Yeni Azərbaycan Partiyası zəfər seçkisinə hazırlaşır TƏHLİL

YAP sentyabrın 1-də keçiriləcək parlament seçkilərində növbəti qələbəsini yazacaq

Bu gün cəmiyyətimizin bütün təbəqələrində müzakirə olunan, diskusiyalar yaradan əsas mövzu sentyabrın 1-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləridir. İctimaiyyətin seçki məsələsinə xüsusi diqqət ayırması öz talelərinə, eləcə də dövlət maraqlarına önəm verdiklərini göstərir. Təbii ki, cəmiyyətin seçimi bu dəfə də Cənubi Qafqazın lider partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər olacaq. Çünki xalq inam və etimad yeri olan YAP-a xüsusi rəğbət nümayiş etdirir. Həm də YAP Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu və Fateh Sərkərdə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyadır. Digər tərəfdən YAP parlament seçkilərinə özünün ən layiqli, ölkə üzrə böyük nüfuz və hörmət sahibi olan şəxslərin namizədliyini irəli sürür. Bu dəfə də tanınmış, böyük dövlətçilik təcrübəsi olan şəxslərin namizədlikləri irəli sürülüb. Yeni Azərbaycan Partiyasının iyulun 17-də keçirilən İdarə Heyətinin iclasında 2024-cü il sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını təsdiqləyib. Siyahıya nəzər yetirdikdə bir daha aydın olur ki, namizədlər sayılıb-seçilən, tanınmış şəxslərdir. Təbii ki, onların hər biri Milli Məclisin üzvü olmağa layiqdirlər. Bu və digər amilləri nəzərə almaqla demək olar ki, parlament seçkilərinin qalibi Yeni Azərbaycan Partiyası olacaq. Bunu demək üçün kifayət qədər əsaslarım var. Fakt ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərimiz Heydər Əliyev siyasətinin qurucusu olduğu və Azərbaycanın inkişafına önəmli töhfələr verən partiyadır. Xalqın partiyası adını alan YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Hazırda Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi təşkilat mövcud deyil. Xalq YAP-a böyük inam və etimad bəsləyir. Bu baxımdan da 1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdə böyük nüfuza malik partiya olduğunu göstərir. Qazanılan uğurların davamlı olacağı şübhəsizdir. Çünki Ulu Öndərimizin əsasını qoyduğu və Prezidentimiz İlham Əliyevin davam etdirdiyi xeyirli, gərəkli fəaliyyət bunu deməyə əsas verir. Fateh Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərir.

YAP qələbələr partiyasıdır

Hazırda Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox insan birləşir. Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır". Reallıqlara əsasən demək olar ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə genişmiqyaslı quruculuq abadlıq işləri həyata keçirilmiş, sosial iqtisadi sahədə nailiyyətlər qazanılmış, işğaldan azad edilmiş ərazilərimizin azadlığına qovuşması təmin edilmişdir. Son 20 il ərzində Azərbaycanın valyuta ehtiyatları 40 dəfə artmışdır, Azərbaycanın strateji valyuta ehtiyatlar isə 67, 8 milyard ABŞ dolları təşkil edir. Ötən 20 il ərzində Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa, Bakı - Novorossiysk neft və Bakı - Tbilisi - Ərzurum neft-qaz sektoruna 30 milyard ABŞ dollarından artıq sərmayə cəlb edilmiş, geniş ixrac infrastrukturu yaradılmış və ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Xarici investiyanın ölkə iqtisadiyyatına cəlb edilməsi nəticəsində Dövlət Neft Fondunun valyuta ehtiyatları dəfələrlə artmışdır. Təbii ki, maliyyə daxil olunmaları müxtəlif sosialyönümlü layihələrin icrasına, əhalinin sosial vəziyyətlərinin yaxşılaşmasına, yeni iş yerlərinin artmasına xidmət edir. Beynəlxalq maliyyə fondlarının gəldikləri qənaətə və açıqladıqları illik hesabatlara görə, Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən dövlətdir. Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılıb. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb. Son 20 ildə ölkədə minlərə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılIb, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib. Ölkədə səhiyyə islahatları da uğurla reallaşır. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikildi, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən quruldu, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazandı.

Bundan sonra da dünyanın müxtəlif parlamentləri ilə əlaqələr genişlənəcək

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib. Şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara dövlət tərəfindən 11 min manat vəsait verilməsi həyata keçirilib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində Prezident İlham Əliyev tərəfindən təstiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə geniş və əhatəli əlaqələr quran Azərbaycan bununla dünyada ən etibarlı tərəfdaş ölkə olaraq tanınır və qəbul edilir. Məhz bu etibarın və inamın nəticəsi olaraq Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi dövlətimizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycanın Sədrliyi dövründə Qoşulmama Hərəkatı ən dinamik inkişaf dövrünü yaşamışdır. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının təsis olunması Azərbaycanın prinsipial fəaliyyətinin nəticəsidir. Qoşulmama Hərəkatının Bakıda keçirilən konfransında Prezident İlham Əliyev Parlament Şəbəkənin əhəmiyyətindən danışarkən demişdır: "Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq".

Azərbaycanın adı dünyanın aparıcı dövlətləri siyahısındadır

2018-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində Cənab İlham Əliyevin yenidən Prezident seçilməsi bir daha xalqımızın Ona inandığını, etimad və etibar etdiyini, daxili və xarici siyasətini dəstəklədiyini göstərir. Xalqın dəstəyi, ordunun qüdrəti, Müzəffər Ali Baş Komandanın Sərkərdəlik məharəti işğal altında qalan torpaqlarımızın azad edilməsini hədəflədi. Bir zaman ən adi silahları xaricdən alan Azərbaycan 2005-ci ildə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin hesabına özü müasir silah və texnika istehsal etməyə başladı. Nazirliyin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur.Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlının təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü.2020-ci ilin sentyabrın 27-dən başlayan Vənənin müdafiəsi, düşmənin yerində oturdularaq işğal altında olan torpaqların azad edilməsi uğurunda "Dəmir yumruq" əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Müzəffər Ordumuzun 44 günlük savaşda 300-ə qədər kəndi, 5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi. Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində demişdir: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!. Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!".

30 il işğal altında olmuş torpaqlarımızın erməni vandallarından təmizlənməsi Prezident İlham Əliyevi böyük Sərkərdəlik məharətinin, diplomatik bacarığının nəticəsi idi. Xalq Fateh Sərkərdəyə öz təşəkkürünü, minnətdarlığını 7 fevral 2023-cü ildə keçirilən prezident seçkilərində yenidən Onun Prezident seçilməsinə dəstək verməklə nümayiş etdirdi. Bundan sonra Azərbaycanın sosial-iqtisadi uğurları və beynəlxalq aləmdə nüfuzu daha geniş xarakter almağa başladı. Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi də şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Azərbaycan qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. 2023-cü ilin dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirdə qeyd etdiyi kimi, ölkəmiz növbəti böyük uğura imza atıb: "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".

Bir sözlə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində xalqın istək və arzusu olduğu bütün hədəflərə nail olunub. Sentyabrın 1-də keçiriləcək azad, demokratik parlament seçkilərində YAP növbəti dəfə xalqın etimadını qazanmaqla müstəqil Azərbaycan tarixinə növbəti parlaq seçki zəfərini yazacaq.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə