28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Azərbaycan Milli Tarix Muzeyi ərazi partiya təşkilatının birgə əməkdaşlığı çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirdə çıxış edərək, 106 il əvvəl Azərbaycan xalqının tarixinə əbədi yazılan 28 may gününün möhtəşəm hadisələrdən biri olduğunu, xalqımızın həmin günü tariximizə həkk edənləri ehtiramla xatırladığını bildirib.O, qeyd edib ki, Cümhuriyyət ənənələrini yaradan insanların arzularını həyata keçirən müasir Azərbaycan dövlətinin qarşısında duran vəzifələr heç də asan olmayıb. Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyətin süqutundan sonra xalqımızın qəlbindəki azadlıq şöləsi sönməyib. Nəhayət, 1991-ci ildə xalqın iradəsi ilə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Cümhuriyyətin varisi olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Ümummilli Liderin möhkəm təməllər üzərində qurduğu dövlətimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti ilə inkişaf edir.

Daha sonra Azərbaycan Milli Tarix Muzeyinin direktoru, Akademik Nailə Vəlixanlı bildirib ki, Cümhuriyyət dövründə sərhədlərimiz müəyyən edildi, ordumuz formalaşdırıldı, ən əsası isə Azərbaycan dili dövlət dili elan edildi.

AMEA A.Bakıxanov adına Tarix institunun elmi işlər üzrə direktor müavini Tarix üzrə fəlsəfə doktoru, Professor Cəbi Bəhrəmov, Cümhuriyyətin nece çətin və şərəfli yollar keçərək qurulduğunu, bu əlamətdar günün hər bir Azərbaycanlı üçün qürurverici olduğunu qeyd etdi

Azərbaycan Milli Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini, Tarix üzrə elmlər doktoru, Fərhad Cabbarov öz çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev cümhuriyyətə böyük dəyər verirdi və hər il 28 may günü xüsusi olaraq qeyd olunurdu. Hansı ki, bu ənənə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də davam etdirilir və 2018-ci il Cümhuriyyətin 100 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. Bu da bir daha Azərbaycan Dövləti və Dövlət Başçımızın tariximizə verdiyi qiymətin göstəricisidir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə