"Heç bir səfir Ermənistanın yerində pulsuz vəkil rolunu oynamamalıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Heç bir səfir Ermənistanın yerində pulsuz vəkil rolunu oynamamalıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İran Azərbaycana qonşu dövlətdir. Vaxtı ilə 1918-1920-ci illərdə də biz İranla qonşu dövlət olmuşuq. Doğrudur, əvvəl münasibətlərimizdə soyuqluq olub, İranın Cümhuriyyəti qəbul etmək planında müəyyən etirazlar, iddialar olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

O bildirib ki, ancaq 1920-ci ilin martında Azərbaycanı defakto və de-yure tanıyan ilk dövlət İran dövləti olub: "70 illik Sovet dönəmi də məlumdur. Yəni, İranın Sovet dövləti ilə münasibətləri, sərhədi olub. Artıq bu Sovet-İran münasibətləri mövcud və mümkün idi. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bizimlə İran arasında yenidən sərhəd mövcud olub və bu gün də mümkündür. Ermənistanın Azərbaycana təcavüzü dövründə İranın Azərbaycanla münasibətlərində, Azərbaycanın haqq işini müdafiə etməyində, hətta İranın vasitəçi dövlət rolunda iştirak etməklə bağlı çoxlu fikirlər var. İranda hakimiyyət dəyişdikcə İranın Azərbaycana münasibətində sabitlik yox, müəyyən dərəcədə bir-birindən fərqli olan fikirlər mövcud olub. Ancaq Azərbaycan dost İran dövləti və xalqına münasibətdə həmişə ədalətli mövqe ilə diqqəti cəlb edib. İrana qarşı sanksiyalar tətbiq olunarkən Azərbaycan heç vaxt bu sanksiyaları təqdir etməyib".

"Nəhayət 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə İranın Azərbaycana olan münasibəti və Ermənistana olan səmimi münasibəti üzə çıxdı. Azərbaycanın haqq işində İranın faktiki olaraq əməl sahibi olduğunu görmədik. Amma bundan sonrakı məsələləri nizama salmaq üçün Azərbaycan dövləti ilə İran arasında da kifayət qədər danışıqlar gedib, məsələlərin əksəriyyəti danışıqlar yolu ilə həll olunub. Amma bu yaxınlarda İranın

Ermənistandakı səfirinin həm Qarabağla bağlı, həm də Zəngəzur koridoru ilə bağlı söylədiyi fikirlər nə səfirə yaraşır, nə də Azərbaycana qonşu olan İran vətəndaşına. Heç bir səfir Ermənistanın yerində pulsuz vəkil rolunu oynamamalıdır. O, vəkil deyil, səfirdir. Ermənilər bu ərazidən necə çıxıb, niyə çıxıbsa, bunu hamı görüb. Erməni özü də etiraf edir ki, ona yanacaqdan tutmuş, su, ərzağa qədər kömək olunub. Yəni ona qarşı heç bir zorakılıq olmayıb. Əgər bu səfirin yaddaşı yerindədirsə, gözləri görür, qulaqları eşidirsə, görmür ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində bu ərazidən Qarabağ dediyimiz tarixi ərazimizdən azərbaycanlılar necə amansızcasına, döyülərək, söyülərək, öldürülərək, əmlakı əlindən alınaraq qovulublar. Məgər səfir bunları görməyib? Məgər ermənilərin buradan çıxıb getməsi ilə azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulması arasındakı fərqi görmür? Əgər bu səfir bu fərqi görə bilmirsə, onda o, necə səfir, necə sülh elçisi ola bilər? Mənə elə gəlir ki, səfir sifətində, simasında olan bu insan, onun sərsəm danışıqları Azərbaycan-İran münasibətlərinə xələl gətirməməlidir. Bu səfirin şəxsi düşüncəsi ola bilər. Ermənistanda yaşadığına görə də erməniyə yaltaqlana bilər. Amma ümumilikdə isə bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirə bilməz. Bu gün İranda Azərbaycan Səfirliyi yenidən işə başlayıb. Mən əminəm ki, gələcəkdə də Azərbaycanla İran arasında hansı boşluqlar varsa, onlar tamam aradan qaldırılacaq, iki qonşu dövlət bir-birinin maraqlarını təmin etməklə aralarındakı səmimi münasibət yenidən yaranacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə