Azərbaycanın Müstəqillik Günü Qahirədə də qeyd edilib - FOTOLAR

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə Qahirənin “Sofitel Gazerah” otelində rəsmi qəbul təşkil edib. Tədbirdə Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi A.Musa, Misirin sabiq Baş naziri E.Şaraf, bu ölkənin ictimai-siyasi xadimləri, dini konfederasiyaların nümayəndələri, Misir parlamentinin yuxarı və aşağı palatalarının üzvləri, nazirliklərin təmsilçiləri, iş adamları, jurnalistlər, müxtəlif universitetlərin rəhbər və müəllim heyəti, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Səfirlikdən SİA-ya bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi haqqında məlumat verib. O, 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilmiş ilk demokratik respublikanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqımızın gələcəyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb. Səfir 2024-cü ilin müstəqilliyimizin 106-ci ildönümünü ilə yanaşı, Azərbaycanın Misirdə diplomatik nümayəndəliyinin açılmasının 30 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb, bununla əlaqədar səfirliyimiz tərəfindən bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Səfir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu il ilk dəfə olaraq əlamətdar tarixi – milli bayramı Azərbaycan Respublikasının bütün əraziləri üzərində tam bərpa olunmuş suverenlik şəraitində qeyd edir.

Misirlə Azərbaycan arasında dostluq münasibətlərinə toxunan E.Poluxov bu əlaqələrin çoxəsrlik tarixə malik olduğunu qeyd edib, son illər yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirildiyini xatırladıb. O əlavə edib ki, bu səfərlər ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar yaradır. Səfir, həmçinin Misir ilə Azərbaycan arasında regional və beynəlxalq miqyasda əməkdaşlıq məsələlərinə toxunaraq qeyd edib ki, cari ildə Azərbaycan COP29 iqlim konfransına ev sahibliyi edəcək. O, bu mühüm tədbirin yüksək səviyyədə təşkil ediləcəyini əminliklə söyləyib və əlavə edib ki, Misir tərəfi ilə bu vacib tədbirin təşkili məsələsində təcrübə mübadiləsi aparılır. “Bu əməkdaşlıq ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyəsini nümayiş etdirir”, -deyə diplomat qeyd edib.

Sonra tədbirdə iştirak edən qonaqlara digər mətbəxlərlə yanaşı, Azərbaycan şirniyyatları da təqdim edilib, Azərbaycan musiqisi səsləndirilib.

Tədbir bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə