Azərbaycan Prezidenti Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb - ŞƏRH

Bəli, artıq İkinci Vətən müharibəsinin qələbəsindən üç il yarıma yaxın vaxt ötür. Üç il yarım o qədər də böyük zaman kəsiyi deyil. Lakin bu qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca möhtəşəm və genişdir. Görünən odur ki, cəmi 44 günə torpaqlarımızı azad edən Qalib Liderimiz Prezident İlham Əliyev ermənilərin viran qoyduğu yurd yerlərimizi sürətlə cənnətə çevirir. Azərbaycan Prezidenti "Dəmir Yumruğ"un gücü ilə 44 günlük zəfər qələbəmizdən keçən cəmi üç il yarım ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb, genişmiqyaslı layihələr icra olunur. Şuşaya Zəfər yolu, Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, dini-tarixi abidələr bərpa olunur. İnfrastruktur layihələri icra olunur. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır. Cəmi üç il yarım öncə Vətən müharibəsi başlayanda İlham Əliyev xarici KİV-ə verdiyi müsahibələrdə qətiyyətlə, inamla deyirdi ki, işğaldan azad edilmiş torpaqlar yenidən qurulacaq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Yeni-yeni infrastrukturlar yaradılacaq. Artıq bu gün verilən vədlər reallaşır, ölkəmiz üçün yeni bir dövr başlanıb. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda siyasi münasibətlər sahəsində də müsbət meyillər güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Bütün bunları isə Qalib Liderimiz, Prezident İlham Əliyev cənablarının siyasi iradəsinin göstəricisidir. Təsadüfi deyil ki, keçdiyimiz üç il yarıma yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Çünki bu torpaqların sahibləri xalqımızdır. Və ən əsası isə Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. Belə ki, ötən il üçün dövlət büdcə layihəsinə əsasən, Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat ayrılmışdır. 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat olmuşdur. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu isə bir daha onu göstərir ki, Qalib Liderimizin məqsədi tezliklə Qarabağın bərpasına nail olmaqdır. Göründüyü kimi, günümüzün reallığı deməyə əsas verir ki, regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir və Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Və arzuları gerçəyə çevirəcək Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək və bu nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir və Azərbaycan düzgün yoldadır, uğurlu gələcəyə inamla addımlayır.

Bir sözlə, Prezident İlham Əliyev verdiyi vədlərinə əməli ilə sübut edir və bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Xüsusilə də, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ihğaldan azad olunmuş torpaqlara səfərləri, səfərlər zamanı yeni müəssisələrin təməlinin qoyulması, açılışların edilməsi bütövlükdə dövlətimizin iqtisadi gücünün göstəricisidir. Dövlət başçımız çıxışlarında da bir daha vurğulayır ki, istər bu gün, istərsə də 44 gün davm edən müharibədə sübut etmişik ki, bizim iradəmizə heç kim təsir edə bilməz: "Bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik".

Bəli, dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Prezident indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib, bu sözünə də əməl edəcəkdir. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi. Və bu gün bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki bu torpaqların sahibləri bizik – qurub- yaradan Azərbaycan xalqıdır. Görülən işlər də göz qabağındadır.

Bəli, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Qarabağımız cənnət məkana çevrilməklə yanaşı, 30 il torpaq həsrətində qalan soydaşlarımız öz dədə-baba yurdlarına qayıdır. Bütün bu görülən işlər onu deməyə əsas verir ki, xalqımızın rifahı daha da yaxşılaşacaq, ölkəmizin qüdrəti yüksələrək Qarabağımız daha yenidən dirçələcək! .Və həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət bir daha onu göstərir ki, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" də Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olmaqla yanaşı ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bu gün davam edən təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu göstərir. Azərbaycan Prezidenti qəti olaraq o qənaətdədir ki, inkişafın bütün sahələri əhatələməsi üçün sağlam insan konsepsiyasına sadiq qalınması, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf zərurətdir. Və Prezident İlham Əliyevin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmağı milli prioritet kimi müəyyən etməsi əslində həm də Azərbaycanın növbəti dəfə beynəlxalq hüquqa sədaqəti, o cümlədən beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə vicdanlı yanaşmasının ideal ifadəsi idi. Məhz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, "beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir". Beləliklə, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də öz növbəsində dünyada bir ilkdir və dövlətimizin başçısı İlham Əliyevin qlobal Lider kimi məsələyə necə və haradan yaxınlaşmaq bacarığını və prosesi uğurlu məcraya yönəldə biləcəyini göstərir.

Sonda dövlət başçımızın xalqa müraciətində dediyi kimi: "Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir".

Bir sözlə, bu gün ölkənin qalib və qürurlu vətəndaşı olaraq Qalib Liderimizin yaratdığı Azərbaycanımızla qürurlanılırıq və Azərbaycana qarşı istənilən təxribat, hücum "Dəmir yumruq"la əziləcək, məhv ediləcəkdir. Çünki bu gün biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz!..

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə