Azərbaycan ordusu qürur mənbəyimizdir

“Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması-bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”. İlham Əliyev

Azərbaycan Milli Ordusu AXC-nin 1918-ci il 26 iyun tarixli fərmanı ilə yaradılıb və 1 avqust tarixində AXC-nin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edilib.Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etməyə nail olub. Milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım isə 26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması olmuşdur. Hər bir müstəqil dövlətin, xalqın əzmi, dayaq nöqtəsi və qüdrəti məhz onun ordusudur. Milli ordu dövlətin prioritet siyasəti olmaqla bərabər dövlətin və xalqın onurğa sütunu olaraq özündə vəhdəti, əmin-amanlığı, sarsılmaz qüdrəti, müdafiəni və qəhrəmanlığı simvolizə edir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövr milli ordu quruculuğu, ordunun vahid komadanlığa tabe olması, nizam-intizam, müasir hərb elminin tələblərinə cavab verməsi, ordunun qanunvericilik bazası, ordu haqqında qanunlar əsas mövzular olmuş və bu istiqamətdə xüsusi addımlar atılmışdır. Ulu Öndər Heydər Əliyev gələcəkdə azərbaycanın müstəqil olacağına daxilən inanmış və bunun üçün də Azərbaycanda milli hərbi kadrların yetişdirilməsi istiqamətində var qüvvəsi ilə çalışan şəxsiyyət olmuşdur. Azərbaycanlı gənclərin hərb elminə marağın artırılması üçün keçən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin təməlini qoydurmuş və eyni zamanda azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş komandanlıq və Bakı Ali Hərbi dənizçilik məktəblərinə güzəştli tələbə qəbul edilməsinə nail olmuşdur. Güclü siyasi iradəyə malik dahi şəxsiyyət Heydər Əliyevin ordu ilə bağlı 1992-ci ildən başladılan geniş miqyaslı islahatlarının nəticəsində Azərbaycanda ordu quruculuğu yeni mərhələyə qədəm qoydu.

Ulu Öndər Heydər Əliyev 1996-cı il fevralın 2-də Azərbaycan gənclər forumundakı çıxışında demişdir ki, “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həmdə ordunu daha qüvvətli edər. Ona görədə qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdənn ibarətdir”. Qeyd etmək lazımdır ki, müəyyən zaman kəsiyində maddi texniki təminatın yüksək standartlara uyğunlaşdırılması, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması, ordu sıralarında qulluq edən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsidir. 1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib vətarixi varislik ənənəsinə uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr Günü elan edilir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi kursunun davamçısı Ali baş komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi, mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında görür və hiss edir. Hər zaman dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətindəgörülən işlər ordumuzun gücünə əlavə güc qatır və bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi yüksək səviyyədədir. 21-ci əsrin Müzəffər Azərbaycan ordusunun quruculuq prosesi intensivləşir, daha da möhkəmlənir, müasirləşir, ordumuz təkmilləşərək intibah dövrünü yaşayır. Son illərə nəzər yetirdikdə görmək olar ki, Azərbaycanda müasir silah və texnika istehsal olunur. Xaricdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir və hava hücumuna qarşı ən müasir qurğular əldə edilib. Azərbaycan ordusunun ən güclü artilleriya qurğuları var və böyük dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir. Modernləşmiş Şanlı Azərbaycan ordusu ən son hərbi texnikalarla təchiz olunub və Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Qeyd olunan qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır.

Ölkə başçısı cənab İlham Əliyev vurğulamışdır ki, “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.Qeyd etmək lazımdır ki, ordu quruculuğu müstəqillik illərində də hər bir məsələdən öndə tutulur vəAzərbaycan NATO ilə əməkdaşlığa başlayır. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin inkişafına, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu və Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına və 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında yaxından iştirak edərək ən son hərbi yenilikləri öyrəndilər. Azərbaycan Ordusunun zabit və əsgərləri beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda, İraqdayüksək təcrübə qazanaraq öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi və əldə olunan yüksək peşəkarlıq sayəsində 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ordumuzun şanlı qələbəsi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.

Rauf Əliyev
Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə