Möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş münasibətlər ŞƏRH
Pakistan - Azərbaycan dostluğu, qardaşlığı çox qədim keçmişə malikdir ki, bu da əsrlərlə bundan əvvələ təsadüf edir. Ölkələrimiz arasında hər zaman qarşılıqlı dəstək mövcud olub və Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, bütün beynəlxalq məsələlərdə bir-birini həmişə dəstəkləyir.
Bu ilin 11 iyul tarixində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev İslamabada dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatda bütün bunları bir daha xatırladaraq vurğuladı ki, Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur.
Ölkə Başçısının söylədiyi kimi, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir.
Ölkə Rəhbəri onu da diqqətə çatdırdı ki, sərmayələrin ilkin həcmi təxminən iki milyard dollardır. Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və bir sıra digər istiqamətlər üzrə olan layihələr artıq müzakirə olunub.
Əməkdaşlığın şaxələnməsindən danışan ölkə rəhbəri bildirdi ki, güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq. Güzəştli ticarətə gəlincə ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən olunub. Lakin bu, yalnız başlanğıcdır. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq.
İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlər hər iki ölkənin həyatında mühüm rol oynayacaq. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Pakistan İslam Respublikasının “Pakistan Televiziya Korporasiyası” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Pakistan İslam Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu” iki ölkə arasında imzalanmış tarixi əhəmiyyət daşıyan sənədlərdir.
Hazırki reallıq ondan ibarətdir ki, Azərbaycan - Pakistan arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. 11 iyul tarixli İslamabad görüşü bir daha təsdiqlədi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.
Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə