Şuşa Bəyannaməsi Azərbaycanın siyasi uğurlarının bariz nümunəsidir

Azərbaycan ilə Türkiyə münasibətlərinin ali səviyyəsini özündə əks etdirən Şuşa Bəyannaməsi, ölkələrimiz arasındakı dostluğun, qardaşlığın, vəhdətin dünyaya nümayişidir. Ölkələrimiz arasında münasibətlər hər bir sahə üzrə dinamik şəkildə inkşaf edərək ən ali səviyyəyə çatmışdır. Azərbaycanla Türkiyə arasındakı münasibətlərin inkşaf etməsi və ali səviyyəyə çatması cənab İham Əliyevin və qardaş Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uğurlu və müdrik siyasətin bariz nümunəsidir.

Vətən müharibəsi başlanan gündən qardaş Türkiyə Azərbaycana qarşı birmənalı olaraq açıq şəkildə dəstəyini ifadə etdi və müharibənin ilk günündən Türkiyə öz mövqeyini bildirərək Azərbaycanın tək olmadığını bildirməsi ölkələrimiz arasında qardaşlıq və dostluğun yüksək qiymətləndirilməsini bir daha sübutu idi. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını, dostluğunu bütün dünyaya bildirən bir hüquqi sənəddir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan arasında 15 iyun 2021-ci il tarixində imzalanan Şuşa Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu və Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasında dostluğun, qardaşlığın yeni tarixi mərhələsinə qədəm qoymasından xəbər verir.

Şuşa Bəyannaməsi imzalanarkən cənab İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir”.

Şuşa Bəyannaməsinin ortaya qoyduğu digər mühüm məsələlərdən biri də xaricdə yaşayanAzərbaycan və Türk icmaları arasında informasiya mübadiləsini yüksəltmək eyni zamanda diplomatiksəyləri birləşdirməkdir. Eyni zamanda ölkələrimiz arasında beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması, diaspor sferası, qarşılıqlı əlaqələrin birgə genişləndirilməsinə zərurət yaranıb və bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan məsələlər də Şuşa Bəyannamədə öz əksini tapıb.

Hər iki dövlətin münasibətlərinə tarixən nəzər saldıqda Azərbaycan və Türkiyə arasındakı münasibətlər sıradan bir dövlətlərarası əlaqədən daha çox dostluq, qardaşlıq və dərin tarixi bağlılıqla xarakterizə etmək olar. Azərbaycan və Türkiyənin bir-birinə olan yaxınlığı tarixin, mədəniyyətin, dilin, dinin və mənəvi-milli maraqların harmoniyasından irəli gəlir. Ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri əsrlərlə formalaşmış və hər iki xalqın ortaq mənəvi, mədəni dəyərlərini əks etdirən bir əlaqə nümunəsinə çevrilmişdir. Tarixi əlaqələr, hər iki ölkənin beynəlxalq arenada daha güclü mövqe tutmasına və regionda sülhün, sabitliyin təmin olunmasına xidmət edir.Ölkəmizin Türkiyə ilə olan strateji müttəfiqliyi regionda digər dövlətlərin də bu əməkdaşlığı nəzərə almasını zəruri edir və hər iki ölkənin maraqlarının qorunmasına xidmət edir. Qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi ölkələrimiz arasında müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması gələcəkdə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə