MARİONETİN TUTUQUŞULARI - TƏHLİL

Çoxdandır ki, ermənilərin böyük əskəriyyəti erməni baş mazir Nikol Paşinyanı ələ keçirdikləri torpaqları itirməkdə günahkar hesab edirlər. Bununla belə, bir zamanlar əli sarıqlı, beli çantalı küçə nümayişçisini elə birbaşa küçədən hakimiyyətə daşıyan haylar arasında onun barəsində olan fikir, rəy heç də birmənalı deyil, fərqli fikirlər, fərqli yanaşmalar var və lakin zəbt etdikləri torpaları əldən verənin məhz Paşinyan olduğu qənaətində olanlar çoxluq təşkil edir. Amma reallıqları, həqiqətləri, doğruları deyil, məhz erməni baş nazirin fikirlərini eyni ilə daxili auditoriyaya sırıyanlar da var və onları Paşinyanın tutuquşu hesab edirlər. Nəzərə alsaq ki, Nikol Paşinyan özü elə Qərbin marionetidir, deməli, onları marionetin tutuquşuları adlandırmaq da olar.

Ermənistanın hakimiyyət komandası tutuquşuluq edir və bu da diqqətdən yayınmır

Bir məsələni diqqətə çatdıraq və nümunə üçün qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri, daha dəqiq desək, Gevork Papoyan da öz növbəsində Nikol Paşinyanı müdafiə etmək, daha doğrusu, ona yaltaqlanmaq niyyəti ilə erməni baş nazirin fikirlərini daxili auditoriyaya sırımaq fikrinə düşüb. Bunun üçün də təxəyyülünü işə salıb və ağlına gələni, daha doğrusu, Paşinyanın “ağlına gələni” və onun sözlərini danışmağa başlayıb. Eyni ilə erməni baş nazir hansı qənaətdədirsə, iqtisadiyyat naziri də eyni qənaətdə olduğunu nümayiş etdirməkdədir. Bir sözlə, həmin nazir elə ölkəsinin baş nazirinin fikirlərini olduğu kimi təkrarlamaqla, özünü tutuquşi kimi aparmaqdadır və bunun da ilk növbədə erməni cəmiyyətində rezonans doğurduğunu görürük. Bu da səbəbsiz deyil, çünki erməni baş nazirin özünü sudan quru çıxarmaq üçün dediklərini iqtisadiyyat nazirinin timsalında Paşinyanın hakimiyyət komandasının üzvlərinin eyni ilə təkrarlaması birinci və sonuncu hal deyil və Ermənistanın hakimiyyət komandasının belə tutuquşuluğunun davamlı xarakter alması diqqətdən yayına bilməz. Belə tutuquşuluq təkcə erməni cəmiyyətində deyil, hər yerdə açıq-aşkar görünür və heç şübhəsiz ki, ikrah hissi də doğurur.

Vovayeviçin mütəmadi olaraq, kimləri isə günahlandırmasına başda elə erməni cəmiyyəti olmaqla, hamı alışqandır və bütün dünya ictimaiyyəti bilir ki, onun məqsədi nəinki günahları, hətta bütün diqqəti belə üzərindən götürmək, hara isə istiqamətləndirməkdir. Sözsüz ki, bunun üçün qondarma respublikanın, əldəqayırma qurumun hakimiyyəti ən asan və sadə yol hesab olunub deyə, Paşinyanın birinci hədəfi elə həmin qondarma rejim və qurum olub. Doğrudur, üçtərəfli danışıqlarla hayları 44 günlük müharibədə daha böyük itgilərdən, daha böyük fəlakətdən xilas edən Kremli də, Rusiya prezidenti Vladimir Putini də, ümumilikdə rusları da günahkar bəlləməyi Nikol utanmadan özünə rəva bilib, amma onun üçün ölkəmizin ərazisində bir zamanlar özü-özünü elan etmiş qondarma qurumu, qondarma rejimi hədəfə almaq ən “qısa yol” hesab olunub deyə, matəmadi şəkildə “hər şeydə” günahı həmin “qondarmaların” üzərinə atmaqda davam edib. Məsələ burasındadır ki, onun belə “qısa yol” hesab etdiyi “yolu” hakimiyyət komandası da gedir və eynən Paşinyanın özünün fikirlərini, sözlərini həm daxili auditoriya qarşıdında, həm də harda oldu, harda gəldi təkrarlayır. Belə çıxır ki, həmin komanda sadəcə olaraq, tutuquşuluq edir. Əks halda, hər biri özünün subyektiv fikirləri ilə gündəmə gələrdi və Qərbin oyuncağı, aləti sayılan birinin dediklərini eyni ilə təkrarlamaqla marionetin tutuquşuları kimi tanınmazdılar.

Paşinyanın komandası hələ də günahkar axtarışındadır və buna görə hər yola da əl atır

Papoyanın timsalında Ermənistanın hakimiyyət komandasının əksəriyyət nümayəndəsi eynən Paşinyanın dediyi kimi bildirir ki, zəbt etdikləri ərazilər məhz qurumun keçmiş prezidentinin imzası ilə təslim olub, onun imzası ilə bütün dövlət orqanları da buraxılıb. Yəni, bu boyda qələbəmizi də, bu qədər rüsvayçı məğlubiyyətlərini də ört-basdır etmək üçün hər yola əl atılır. Hətta Papoyan onu da xüsusilə vurğulayır ki, bütün olanlar keçmiş prezident məhz prezident olduqdan cəmi 10-15 gün sonra baş verib. Amma bu qədər qısa zaman fasiləsi üçün belə ittihamı edənlər az deyillər. Məsələ burasındadır ki, eyni zamanda Ermənistanın əvvəlki prezidentləri də hədəfə alınır. “Keçmiş prezidentlər arasında on illik danışıqlar yalnız Dağlıq Qarabağ və ətraf ərazilərin nə vaxt və necə təslim ediləcəyi ilə bağlı olub”, deyə Gevorq Papoyan açıq şəkildə ittihamla çıxış edir. Bizim Ermənistanın hansısa prezidentinə, eks prezidentinə, baş nazirinə haqq qazandırmaq, hansını isə müdafiə etmək kimi bir niyyətimiz əsla yoxdur, amma Paşinyanın absurd fikirlərini tutuquşu kimi təkrarlayanları görməmək də olmur. Hər halda, bunu bizimlə yanaşı, bütün dünya ictimaiyyəti də görür və insanlar onların tutuquşuluğu ilə bağlı eyni qənaətdədirlər.

Ola bilsin ki, Papoyan kimilər sadəlövhcəsinə erməni xalqının qısa, müvəqqəti yaddaşa sahib olduğuna ümid bəsləyirlər. Ancaq, unudurlar ki, haylar da hər şeyi “lazım olduğundan da artıq dərəcədə” xatırlayırlar, eyni zamanda, bütün dünya ictimaiyyəti də reallığın nədən ibarət olduğunu yaxşı başa düşür, yaxşı bilir. Hazırki Ermənistan hakimiyyətinin, iqtidarının necə qorxaq olduğunu, müxalifətin mövqeyindən, qərarından necə çəkindiyini, daxili auditoriyaya hesablanan qorxaq bəyanatları insanlar çox yaxşı başa düşür, çox aydın şəkildə görürlər. Görürlər ki, Paşinyan özü də, komandası da reallıqları etiraf etmək, həqiqətin gözünə dik baxmaq, doğru olan yolu seçmək əvəzinə, qorxudan, ancaq özünü, öz hakimiyyətini müdafiə etmək üçün günahkar axtarışında, kimləri isə günah keçisi qələminə verməkdədir. Bunun üçün tutuquşuluq da edilir, lazım gələndə hər yola da əl atılır.

Marionetin tutuquşusu rolunda çıxış etmək ikrah hissindən başqa heç bir hiss doğura bilməz

Bəli, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə il bundan əvvəl rəsmən bəyan etdi. Təkzibedilməz fakt ondan ibarətdir ki, 2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin bildiyimiz həmin o Zirvə toplantısında məhz Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə sənəd imzalayıb və həmin sənəd Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyən sənəddir. Yaxşı, sual oluna bilər ki, indi Paşinyan da, onun tutuquşuları da nəyin axtarışındadırlar? Onlar nəyin günahkarını axtarırlar? Ümumiyyətlə, nəyə görə günahkar axtarırlar? Axı Nikol Paşinyan əvvəla reallığı etiraf edib, reallığı təsdiq edən sənədi imzalayıb. Vovayeviç, buna görə erməni cəmiyyətindən, erməni müxalifətindən niyə qorxmalıdır ki, özünü “təmizə çıxarmaq” üçün kimi isə günah keçisi kimi bəlləsin və tutuquşuları da onun dediklərini təkrarlasınlar? Digər tərəfdən də, axı erməni baş naziri Nikolun başqa çıxış yolu qalmışdımı ki, indi tutuquşuları ilə birgə “seçimdə” günahkar axtarışındadırlar? Əsrin üçdə birinə qədər müddət ərzində ərazilərimizi işğal altında saxlayan Ermənistan tərəfi deyildimi? Qondarma rejim də, əldəqayırma hökümət də rəsmi İrəvana sığınmırdımı və separatçıların arxasında işğalçı ölkənin hakimiyyəti, erməni lobbisi, şovinistlər deyildilərmi? Uydurma, gülünc olan “Böyük Ermənistan” xülyası ilə ərazilərimizə soxulub, işğal və zəbt edənlərin kimlər olduğunu, kimlərin də onların dəyirmanına su tökdüyünü təkcə biz yox, dünya ictimaiyyəti də bilmirmi? İndi nə ortalığa düşüb tutuquşuluq edirlər? Kim kimin oyuncağı, marioneti olduğunu bilmirikmi və indi eyni fikirlər səsləndirməklə, Qərbin marionetinin tutuquşusu rolunda çıxış etmək ikrah hissindən başqa daha hansı hissi doğura bilər? Əlbəttə ki, başqa heç bir hiss doğura bilməz və istənilən halda bunun nə dərəcədə gülünc olduğu göz önündədir.

Marionetin tutuquşuları arasında Ermənistanın hüdudlarından kənarda olanlar da var və onların heç biri həqiqətləri etiraf etmirlər

Qondarma rejimin heç bir statusunun olmamasını, əldəqayırma hakimiyyəti Ermənistanın baş naziri öz ifadələri ilə, Qarabağın məhz Azərbaycan ərazisi olması və ölkəmizin ərazi bütövlüyünü etiraf etməsi ilə təsdiq etdi. İndi bizim, ümumilikdə bütün dünya ictimaiyyətini müşhaidə etdiyi nədir? Müşahidə olunan odur ki, ümumilikdə erməni xalqı qarşısında əsl həqiqətin nədən ibarət olduğunu etiraf etmək əvəzinə, Gevorq Papoyan kimilərinə yalan ifadələr səsləndirilməsi, günahkarın kimlərsə olduğunu deməsi tapşırılır. Yəni bütün dünya ictimaiyyətinin gözü qarşısında Papoyan kimiləri də Nikol Paşinyanın tutuquşusu olmaq üçün əl-ayağa düşməkdədir.

Nikol Paşinyanın, eləcə də onun Ermənistanın baş naziri olmasının məhz Qərbin layihəsi olduğunu hər kəs yaxşı bilir, çünki artıq bu heç də sirr deyil. O da sirr deyil ki, Qərb məhz Nikolun əli ilə, Ermənistan vasitəsi ilə Cənubi Qafqaza “soxulmaq” niyyətindədir və erməni baş nazir əmr qulu kimi çıxış edir. Bütün bunların da fonunda Vovayeviçin bir marionet kimi davrandığı da göz önündədir və heç də nəzərdən yayınmır. Bununla belə nəzərdən yayınmayan həm də odur ki, təkcə Paşinyan hakimiyyəti daxilində deyil, məsələn, Fransa XİN rəhbəri Stefan Sejurne kimi, Avropanın düz mərkəzindən gələn, Fransa kimi bir dövlətin siyasətçiləri arasında olan, ABŞ kimi bir ölkə təmsilçiləri sarasında sayılan bir çoxları da Nikol adlı marionetin fikirləri ilə çıxış edirlər. Deməli, onlar özləri də məhz marionetin tutuquşuları kimi özlərini aparırlar. Belə çıxır ki, marionetin tutuquşuları arasında Ermənistanın hüdudlarından kənarda olanlar da var. Onların heç biri həqiqətləri etiraf etmirlər. Heç biri iki ölkə arasında sülh danışıqlarının baş tutmasına, ümumiyyətlə, Cənubi Qafqazda sülh və əminamanlığın təmin edilməsinə çalışmırlar. Eyni ilə Qərbin tapşırığı ilə marionetə çevrilən Paşinyanın tutuquşusu kimi çıxış edirlər. Əks halda, işğalçı ölkənin silahlandırılması, hərbi dəstək verilməsi, revanşistlərin ruhlandırılması üçün deyil, ikitərəfli danışıqların reallaşması üçün çalışardılar və hansısa mif, hansısa cəfəngiyyat barədə mövqe bildirməz, günahkar axtarışına, günah keçisi axtarışına çıxmazdılar…

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə