İzmirdə “Qərbi Azərbaycana dönüşün Türkiyə və Azərbaycan mediasında təbliği” mövzusunda forum keçirilib. Bu barədə SİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin İzmir şöbəsinin ev sahibliyində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və “3-cü Sektor” İctimai Birliyi tərəfindən təşkil olunan forum şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Forumda TADEF-in üzvü, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna çıxış edib. Daha sonra Kommunikasiya İdarəsinin bölgə müdiri Çengiz Kutlu Yüksel, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, layihə rəhbəri, "3-cü Sektor" İB-nin rəhbəri, Qarabağ qazisi Nahid Canbaxışlı, 24-cü çağırış TBMM-in Ədalət və İnkişaf Partiyasından millət vəkili, Türk İnternet Media Birliyinin rəhbəri Rıfat Sait çıxış edərək tədbirin postmünaqişə dövründən sonra Prezident İlham Əliyev tərəfindən gündəmə gətirilən Qərbi azərbaycanlıların hüquqlarının təmini və onların vətənlərinə dönməsi prosesinin gündəmdə tutulmasına vəsilə olacağına inandıqlarını dilə gətiriblər.
Forumun ikinci panelində Professor Toğrul İsmayıl, araşdırmaçı-jurnalist Nigar Ögeday, TADEF sədr müavini Settar Kaya çıxış edərək Qərbi Azərbaycan anlayışı və həqiqətləri, eləcə də Azərbaycanın haqlı tələbləri barədə fikirlərini bildiriblər.
Tədbirdə Ədalət və İnkişaf Partiyasının İzmir millət vəkili Şəbnəm Bursalı və Milliyyətçi Hərəkat Partiyasının İzmir millət vəkili Tamer Karaosmanoğlunun forum iştirakçılarına təbrik məktubları oxunub.
İzmir ziyarəti çərçivəsində TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə nümayəndə heyəti ilə birlikdə İzmir Qarabağlar Bələdiyyəsinin sədri Emine Helil Kınayı və Bornova kaymakamı Muzaffer Şahinerlə görüşüb. Onlara İzmir Forumu və TADEF-in fəaliyyəti barədə məlumat verib, xatirə hədiyyələri təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB