Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır - ŞƏRH

Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır - ŞƏRH

Prezident İlham Əliyev: "Mədəniyyətlərarası dialoq ciddi şəkildə təşviq edilməlidir"

May ayının 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Forumda çıxış edən ölkəmizin başçısı əsrlər boyu Azərbaycanın mədəniyyətlərin qovuşduğu məkan olduğunu, Azərbaycanda yaşayan insanların, müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşadığını bildirib. Ölkəmizin müstəqilliyin ilk illərində çox çətinliklər yaşadığını qeyd edən İlham Əliyev bildirib ki, biz bu vəziyyətdən çıxa bildik. O zaman işğalın, iqtisadi və sosial çətinliklərin olduğunu diqqətə çatdıran ölkə başçısı, hətta Azərbaycanı parçalamaq cəhdlərinin olduğunu bildirib. Prezident deyib ki, bütün bunlar Azərbaycan xalqının həmrəyliyini, birliyini sınağa çəkdi: "Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi. Əlbəttə ki, bu kontekstdə dini rəhbərlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Elə sizin də müzakirə edəcəyiniz məsələlərdən biri bununla bağlıdır. Forumda yüzdən artıq dini nümayəndə iştirak edir. Əminəm ki, onlar qarşılıqlı anlaşmanın və hörmətin gücləndirilməsinə töhfə verəcəklər".

Azərbaycanda mədəniyyətlərarası dialoqun güclü şəkildə təşviq edildiyini diqqətə çatdıran İlham Əliyev ölkəmizdə çoxsaylı tədbirlərin təşkil edildiyini, bunların əksəriyyətinin dinlərarası dialoqla bağlı olduğunu bildirib.

Müzakirə olunacaq məsələlərdən birinin də çoxtərəflilik olduğunu, bu istiqamətdə Azərbaycanın öz təcrübəsini göstərdiyini deyən dövlətimizin başçısı, ölkəmizin qəti şəkildə çoxtərəfliliyə sadiq olduğunu bildirib. Prezident vurğulayıb ki, Azərbaycan dövləti çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər yetərincə təşviq edib: "BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil qərarımız oldu, sədrliyimiz yekdil qərarla əlavə bir il də artırıldı. Təbii ki, Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz Azərbaycan tərəfindən yaradılıb".

Pandemiyanın bütün ölkələrə təsir göstərdiyinə diqqət çəkən İlham Əliyev deyib ki, Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı və ucaltdı. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi zamanı peyvənd milliyyətçiliyinə qarşı mübarizə apardığını qeyd edən ölkəmizin başçısı ölkəmizin Baş Assambleyada bununla bağlı təşəbbüskar olduğunu deyib.

Azərbaycanın yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə apardığını deyən dövlətimizin başçısı xüsusi vurğulayıb ki, Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Prezident deyib ki, biz imkan verə bilmərik ki, XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın: "Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır".

Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildiyinə diqqət çəkən İlham Əliyev deyib ki, iqlim dəyişmələrinə aid olan məsələlərə maliyyə vəsaiti, həmrəylik və qarşılıqlı etimad lazımdır. Prezident deyib ki, heç kim bir-birini günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. İlham Əliyev bildirib ki, əgər ölkələr bu davranışı davam etdirsə, onda bunun sonu faciə olacaq.

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə