“15 iyundan başlanan Azərbaycanın yeni həyatı ölkəmizin inkişafında mühüm rol oynadı“ - DEPUTAT DANIŞDI

“15 iyundan başlanan Azərbaycanın yeni həyatı ölkəmizin inkişafında mühüm rol oynadı“ - DEPUTAT DANIŞDI

“XX əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində SSRİ adlanan nəhəng bir imperiya çökməyə başladı və zorla SSRİ-nin tərkibinə daxil edilən xalqlar öz müstəqilliklərini elan etməyə başladılar. 1991-ci ilin oktyabrında Azərbaycan da öz dövlət müstəqilliyini bərpa etdi. Amma təəssüflər olsun ki, xalq olaraq müstəqilliyin şirinliyini dada bilmədik. Ölkə daxilindəki hərc-mərclik, hakimiyyət uğrundakı mübarizə, ən əsas isə ermənilərin Azərbaycana ərazi iddiaları və Qarabağı Azərbaycandan qoparmaq üçün hazırlanmış planlar Azərbaycanı ağır vəziyyətə saldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, xalq və yeni yaranmaqda olan ordu öz torpaqları uğrunda mübarizə aparmağa çalışsa da, Qərb Ermənistanı daha da münaqişəyə qızışdırdı: “XX əsrin 80-ci illərinin sonlarında yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycan adlandırılan Azərbaycan torpaqlarından ağır vəziyyətdə qovuldu, əmlakları əlindən alındı. Qərbi Azərbaycandan sonra bu proses Azərbaycan Respublikasının ərazisinə keçdi və burada Qarabağ ətrafında vəziyyət ağırlaşdı. Belə ki, Azərbaycanın gələcək taleyi belə şübhə altına alındı. Buna görə də 1993-cü ildə Gəncədə olan qiyam Azərbaycanı daha da ağır vəziyyətə saldı.
O zaman Ali Məclisin sədri kimi fəaliyyət göstərən Ümummilli Lider Heydər Əliyev Naxçıvanı bütün çətinliklərdən qoruya bildi. Xalq və o zamankı iqtidar Heydər Əliyevdən Azərbaycana gəlib, ölkəmizi idarə etməyi və ağır bəlalardan qurtarmağı xahiş etdi. Buna görə də 1993-cü ilin iyun ayında Ulu Öndər gəldi, Gəncədəki vəziyyətlə tanış oldu. Nəhayət, iyunun 15-də Azərbaycan Ali Soveti Heydər Əliyevi Ali Məclisin sədri kimi təsdiq etdi. Beləliklə, Azərbaycanın dağılma təhlükəsi aradan qalxdı.
15 iyun Qurtuluş Günüdür, biz həmin gün ölkəmizi məhv olmaq təhlükəsindən qurtardıq. Bu mənada 15 iyundan başlanan Azərbaycanın yeni həyatı ölkəmizin inkişafında mühüm rol oynadı”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə