Bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Bu mənada xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Bununla yanaşı, istənilən dövlətdə seçkilərin ədalətli və şəffaf həyata keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev altıncı çağırış ölkə parlamentinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bu ilin 1 sentyabrında Azərbaycanda növbəti dəfə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra Azərbaycanın 7-ci çağırış Milli Məclisi formalaşacaq. Milli Məclisin Prezidentə erkən parlament seçkisinin keçirilməsi barədə müraciətinin təşəbbüskarı da məhz hakim partiya - Yeni Azərbaycan Partiyası olub. Belə ki, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti parlamentdəki deputatlarına "COP29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi beynəlxalq tədbirlərlə parlament seçkilərinin eyni vaxtda keçirilməməsi üçün” Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edib. İyunun 27-də Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsini Konstitusiyaya uyğun hesab edib.
Həqiqətən də unutmaq olmaz ki, Azərbaycan xalqı şərqdə ilk parlamentli respublika yaratmışdır. Bu gün də həmin missiya davam etməkdədir. Müstəqillik qazanandan bəri Azərbaycan Respublikasında plural fikrə, dəyərlərə daim hörmətlə yanaşılıb. Şübhəsiz ki, belə bir müqəddəs vəzifə daim YAP-nın üzərinə düşüb. Azərbaycanda siyasi proseslərin daim önündə gedən YAP cəmiyyətdəki ictimai şüurun inkişafı və dövlət quruculuğu kimi məsələlərə böyük töhfələr verib. Ümummilli lider Heydər Əliyevin qurduğu YAP 1995-ci ildə parlament seçkilərində qətiyyətlə qələbə əldə etmiş oldu. Bu da Müstəqil Azərbaycanda ilk demokratik seçkilərin keçirilməsində ənənəviliyin əsasını qoydu.
Bildiyimiz kimi, Milli Məclis 125 deputatdan ibarətdir və həmin deputatlar 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Konstitusiyasına deyir ki, seçkidə iştirak etmək hüququna malik olan, yəni 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşları Milli Məclisin deputatı seçilə bilər.
Heç şübhəsiz, parlament seçkiləri mahiyyətinə görə siyasi fəallığı və iştirakçılığı artıran, siyasi sistemin rəqabətlilik qabiliyyəti və demokratiklik səviyyəsini yüksəldən, siyasi mədəniyyət və davranışa yeni keyfiyyət çalarları əlavə edən və siyasi sistemin komponentlərini təkmilləşdirən ümummilli aksiya önəmi kəsb edir. Məhz buna görə də, siyasi sistemin və reallığın tələblərinə, qanunauyğunluqlarına müvafiq surətdə demokratiya yolunda addımlayan ölkələr, o cümlədən, Azərbaycan üçün bu seçkilərin legitim və demokratik şəkildə keçirilməsi müstəsna əhəmiyyət kəsb edir.
Əlbəttə ki, parlament seçkilərinin demokratik şəkildə keçirilməsinə bir neçə amil təsir edir. Bunlara siyasi sistemin demokratiklik səviyyəsi, təkmil seçki məcəlləsinin mövcudluğu, siyasi subyektlərin legitim fəaliyyət imkanı və ölkədə hökm sürən sosial-siyasi sabitliyin səviyyəsi aiddir. Bütün bunlar kompleks xarakter daşıdığından hər birinin təmin olunması xüsusi önəm kəsb edir.
Bu gün əminliklə demək olar ki, ölkəmizdə parlamentarizm mədəniyyəti artıq formalaşıb. Parlament ölkənin siyasi həyatında sivil, demokratik dəyərlərin formalaşmasını təmin edə bilib. Artıq 6 dəfə Azərbaycanda parlament seçkilərinin keçirilməsinin şahidi olmuşuq. Hər dəfə demokratik seçki istiqamətində irəliyə doğru inkişaf təmin edilib.
Müxalif partiyaların iştirakı ilə keçirilən seçkilərdə siyasi fikir ayrılığı daim nəzərə alınıb, qarşı tərəfin mövqeyinə hörmətlə yanaşılıb. Televiziya vasitəsilə bütün siyasi qüvvələrin seçicilərlə təmasda olmaq, platformaların xalqa çatdırılmasına hərtərəfli şərait yaradılıb. Seçki prosesi həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən diqqətlə izlənilib. Seçkilərin yekunları demokratiklik baxımından həmişə yüksək qiymətləndirilib.
Müxalif siyasi qüvvələrin hakimiyyətə qarşı seçki saxtakarlığı iddiaları da daim qətiyyətlə rədd edilib. Müxalif siyasi qüvvələrin saxtakarlığın qarşısını aılmaq üçün təklif etdiyi şəffaf qutu, barmaqların rənglənməsi kimi təşəbbüslərdə qəbul edilmiş, qanunvericiliyin tələbləri səviyyəsinə qaldırılmışdır. Bu da onu göstərir ki, hakimiyyət demokratik dəyərlərin inkişaf etdirilməsi, ölkəmizdə seçki proseslərinin daha da mütərəqqi olması üçün daim siyasi qüvvələrlə əməkdaşlıqda maraqlı olub.
Seçkiqabağı sosial-siyasi şəraiti müşahidə etdikdə aydın olur ki, yuxarıda sadalanan fundamental faktorlar ölkəmizdə yüksək səviyyədə təmin olunub. Yəni, Azərbaycan növbəti parlament seçkilərinə də təkmil Seçki Məcəlləsi və zəngin qanunvericilik bazası ilə gedir, eləcə də, siyasi sistemin demokratiklik səviyyəsi olduqca yüksək şəkildə təmin olunub. Bütün bunlar isə siyasi subyektlərin legitim fəaliyyətinə xüsusi stimulverici zəmin yaratmış olur. Ən əsası isə odur ki, seçkiqabağı siyasi sabitlik ənənəvi qaydada-hər zaman olduğu kimi, ən yüksək səviyyədə təmin edilib. Bu faktorun özü Milli Məclisə keçiriləcək seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasının əsas təminatçılarından biri qismində çıxış edir. Beləliklə, Azərbaycanda seçkiqabağı siyasi sabitliyi göstərən bir neçə faktı diqqətə çatdırmaq xüsusi önəm kəsb edir.
Birincisi, hakimiyyətin müstəsna xidmətləri sayəsində seçkilərdə iştirak edəcək bütün subyektlərə öz platformalarını təbliğ etmək üçün tam ədalətli və demokratik şərait yaradılıb. Bütün aidiyyəti strukturlar mümkün resurslardan istifadə edərək bərabər rəqabət şəraiti yaratmaqla seçkiöncəsi şəraitin demokratiklik və sabitlik səviyyəsini daha da gücləndirib. İkincisi, ümummilli aksiya önəmi kəsb edən parlament seçkilərinin demokratiklik səviyyəsinə kölgə sala biləcək dağıdıcı hallara və faktorlara qarşı öncədən lazımi tədbirlər görülüb. Bu, inzibati qaydada bütün demokratik ölkələrin üzərinə düşən ali vəzifə xarakteri kəsb etdiyindən Azərbaycan üçün də vətəndaşları qarşısında mövcud olan fundamental missiya önəmi kəsb edir. Dövlətimiz isə bu missiyanın uğurla reallaşdırılması yönündə məxsusi fəaliyyət göstərməkdədir.
Digər tərəfdən, hakimiyyətin uğurlu daxili siyasəti seçkiöncəsi mərəhələdə də sosial-siyasi sabitliyi təmin edən başlıca mexanizm qismində çıxış edir. Qısacası, hakimiyyət parlament seçkiləri öncəsi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməklə sahib olduğu resurslardan maksimum səviyyədə istifadə edərək sosial-siyasi sabitliyi yüksək şəkildə təmin etməyə çalışır. Və buna da nail olur. Bu isə öz növbəsində ölkəmizin demokratik seçki keçirmək ənənəsinin uğurla davam etdirilməsinə şərait yaradır.
Mövcud reallıq da ondan xəbər verir ki, Azərbaycan demokratik, açıq və şəffaf seçki keçirməyə qadirdir. Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verir. Azərbaycanda hər bir insan özünün seçib seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir. Son prezident, parlament və bələdiyyə seçkilərində tətbiq olunan bir sıra yeniliklər - müxtəlif təşkilatlar tərəfindən "exit-poll"un keçirilməsi, səsvermə məntəqələrində veb-kameraların quraşdırılması, barmaqların mürəkkəblə işarələnməsi təsdiq edir ki, Azərbaycan Respublikası seçkilərin şəffaflığının təmin olunması üçün istənilən mütərəqqi və ən yeni üsulları tətbiq etməyə hazırdır.
Xüsusilə sevindirici haldır ki, bütün ərazilərimizdə suverenlik təmin olunandan sonra Azərbaycanın bütün ərazilərində keçirilən Prezident seçkilərindən sonra ilk parlament seçkiləri keçirilir. İndi 1 sentyabrda xalqımız ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə də seçkilərdə iştirak edəcəklər. Keçmiş məcburi köçkünlərin bir hissəsi artıq azad olunmuş rayonlarda öz deputatlarını seçəcəklər. Bu gün 8 minə yaxın insan öz ata-baba yurdlarına qayıdıb. Həmin rayonlarda seçki məntəqələri qurulmuşdur. 1 sentyabrda onlar öz doğma yurdlarında seçki məntəqələrinə gedəcəklər və böyük qürurla səs verəcəklər.
Təbii ki, bu, cənab Prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyi altında yazılan yeni tarixin ilk səhifələri, ölkədə demokratik və siyasi açılımın məntiqli davamıdır.
Asif Əsgərli
YAP İdarə Heyətinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə