkanına malik olmur. Hər görüşdə növbəti COP-un gündəliyi təsdiqlənir. Ancaq ev sahibi olan ölkə fərqli seminar və disskusiyaların gündəliyinə əlavələr, həmçinin kənar təşəbbüslərlə çıxış edə bilər. Məhz ötən ilin dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə də ölkəmizin növbəti böyük uğura imza atacağının təsdiqləyir.
Müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək: "Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir".
"COP29 BEYNƏLXALQ KONFRANSINI DA BİZ YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRƏCƏYİK VƏ BU, ÖLKƏMİZİN, XALQIMIZIN NÖVBƏTİ BÖYÜK UĞURU OLACAQ"
Prezident İlham Əliyev onu da bildirib ki, COP29-a hazırlıq işləri ən vacib amildir: "Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik".Dövlətimizin başçısı deyib: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".
"Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq", - deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: "Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi".
"İKİ HƏFTƏ ƏRZİNDƏ BAKI DÜNYANIN MƏRKƏZİ OLACAQ"
Dövlətimizin başçısı keçirilən müşavirədə onu da vurğulayıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik.Bu il Azərbaycanın Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirdiyini xatırladan dövlətimizin başçısı bildirib: "Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq".
"Bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil", - deyən Prezident İlham Əliyev onu da bildirib ki, biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır: "Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir".
"FRANSADA BƏZİ SİYASİ LİDERLƏR ERMƏNİLƏRDƏN DAHA ÇOX ERMƏNİ OLMAĞA ÇALIŞIRLAR"
"Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir". Bu fikri Prezident İlham Əliyev keçirilən müşavirədə deyib.
Bəzi Qərb ölkələrinin, ənənəvi olaraq da Fransanın bununla barışmaq fikrində olmadığını qeyd edən dövlətimizin başçısı bildirib: "Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar".
Azərbaycan Prezidenti onu da vurğulayıb ki, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: "Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".
COP29-un ölkəmizdə keçirilməsi barədə qərarın əhəmiyyətinə toxunan dövlətimizin başçısı vurğulayıb: "Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi".
COP29-DA İŞTİRAK EDƏCƏK DÜNYA LİDERLƏRİ AZƏRBAYCANIN DİNAMİK İNKİŞAFINA ƏYANİ SURƏTDƏ ŞAHİD OLACAQLAR
COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə böyük nüfuz qazanıb. Eyni zamanda bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. COP29-da iştirak edəcək dünya liderləri Azərbaycanın dinamik inkişafına əyani surətdə şahid olacaqlar ki, bu amil dövlətimizin beynəlxalq nüfuzunun daha da güclənməsini özündə ehtiva edəcək. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan yaratdığı yeni reallıqları dünyaya təqdim edəcək. Və bütün bunlar, sözsüz ki, beynəlxalq müstəvidə ölkəmizə əhəmiyyətli dividentlər qazandıracaq.
Ümumilikdə, bu tədbir Azərbaycanın beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək. Görünən odur ki, Prezident İlham Əliyevin reallaşdırdığı strategiya sayəsində beynəlxalq arenada oyun qaydalarını öz xeyrinə dəyişən Azərbaycan artıq dünyanın iqlim gündəliyinin formalaşdırılmasında yaxından iştirak edir. Əlbəttə ki, iqlim konfransları üçün xarakterik olan yekun deklarasiya ətrafında "rəqslər"in COP29-da da təkrarlanacağı ehtimal ediləndir. Ancaq qlobal iqlim siyasətinin implementasiyası, dəqiqləşdirilməsi və inkişafını hədəfləyən bu Sammitin konkret istiqamətlərdə həmin siyasətə əhəmiyyətli dərəcədə təsir göstərən müqavilələr, iqlim reallıqları və trendləri nəzərə alınmaqla işlənəcək ağlabatan, Azərbaycanda olduğu kimi davamlı inkişaf strategiyasının tərkib hissəsi olan, "İnsan iqlim üçün yox, iqlim insan üçün" şüarına dayanan taktika və strategiyalara yelkən açılması ilə tarixə düşəcəyi şübhəsizdir. Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: "Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq". Və bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə