“Xalq Ümummilli Lider Heydər Əliyevə inanırdı” - ŞƏRH EDİLDİ

“1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edilsə də, daxili və xarici siyasət qarşısında dayanan ən vacib vəzifələri biri-birini əvəz edən iqtidarlar həll edə bilmədilər. 1993-cü ildə ölkə ümumi böhrana düşdü. İqtisadiyyat bərbad halda idi, dövlət idarəçiliyi iflic vəziyyətə salınmışdı, hakimiyyətin qanadları arasında rabitə pozulmuşdu, intriqalar hökm sürürdü. Həmçinin mülki hakimiyyət ilə hərbi hakimiyyət arasında böhran yaranmışdı, hakimiyyət ilə xalq arasında isə böyük uçurum meydana gəlmişdi. Problemləri həll edə bilməyən hakimiyyətə xalqın inamı qalmamışdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat bildirib ki, sözügedən şəraitdə təcavüzkar Ermənistan Azərbaycan ərazilərini biri-birinin ardınca işğal edirdi, məcburi köçkünlər artırdı: “Bütün bunlar azmış kimi xaricdən dəstəklənən separatçılıq ölkənin şimalında və cənubunda genişlənirdi. Kəlbəcərin işğalından sonra Gəncədə hərbi qiyam baş verdi, nəticədə Azərbaycanın dövlət müstəqilliyi itirilmək, vətəndaş müharibəsi, ölkə parçalanmaq təhlükəsi qarşısında dayandı. Belə bir şəraitdə sabaha ümid yox idi, hakimiyyət çıxış yolu tapa bilmirdi.

Xalqın tələbi ilə iqtidar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalqın dərin inamına görə, Azərbaycanı bu vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilərdi. Xalqın inamı Heydər Əliyevin 1970-ci illərdə Azərbaycanda gördüyü işlərlə və Naxçıvanda qəbul etdiyi qərarlar, fəaliyyəti ilə əlaqədar idi. Xalq Heydər Əliyevə inanırdı.

Bakıya gələn Ulu Öndər qiyamın baş verdiyi Gəncəyə getdi, şəraitlə yerində tanış oldu, geri döndükdən sonra Milli Məclisin sədri seçildi. 15 iyun Azərbaycan Müstəqillik tarixində dönüş anıdır. Hakimiyyətə gələn Heydər Əliyev bərbad halda olan ölkəni yenidən qurmalı, dağılmaqda olan dövləti qurmalı, ordu yaratmalı, inkişafın açarını tapmalı və əraziləri Ermənistanın işğalından qurtarmaq üçün dövləti və milləti hazırlamalı idi. Buna görə də Heydər Əliyev Horadiz əməliyyatı ilə düşmənə ilk zərbəni vurdu. Bir sıra ərazilər azad edildi, bundan sonra isə atəşkəsə gedildi, “Əsrin Müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın inkişafının açarı oldu. Azərbaycanın düşmənləri olan qüvvələr sui-qəsd, terror aktları həyata keçirdilər, 1994-cü ilin oktyabrında dövlət çevrilişi, 1995-ci ilin martında isə qiyam törətdilər. Bütün bunların heç biri Heydər Əliyevi yolundan döndərə bilmədi. Ulu Öndər 1995-ci ildə Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilməsinə nail oldu. Bu konstitusiyanın memarı onun özü idi. Bununla da Azərbaycan islahatlar dövrünə qədəm qoydu. Bu dövrdə Ulu Öndər ilk dəfə olaraq, ölüm hökmünü ləğv etdi, bildirdi ki, Allahın insana verdiyi ömrü ancaq Allah ala bilər. 1993-2003-cü illər Azərbaycanın yeni mərhləyə hazırlaşması illəri oldu. Bu il 15 iyunu Azərbaycan xalqı dövlət müstəqilliyinin bütün ölkə ərazisində tam təmin edildiyi bir şəraitdə bayram edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə