COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq - Vüqar Rəhimzadə

Bu gün ölkə və dünya mətbuatından əsas müzakirə mövzularından biri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olan COP29-a ev sahibliyidir. Konfransın əsas məqsəd və məramının nədən ibarət olduğuna diqqət yetirdikdə belə mötəbər tədbirə Azərbaycanın ev sahibliyini şərtləndirən amillər bəlli olur. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi hazırkı dövrün əsas çağırışlarındandır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə, həmçinin bu istiqamətdə beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə işıq salır. Azərbaycan daim dünyaya bu çağırışı edir ki, qlobal problemlərin həllində qlobal birlik, həmrəylik vacibdir. Dövlət başçısı İlham Əliyev bu günlərdə “Euronews” televiziyasına müsahibəsində bu mühüm məqamı da xüsusi qeyd etdi ki, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. BP sərmayədarlarımız sırasındadır. Ölkəmizlə əməkdaşlıq etməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri tərəfdaşlarımızla həll etməliyik.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, COP tədbirləri ən çox dünya liderlərini bir araya gətirən toplantılar kimi tarixə düşüb. 197 ölkəni özündə birləşdirən Tərəflər Konfransına Azərbaycanın ev sahibliyi təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın diplomatik uğurudur. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar və tərəfdaşlar qazanmasında stimulverici amil rolunu oynayır. Ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur və onların zaman-zaman yeni prioritetlər üzrə inkişaf etdirilməsinə səy göstərir. Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş kimi dünya dövlətlərinin diqqətində olması, Avropanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynaması uğurlu xarici siyasətimizin nəticəsidir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan dünya birliyi ilə əməkdaşlığa regional çərçivədən başlasa da illər keçdikcə coğrafiyasını daha da genişləndirir. Ən əsası Azərbaycanın dövrün hər bir çağırışını zamanında dəyərləndirməsi uğurlarımızın davamlılığında öz sözünü deyir. Belə ki, Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə önəm verərək tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasına nail oldu. Dünya təcrübəsinə əsasən bu çağırışı etdi ki, təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividend qazandırdı, regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. 2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi” imzalandı. Bu mühüm saziş Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təsdiqi oldu.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, tarixən neft ölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan bu gün qaz və elektrik enerjisi ixracatçısına çevrilib. Ölkəmizin COP29-a ev sahibliyi onu göstərir ki, Azərbaycan özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanıdıb. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü işlər daha geniş auditoriyanın diqqətinə çatdırılacaq. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Bütün bunların fonunda Azərbaycanın COP29-a ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional, qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, son illər Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından böyük işlər görüb. 2023-cü ildə Azərbaycanda regionun ən böyük bərpaolunan enerji stansiyası istifadəyə verildi. Bu il Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin birgə iştirakı ilə Neftçala, Biləsuvar Günəş Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməli qoyuldu. Bu stansiyaların işə başlaması yaxın illərdə 10 min meqavat enerji istehsal edilməsinə şərait yaradacaq. Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirdi ki, bu, yalnız başlanğıcdır. Çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq üzərimizə düşən öhdəlikdir.

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsini icra etməkdədir. Bu layihənin uğurlu sonluqla başa çatmasından sonra Azərbaycan Avropanın əsas yaşıl enerji təchizatçılarından birinə çevriləcək. COP29-a ev sahibliyi bu prosesin davamıdır və ölkəmizin yaşıl enerjiyə keçid və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasına öz töhfəsini verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ev sahibliyi edən ölkə olaraq Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi tanınması, qlobal məsələlərin ölkəmizdə müzakirə edilərək ümumi mövqeyin ortaya qoyulması onun beynəlxalq nüfuzunun, eyni zamanda, hər bir sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir. COP29 Azərbaycanın beynəlxalq nüfuzuna yeni əlavələr edəcək, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə