Azərbaycan-Pakistan: Tarixi dostluq və strateji tərəfdaşlıq TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan və Pakistan istənilən beynəlxalq məsələdə bir-birini dəstəkləyir"
"Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır".Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.Bu bağlantının böyük sərvət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq".
AZƏRBAYCAN-PAKİSTAN: TARİXİ DOSTLUQ VƏ STRATEJİ TƏRƏFDAŞLIQ
Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən müxtəlif sahələrdə uğurla davam etdirilir.Bu dost ölkə keçmiş münaqişə ilə bağlı hər zaman öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.
Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır. Ölkəmiz bu məsələdə Pakistanın haqlı mövqeyini dəstəkləyir və Pakistan ilə həmrəydir. Eyni zamanda, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.Göründüyü kimi, hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edir. Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir.Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunumuş, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib. Həmçinin, 30 min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb.
Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.
SİYASİ SƏMİMİYYƏT VƏ QARŞILIQLI ETİMAD MÜHİTİ
İyulun 11-12-sində Prezident İlham Əliyevin Pakistana dövlət səfəri iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə ikitərəfli və geniştərkibli görüşləri keçirilib. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanıb. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.
İyulun 11-də İslamabadda keçirilən rəsmi mərasimlərin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında, Prezident İlham Əliyev İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatında olduqca vacib məqamlara toxunub. Ölkəmizin başçısı bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Bu bir reallıqdır ki, Pakistanla Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Azərbaycan-Pakistan münasibətlərinin inkişafı tarixi köklər və mənəvi dəyərlərə bağlılıq üzərində inkişaf edir. Bu mənada ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında deyib ki, "Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib".
Azərbaycanın da həmişə kəşmirlilərin haqq işini dəstəklədiyini vurğulayan Baş nazir bildirib: "Mən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur".
Göründüyü kimi, hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edir. Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edib: "Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. ... Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır".
Baş nazir Məhəmməd Şahbaz Şərif isə Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edib. O bildirib: "Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik".
Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli vədədə dərinləşməsini təmin edəcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB