"COP29 Azərbaycanda indiyə kimi keçirilən ən böyük tədbirdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29 tədbiri 29-cu tədbirin keçiriləcəyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, bu tədbir BMT-nin iqlim dəyişikliyi konfransıdır, COP adlanır: "COP-un əsas məqsədi Paris sazişinin tələbi olaraq dünyada karbon (CO2) qazının miqdarının sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Yəni indiki qazanxanalardan karbon qazının yayılması, atmosferə qalxması ciddi fəsadlar törədir. Ona görə də son dövrlər iqlimdə çox böyük dəyişikliklər var, həddindən artıq istilər keçir. Atmosfer çirklənir. Buna qarşı da çox böyük mübarizə aparılır. Həmin iqlim dəyişikliyi ilə bağlı məsələ, COP məsələsi budur.

BMT-nin bu sazişini BMT-nin üzvü olan 199 ölkə imzalayıb. Bu ölkələr Çərçivə Konvensiyası imzalayıblar. Tədbirdə həmin ölkələrin nümayəndələri iştirak edə bilərlər. Bizim bu tədbirə ölkənin 199 ölkəsindən 70-80 min nümayəndə heyətinin gəlməsi gözlənilir. Bu, Azərbaycanda indiyə kimi keçirilən ən böyük tədbirdir. Çünki Azərbaycan Avropa oyunlarına, digər böyük tədbirlərə ev sahibliyi edib. Ancaq bu Azərbaycan tarixində ilk ən böyük və ən geniş tədbir olacaq".

"Birincisi, Azərbaycan artıq dünyada tanınan böyük ölkə olmasa da, öz iqtisadiyyatı, siyasətinə, son illər apardığı doğru siyasətinə görə dünyada tanınan ölkəyə çevrilib. Azərbaycan bir çox tədbirlərə ev sahibliyi edir. Bu, Azərbaycan imicinə çox böyük müsbət təsir göstərir. Xarici qonaqlar Azərbaycanı yaxından görür, tanıyır. Bu da Azərbaycanın təbliğatı üçün çox vacib önəm daşıyır. Azərbaycanın bu tədbiri keçirməsində əsas maliyyə dəstəyi özü edir. Digər sponsorlar da, qeyri-hökumət təşkilatları da bu sahədə iştirak edirlər. O cümlədən də Birləşmiş Millətlər Təşkilatı da maliyyə yardımı göstərir.

COP29 bizə nə qazandırır sualı versək, qazanmaq deyəndə birbaşa qazanc yoxdur. Ancaq həmin nümayəndələr gəlib burada iştirak edirlər. Noyabrın 11-dən 22-sinə qədər davam edən tədbirdə bu qədər nümayəndələr Azərbaycanda, Bakıda olacaqlar. Gecə-gündüz qalacaqlar, ekskursiyaya gedəcəklər. Yəni Azərbaycan həqiqətlərini görəcəklər və Azərbaycanın daha da tanınmasına yardımçı olacaqlar. Bizim qazancımız bunlardır. Biz bu tədbirdən pul qazanmaq məqsədi güdmürük. Eyni zamanda tarixə düşür ki, Azərbaycan belə böyük bir tədbiri keçirir.

Bu il, 2024-cü il yaşıl dünya naminə həmrəylik ili elan edilib. Artıq azad olunmuş Qarabağ ərazisində ancaq yaşıl enerjidən istifadə olunması haqqında ciddi tədbirlər görülür. Yəni qazdan, neft yanacağından buxarlanan qazlar atmosferə çökür, bu da əhalinin zəhərlənməsinə, havanın çirklənməsinə səbəb olur. Ona görə də bu ili yaşıl dünya naminə həmrəylik ili elan etmişik. Bu sahədə də çox ciddi tədbirlər görülür. Ona görə də hesab edirəm ki, bu tədbiri Azərbaycan digər tədbirlər kimi yüksək səviyyədə keçirəcək. Azərbaycan ictimaiyyəti bu tədbirin keçirilməsini dəstəkləyir, alqışlayır. Hesab edirəm ki, bu tədbirdən sonra da Azərbaycanın müsbət imici daha da yüksələcək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə